Türkiyənin iqtidar komandası tamamilə prezident üsul-idarəsinin bərqərarına kilidlənib.
Dövlət və hökumət başçılarının qatıldığı elə bir kütləvi tədbir, toplantı olmur ki, orada söhbət prezidentlik sistemindən düşməsin.
Artıq ictimaiyyətə belə bir fikir görünməmiş şiddətlə təlqin edilməkdədir ki, Türkiyənin nicatı, ölkənin çoxsaylı problemlərinin həlli yolu bu sistemdədir.
Əmr yuxarı yerdən gəlib deyə, hakim partiyanın çoxsaylı sıravi üzvləri yorulmadan, usanmadan bu yöndə təbliğat aparır, xalqa “nicat yolu” göstərirlər.
Xüsusilə AKP-nin gənclər təşkilatı bu yöndə çox fəaldır, hər hansı kütləvi aksiyada xalqa “gənclik prezidentlik sistemi istəyir” sözləri yazılmış iri pankartlar nümayiş etdirirlər.
Ölkədə fəaliyyət göstərən siyasi partiyaların tam əksəriyyəti bu sistemə qarşıdır, çünki ölkədə gündən-günə güclənən avtoritarizmin əl-qolunu az-çox bağlayan parlamentli respublika quruluşunun ortadan qalxmasını yanlış sayırlar.
Siyasi partiyalar anlayırlar ki, Türkiyə kimi ölkələrdə prezidentli sisteminin bərqərar edilməsi diktaturanın bir addımlığına gəlmək deməkdir.
Türkiyə xalqı respublika olduğundan bəri dəfələrlə hərbi diktaturalar görüb, ölkəni bir adamın, bir qrupun, xuntanın idarə etməsi zamanı ortaya çıxan fəsadları bilir. Hazırda bu, insanları çəkindirən, əndişələndirən başlıca amildir.
Orası da var ki, ölkənin idarəçiliyini zaman-zaman ələ alan hərbçilər bir müddətdən sonra hakimiyyəti könüllü şəkildə yenidən mülki siyasilərə, parlamentə qaytarıblar, öz “ömürlük hakimiyyət”lərini qurmayıblar.
Prezidentlik üsul-idarəsinin həyatının amalına çevirən indiki prezident Rəcəb Tayyib Ərdoğan isə dəfələrlə özünü hərbi diktaturanın zərərçəkəni kimi təqdim edib, ölkəni sərt rejimlə idarə edənlərin mühakimə olunmasını, qınanıb pislənilməsini vacib saydığını bildirib.
Bununla belə, o özü prezidentlik sisteminin bərqərarı ilə hüdudsuz səlahiyyətlərə malik olmaq istəyir.
Hakimiyyətdə olduğu 14 ildə dəfələrlə olub ki, Ərdoğan hansısa niyyətini həyata keçirmək istəyərkən parlamentdə, məhkəmə hakimiyyətində maneələrlə üzləşib.
Məsələn, müstəqil məhkəmələr prezidentin düşmən elan etdiyi, həbs olunmalarını, uzun müddətə məhbəsə salınmalarını istədiyi adamları cəzalandırmadan azadlığa buraxdığı hallar olub.
Prezidentlik institutunun bərqərar olduğu, bu sistemin sui-istifadələrə məruz qaldığı bir çox ölkələrdə isə elə bir problem yoxdur, dövlətin birinci adamı orta əsrlər hökmdarları qədər hüdudsuz hakimiyyətə sahib olur və hər zaman öz iradələrini yeridə bilirlər. Ərdoğan da o səlahiyyətlərdən istəyir.
Təcrübə göstərir ki, güclü parlamenti olan ölkələrdə demokratiyanın, haqq-ədalətin bərqərar edilməsi daha asandır, nəinki prezidentlik institutu ilə idarə olunan ölkələrdə.
Hakimiyyət qollarının müstəqil olduğu parlament respublikalarında bir adam nə qədər yüksək mənsəbli olsa da, ölkəni öz müəssisəsinə döndərə bilmir, prezidentlik sisteminin hökmran olduğu ölkədə isə bir şəxs bütün hakimiyyət qollarını asanlıqla öz iradəsinə tabe edə, dövləti xanədanlığa çevirə bilir.
Avropada parlamentli respublika quruluşundan imtina etmək istəyən ölkələr yoxdur. Bu, əsasən Asiya və Afrika ölkələrinin dərdidir. Əksinə, dünyada əsas tendensiya prezidentlik institutundan imtina edərək parlament respublikası quruluşuna keçməkdir. Çünki bu, avtoritarizmdən, diktatura rejimindən xilas olmağın yeganə yoludur.
Fəqət, qardaş ölkədə siyasi sistemin daha da təkmilləşdirilməsi, ölkəni idarə etməyin daha da effektiv hala gətirilməsi əvəzinə ötən əsrlərin üsul-idarəsinə dönülməsi ideyası get-gedə insanların şüuruna daha şiddətlə hakim kəsilməkdədir.
Ölkədə gedən prosesləri izləyərkən hiss olunur ki, Türkiyənin hakim partiyası öz planını nəyin bahasına olursa-olsun, həyata keçirəcək. Amma bu, xalqı xoşbəxt edəcəkmi, onun problemlərinin həllinə yardımçı olacaqmı?
Güman ki, etməyəcək, olmayacaq, əksinə, yeni problemlər yaradacaq. Çünki dənizin suyunun şor olmasını bilmək üçün bütün dənizi içməyə ehtiyac yoxdur, bir qurtum da kifayətdir. Prezidentlik sistemi ilə idarə olunan başqa ölkələrin acı təcrübəsi ortadadır.