Ahıl adamların sözü olmasın, acı aylar çıxan kimi, dünya əhli çamadanlarını qablayır, dinc, təhlükəsiz ölkələrə səyahətlərə çıxırlar. Maydan başlamış ta oktyabra qədər bir çox dünya ölkələrində turist qaynaşır.
İstirahətə gedənlər bu sıraya aid deyil, onların əsas məqsədi isti aylarda dincəlməkdir və bundan ötrü isti dənizlərə, qumlu sahillərə malik ölkələrə gəlirlər. Ancaq səyahət həvəskarları passiv istirahətin tərəfdarı deyillər, Avropanın hər bir guşəsində olmuş bu şəxslər Alyaskadan vurub Çilidən çıxır, Taiti adasından Ficiyə keçir, Xokkaydodan Sumatraya adlayır, dünyanın bütün ekzotik ölkələrində olmaq istəyir, buna milyardlarla dollar həcmində vəsait xərcləyirlər.
Dünyanı ayaqaltı edən turistlərin çox kiçik bir hissəsi ölkəmizə də təşrif buyurur. Ancaq onların sayı o qədər azdır ki, əksəriyyətini təsadüfi, “azan-təzən turistlər” qrupuna aid etmək olar.
Planetin dilbər guşələrindən olan Qafqaz diyarında yerləşən ölkələrdən yalnız Gürcüstan istisnadır, yerdə qalanında turizm sahəsi bərbaddır.
Gürcüstan isə bu işin sirrini çözmüş kimi görünür.
Elə dünən “Yeni Müsavat”ın sabiq əməkdaşı Aygün Muradxanlı qonşu ölkədə gördüklərinə dair sosial şəbəkədə aşağıdakı qeydləri yazıb: “Tiflisdə nə idman, nə musiqi yarışması var, amma şəhər turistlərlə doludur. Çoxu ruslar və ərəblərdir. Hotellər, kafe-restoranlar dopdoludur. 3 gündə bir dəfə də olmadı ki, çay, ya yemək üçün getdiyim məkanda sıra gözləməyim. Tələbin çoxluğu qiymətləri qaldırıb. 1 dollar 2.14 laridir. Belə turist axını ciddi gəlirlərdir, çox güman ki, lari möhkəmlənəcək. Tiflisin ünlü kazinosu ”Şanqrila”nın önü Bakı nömrəli maşınlarla doludur. 15-20 dəqiqə körpünün üstündə müşahidə aparmaq yetər ki, içəridən ciddi və tələsik çıxıb maşınlarına minən “milli məmur”ların bir neçəsini görəsən”.
Söhbət burdan basa-basa Tiflisə qumar şövqünü öldürməyə gedənlərdən getmir. Söhbət ondan gedir ki, Tiflisdə əcnəbiləri ölkəyə cəlb etmək üçün bir çox vasitələr düşünülüb, müvafiq şərait yaradılıb və bu ölkə turistlər üçün sərfəli, təhlükəsiz, cazibədar bir məkana çevrilib.
Ötən ilin yayında, Bakıda Avropa Oyunlarının keçirildiyi günlərdə bu sətirlərin müəllifinin yolu Tiflisə düşmüşdü. Elə o zaman da qonşu ölkənin paytaxtında əcnəbi turistlər çox idi. Sanmaq olardı ki, Avropa miqyaslı idman tədbiri Bakıda yox, Tiflisdə keçirilir.
Hər ilin bu aylarında bizdə də dövlət səviyyəsində turizmin inkişafına dair tədbirlər, toplantılar təşkil olunur, brifinqlərdə ölkəyə turist cəlb etməyin dürlü incəliklərindən bəhs edilir. Bu mövzuda onlarla yazı yazılır, televiziya verilişləri hazırlanır. Ancaq nə xeyri? Bu sahədə vəziyyət dəyişmir ki, dəyişmir.
Deyilə bilər ki, müvafiq infrastruktur yoxdur, ona görə də ölkəyə turist axınını cəlb etmək olmur. Elə deyil. Son illər Bakıda və bir sıra əyalət şəhərlərində (Mingəçevir, Quba, Qəbələ, Gəncə, İsmayıllı) olduqca komfortlu, yüksək standartlara cavab verən otellər istifadəyə verilib, istirahət məkanları açılıb. Əcnəbilər istəsələr, bu məkanlarda əla istirahət edə bilərlər. Amma istəmirlər.
Ona görə ki, təklif olunan qiymətlər ABŞ-ın Florida ştatındakı Mayami şəhərindəki, yaxud İspaniyanın İbiza adasındakı superbahalı otellərin tariflərilə identikdir. Bizdə elə bir düşüncə var ki, avropalı əcnəbilərin pul-parası çox olduğuna görə onlar o pulu gətirib bizə verə bilərlər.
Bu, olduqca yanlış düşüncədir. Əcnəbilər səyahət, əyləncə, istirahət həvəskarı olsalar da, qazandıqları pulun da qədrini bilir, onu səmərəli xərcləməyi bacarırlar. Üstəlik, xaricdə heç də hamı milyonçu deyil, dünyanı səyahətə çıxanların tam əksəriyyəti bəlli büdcəsi olan şəxslərdir və onlar Azərbaycan kimi ölkələrdə 500 avro yerinə 1500 avro xərcləməyi doğru hesab etmirlər.
Ölkəmizdə turizm sektorunun inkişaf etməməsinin ən böyük səbəbi tamahkarlıqdır, qısa müddətdə varlanmaq ehtirasıdır. Nə qədər ki, biz özümüzü misirli turizmçilər kimi aparır, ölkəyə gələn əcnəbiləri mütləq soymaq istəyirik, bu ölkəyə bir dəfə gələn bir də gəlməyəcək.