Başqa xalqlardan üzr istəmək sözsüz ki, böyük dövlətlərə və xalqlara xas keyfiyyət, eyni zamanda siyasi mədəniyyət nümunəsidir. Təbii ki, bunun yeri varsa. Necə ki, alman dövləti vaxtilə nasist Almaniyasının vəhşiliklərinə görə yəhudilərə münasibətdə bunu etdi. Son olaraq isə ABŞ prezidenti Barak Obama Xerosima və Naqasakiyə endirilən atom zərbələrinə görə yaponlardan üzr istədi – Yaponiyadaca, gec də olsa.
Ancaq bununla nə alman xalqı kiçildi, nə də ABŞ dövlətinin xəncərinin qaşı düşdü. Ancaq XXI əsrdə (!) elə dövlətlər və xalqlar var ki, bəşəriyyət onlardan üzrxahlıq gözlədiyi halda, onlar, əksinə, özləri başqasından üzrxahlıq tələb edirlər. Əlbəttə ki, iki qonşu və işğalçı ölkə – Rusiya və onun vassalı Ermənistanı nəzərdə tuturuq.
İndi işə bax ki, öz qonşusunun ərazisinin 15-ni zəbt edən və orada etnik təmizləmə aparan Ermənistan Türkiyədən saxta soyqırımın tanınmasını, üzrxahlıq və təzminat (maliyyə və torpaq şəklində) tələb edir. Eyni qaydada Ermənistanın şəriksiz sahibi Rusiya (“Su axar çuxurunu tapar”) Gürcüstana, Ukraynaya təcavüz edib onların qanuni ərazilərinin mühüm bir parçasını işğal elədiyi halda, Türkiyədən üzr tələb edir – Türkiyə hava məkanını pozduğu üçün haqlı olaraq vurulan hərbi təyyarəyə görə.
XXI əsrin nonsensi? Həm hə, həm yox. “Hə” ona görə ki, indiki dövrdə də beynəlxalq hüquqa tüpürən belə yırtıcı dövlətlərin mövcudluğu sivil bəşəriyyətin inkişaf səviyyəsi ilə təzad təşkil edir, belə dövlətlər bəşəriyyət üçün ləkədir, üz qarasıdır. Bu cür dövlətlərə və xalqlara, izqoy ölkələrə dünya birliyində, mədəni dünyada yer ola bilməz!!
İkinci yandan nonsens deyil, ona görə ki, erməniləri də, Rusiyanı da tanıyıb onların tarixinə bələd olanlar gözəl bilir ki, başqalarına məxsus ərazilərə, dəyərlərə təcavüz, oğurluq bu iki toplum üçün çoxdan adi şeydir. Elə ona görə də ikisi də işğalçı ola-ola işğaldan dəm vurur, biri Azərbaycan xalqından, digəri çeçen, gürcü, Ukrayna xalqlarından üzr diləmək əvəzinə, abırsızcasına bunu başqasından gözləyir, türklərdən, azərbaycanlılardan, gürcülərdən, ukraynalılardan güzəşt umurlar. Niyə, nəyin xətrinə?
Elə o üzdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ondan hələ də mənasız yerə üzr uman Putininin cavabını qəşəng verib: “Biz nəyə görə üzr istəməliyik, anlaya bilmirəm. Türkiyə müttəhim kürsüsündə oturan dövlət deyil!”
Bu cavabdan Rusiyaya arxalanaraq, qardaş ölkəyə qarşı həm də ərazi iddiaları ilə alışıb-yanan Ermənistana da pay düşür. Çünki bu gün Beynəlxalq Məhkəmənin müttəhim kürsüsündə oturmalı iki dövlət varsa, onlar Rusiya və Ermənistandır – iki işğalçı, iki etnik təmizləmə siyasəti aparmış dövlət, iki müttəfiq!
Bəzən deyirlər ki, pis xalqlar olmur, pis dövlətlər olur. İcazə verin etiraz edək. Erməni xalqı məgər Qarabağ həqiqətinin, 1915-ci il həqiqətlərini bilmir? Fərqində deyilmi ki, saxta “soyqırım” iddiasından, bütövlükdə erməni xalqının özündən böyük güclər alət kimi istifadə edir?
Bilir. Bal kimi bilir. O zaman niyə alət, maşa olmağa etiraz eləmir? Niyə Xocalı soyqırımını “ermənilərin hərbi qələbəsi” adlandırıb fəxr edir, Xocalı caniləri Serj Sərkisyanı, Seyran Ohanyanı müdafiə eləməkdə davam edir? Sonu onsuz da ermənilərin labüd məğlubiyyəti ilə bitəcək bir mənasız savaşda nədən gənc övladlarının itirilməsinə maniakal şəkildə razı olur erməni xalqı? Bir an öncə bu savaşa “Dur!” demir, “Yetər, iki böyük qonşumuza düşmən kəsilib səfalətə, miskin həyata düçar olduq!” hayqırmır?!
Eləcə də böyük dediyimiz rus xalqı. Nədən o, Rusiyanın XXI əsrdə də qonşu ölkələrin ərazisini işğal eləməsinə etiraz səsini ucaltmadı və hələ də ucaltmır? Tam əksinə, Putinin Krımı ilhaq eləməsini alqışlayır, “tarixi ədalətin bərpası” adlandırır. Bununla da növbəti “tarixi ədalət”in bərpası üçün Putini yeni təxribatlara şirnikləndirir, ona təzə karta-blanş verir?(Hitleri də alman xalqı hakimiyyətə gətirmişdi, amma almanlar dünyadan üzr istədilər!) Bəzi xırda-para istisnalarla, bir-iki ziyalı, o cümlədən musiqiçi Andrey Makareviç istisna olmaqla, harda qaldı ədalətli və böyük rus xalqı? Bu böyüklüyü dünya görmədi. Tərsinə – rəzalət, kiçiklik gördü dünya…
* * *
Odur ki, hamı arxayın olsun, əsrin məhkəməsi hələ qabaqdadır. Maraqlı olacaq. Çünki müttəhim kürsüsündə bəşəriyyətin bəlası olan 2 işğalçı, 2 müttəhim – Rusiya imperiyası və onun vassalı Ermənistandır. Yan-yana.