Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Türkiyədə azərbaycanlı hərbçilərin də iştirak etdiyi təlimləri izləyib. Ölkənin yeni baş naziri Binali Yıldırım və Baş Qərargah rəisi Hulusi Akar da təlimləri müşahidə edib.
İlk dəfə qeydə alınan belə bir möhtəşəm fakt söz yox ki, iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığının necə yüksək səviyyədə davam etdiyinin növbəti və bariz təzahürüdür. Qarabağ savaşının, haqq savaşının hələ bitmədiyi, qarşıda olduğunu nəzər alsaq, Türkiyə-Azərbaycan hərbi ittifaqı indi heç vaxt olmadığı qədər qiymətli dəyər statusu daşıyır.
Təlimlər zamanı Ərdoğanın Zakir Həsənovun əlini sıxılı halda saxlayaraq, bir neçə dəqiqə söhbət eləməsi, əslinə qalsa, elə ordumuzun, Azərbaycanın “əlini sıxması” demək idi. Eyni zamanda Azərbaycan düşmənlərinə – işğalçı Ermənistana və onun havadarlarına özlərini yığışdırmaq üçün aydın və güclü bir xəbərdarlıq mesajı idi. Türkiyənin daima öz qardaşının yanında odluğunun əyani şəkildə çatdırışı idi. Bundan az öncə Türkiyə müdafiə naziri Qəbələdə oxşar mesaj vermişdi.
Türkiyə mediası yazıb ki, quruda, suda, havada həyata keçirilən və yerli istehsallı “Atak” helikopterlərinin də qatıldığı təlimlər izləyicilərə yaxşı mənada həyəcanlı anlar yaşadıb. Amma təlimlərin pis mənada ən çox həyəcan doğurduğu izləyicilər əlbəttə ki, Türkiyədən kənarda – Rusiyada, Ermənistandadır. Onlar həm təlimlərdən, həm də bu təlim zamanı Türkiyə lideri və Ali Baş Komandan Ərdoğanın azərbaycanlı nazir-generalın əlini sıxmasından öz dərslərini, paylarını artıq götürüblər, əmin ola bilərsiniz.
Dəfələrlə yazmışıq, bir də vurğulayaq ki, Qarabağ məsələsinin ədalətli həllinə ən güclü qarant nə Qərb olacaq, nə də Rusiya. Bu qarant – Türkiyə-Azərbaycan müttəfiqliyidir. Bütün sahələrdə, ələlxüsus da hərbi sahədə strateji əməkdaşlığımız enində-sonunda ixtilafın beynəlxalq hüquq normaları çərçivəsində həllinə öz qəti və yekun töhfəsini verəcək.
Bəzən bu müttəfiqliyi Rusiya-Ermənistan ittifaqı ilə müqayisə edirlər. Yanlış yanaşmadır. Ona görə ki, Türkiyə-Azərbaycan təbii müttəfiqliyindən fərqli olaraq, erməni-rus iş birliyi heç bir dost-qardaşlıq prinsipi və ya mənəvi dəyərlər üzərində qurulmayıb və mayasında da sırf antitürk hədəfi daşıyır. Ona görə də müvəqqətidir.
İndinin özündə, xüsusən də apreldəki 4 günlük müharibədə acı məğlubiyyətdən sonra ermənilər məmnuniyyətlə Kremldən imtina edib Avropadan, ABŞ-dan yapışardılar – əlbəttə ki, əmin olsaydılar ki, o halda rusların qəzəbinə tuş gəlməyəcəklər. Yəni bu, müstəsna olaraq regiondakı cari siyasi və geosiyasi maraqlardan doğan, Türkiyə və Azərbaycana qarşı olan bir hərbi-siyasi izdivacdır və o üzdən də əbədi sürə bilməz.
Ayrı sözlə, Ermənistan və Rusiya, – daha çox da işğalçı ölkə – bir-birinə sadəcə, dəhşətli dərəcədə möhtacdır. Türkiyə-Azərbaycan müttəfiqliyi isə əksinə, əbədidir. Ona görə ki, təməli ortaq siyasi maraqlardan daha çox, sağlam və həmişəyaşar dəyərlər üzərində qurulub, üstəlik, kimsəyə qarşı yönəlməyib.
Ermənistan Rusiyanın vassalı olsa da, olmasa da, Qarabağ problemi qalsa da, qalmasa da, Türkiyə və Azərbaycanda hakimiyyətlər dəyişsə də, bu müttəfiqlik bitən deyil. “İki dövlətin bir milləti” durduqca, “bir millət-iki dövlət”in dost-müttəfiqliyi də duracaq. Ortaq türk düşmənlərini daima həyəcanda saxlayan əsas fərq, özəllik də budur.