img1389634

Ortalıqda çox böyük ziddiyyət yaranmışdır. Lap elə bizim yapistlərin bir çoxunun antikvar kimi yadigar qaldığı SSRİ dövründə deyilən kimi, “antaqonist ziddiyyətdir”.

Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev təzə bir kitab yazıb, orda ABŞ prezidenti Obamanı “Putinin əlinə su tökməyə layiq olmayan birisi” adlandırıb. Kitabın resenziyası ilə eyni gündə isə hakimiyyətin əsas mətbuat orqanlarından olan “Azərbaycan” qəzeti manşetindən ABŞ-Azərbaycan əlaqələrinin xoşbəxtliyindən bəhs edən geniş məqalə vermişdir. Məqalədə İlham Əliyevin Vaşinqtonda Obama ilə görüşündən foto əks olunmuş, ABŞ isə nəinki planetə, qalaktikaya təsir edən fövqəltəbii dövlət kimi tərənnüm edilmişdir.
Bu da istər-istəməz zəhmətkeşlərimizdə təbəddülat yaradır. Bilmirik indi bizim ABŞ-a münasibətimiz necə olmalıdır. İclaslarda, yığıncaqlarda, ilk partiya özək konfranslarında Amerikanı lənətləyən şüarlar qışqırmalıyıq, yoxsa Obamanı “Böyük Qardaşımız” deyə öyməliyik. Sovet vaxtında ali rəhbərlik xalqı belə haça-paça durumuna salmazdı. Xalq konkret bilirdi ki, imperializm çürüməkdə olan kapitalizmdir, Harlemdə zənciləri kafeyə buraxmırlar, Sem dayı qarnı yekə, başı balaca, fəhlələri sümürüb dollarla doldurduğu sakvoyajını yanında gəzdirən, ucu çiçəklənən sosialist respublikalarına tuşlanmış “Perşinq” raketinə minmiş haramzada bir tipdir. Əgər “Pravda” qəzeti rəhmətlik Brejnevin Niksonla şəklini manşetə versəydi zəhmətkeşlər bundan çox inciyərdilər. Hələ bəlkə Kremlin dal qapısından keçib partiya rəhbərliyi üçün xüsusi ayrılan, adi sovet mağazasından fərqli olaraq növbəsiz və içi hər cür xarici məhsul dolu gizli dükanı yağmalayardılar.

Uzun sözün qısası, indi biz nə edək? Əgər kitabda yazılan kimi, Amerika pisdirsə, qəzetə yazılan nədir? Yox, əgər qəzetdə yazılan düzdürsə, kitab niyə elənçikdir? Bəlkə dünyada 2 ABŞ vardır – birini kitaba yazmaq üçün istifadə edirsən, o birini isə gündəlik qəzetə? Yaxud, ola bilərmi kitab yazılan vaxt Amerika pis idi, qəzet çıxan gün isə özünə gəlib yaxşı olmuşdur?

Rəhmətlik Oruellin klassik əsərində belə vəziyyətlərin təsvirləri var idi. Orda Həqiqət Nazirliyinin vəzifəsi elə bu cür tarixi ziddiyyətləri aradan qaldırmaqdan ibarət idi. Əgər kimsə Böyük Qardaşa qəhrəman kimi lazım olurdusa, onu bütün kitablarda, qəzetlərdə qəhrəman kimi təsvir edirdilər. Yox, bir gün həmin qəhrəman dahi rəhbərin qəzəbinə tuş gəlirdisə Həqiqət Nazirliyi bütün kitabları, qəzetləri yığıb təzədən çap edirdi, orda artıq həmin tipin ən alçaq yaramaz olması göstərilirdi. Bəzən bir adam Böyük Qardaşın zövqündən asılı olaraq on-on beş il ərzində bir neçə dəfə qəhrəman, bir neçə dəfə yaramaz kimi çapa gedirdi. Bu mənada, doğrudan da keçən il Obama hökumətindən jurnalistlərin həbsi, başqa repressiya-filana görə tənqid çoxalmışdı. İndi isə mehribançılıq yaranıbdır. Ancaq kim deyir uzun müddət belə davam edəcək? Qətiyyən. Hələ nə qədər dustaq-zad var, ABŞ dövlət departamenti yenə hesabat yayacaq, yenə bizim yapistlərin Amerikanı asıb-kəsən günü olacaq. O üzdən deyə bilərik ki, “Azərbaycan” qəzetindəki cızmaqara taktiki gediş, müvəqqəti nisbi sakitlikdirsə, administrasiya rəhbərinin kitabı strateji məqalələr toplusudur, uzaqvuran artilleriya zərbəsidir. Amerika bu kitabın yandırıcı ağrılarını gec duyacaq, ancaq güc duyacaqdır!

Zəhmətkeşlərimizə, uca millət-sevgili xalqımıza isə məsləhət görərdim çox da çaşmasınlar, ABŞ-ı söyməklə yanaşı Azərbaycan-ABŞ əlaqələrinin vacibliyini də vurğulasınlar. Sadəcə, belə demək olar ki, bu əlaqələr bizdən çox Amerikaya lazımdır. İstəyirlər Azərbaycanımızın analoqu olmayan inkişafından yapışıb irəli getsinlər, dollar manata nisbətdə ölməsin.

Necə deyərlər, bir üzümüz ağlayanda, o biri üzümüz gülməlidir. Yaxud İmam üçün ağlayanda, bir qədər Yezid üçün də ağlamaq olar. İşin qabağa getsin deyə erməniyə hərdən, dövlət səviyyəsində dayı deməyə icazə vardır.

Şəxsən mənim fikrimə gələndə, ABŞ doğrudan Putinin əlinə su tökməyə yaramır. Obama yaxşı lider idisə, amerikalılar onu ömürlük prezident seçərdilər. İndi isə onun yerinə azı 4 nəfər namizəddir! Dərəbəyliyə bax, sən Allah… Elə buna görə ərazidə tornado olur. Gərək Kolumb o vaxt Azərbaycanı kəşf edəydi.