Azərbaycanın bütün bayramları 28 Maydan sonra gəlir!
Azərbaycanın yaxın tarixinin ən şanlı, ən parlaq, ən şərəfli gününü yaşayıq. 28 May Cümhuriyyət Gününün müstəqillik tariximizdə önəmi bəlli. Müsəlman Şərqində qurulan ilk demokratik dövlət cəmi 23 ay yaşasa da, onun bizə miras qoyduğu dəyərlər, atributlar yeni və müstəqil Azərbaycan dövlətinin təməlində durdu – bu da bəlli.
O da bəllidir ki, indiki Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş ADR-in siyasi-hüquqi varisidir. Bu, 1991-ci ilin Müstəqillik Haqda Konstitusiya Aktında da əksini tapıb. Necə deyərlər, tarixi ədalət çoxdan bərpa edilib.
ADR-in mövcudluğuna, istiqlalımızın banisi Məmməd Əmin Rəsulzadə və silahdaşlarının tarixi fədakarlığı və missiyasına vaxtaşırı dil uzadan bəzi “5-ci kolonçu”lara yalnız bunu xatırlatmaq yetər ki, Cümhuriyyət olmasaydı, nəinki indiki Azərbaycan, heç Sovet Azərbaycanı da mövcud olmazdı. Cümhuriyyət olmasaydı, biz yəqin ki, hələ də Rusiyanın tərkibində onlarla muxtariyyətdən biri idik – Dağıstan, Çeçenistan kimi. Bəlkə də çoxdan millət, toplum olaraq assimilyasiya olunub getmişdik də.
Elə təkcə buna görə – 98 il öncə Azərbaycanı coğrafi anlamdan çıxarıb, dünya xəritəsində siyasi anlama, siyasi faktora çevirdiklərinə görə bu böyük kişilərə RƏHMƏT düşür. Hələ onu demirik ki, ADR-in süqutundan sonra da onlar hər cür terror və təhdidlərə, məhrumiyyət və əzablara rəğmən, öz yollarından dönməyib, ən ümidsiz vəziyyətdə belə mübarizələrini Azərbaycan hüdudlarından kənarda, son nəfəsədək davam etdiriblər.
Unutmayaq, biz, ilk növbədə bu kişilərin Azərbaycan naminə titanik və təmənnasız əziyyət və prinsipiallığının, qətiyyət və siyasi iradəsinin hesabına dövlət, millət olaraq mövcuduq. Buna görə onlara borcluyuq. Azərbaycan dövləti var olduqca gələcək nəsillər də onlara borclu olacaq. Bu borcu qaytarmaq mümkünsüz! Bu borc ölçüyə sığmaz ki!..
Odur ki, 28 Mayı daima adımıza, dövlətimizə, xalqımıza layiq keçirməklə, o kişilərin haqqını tanımaqla biz əslində dövlət, millət olaraq elə özümüzə dəyər, istiqlal düşmənlərimizə isə gözdağı vermiş oluruq. Zira, Azərbaycanın bütün bayramları 28 Maydan sonra gəlir.
Konstitusiya ilə hazırkı Azərbaycan Respublikasının Cümhuriyyətin hüquqi-siyasi varisi sayıldığını boşuna xatırlatmaqdıq. Məsələ də ondadır ki, AXC-nin bayrağı, himni, gerbinə sahib çıxdığımız kimi, onun irsinə və demokratik dəyərlərinə də sahib çıxmağı bacarmalıyıq – dövlət, millət, hakimiyyət olaraq. Nə qədər gec deyil.
Əgər hakimiyyətlər bunu hansısa səbəbdən istəmirsə, xalq onları buna məcbur etməyi bacarmalıdır. Sadə səbəbə: Qarabağ məsələsi də daxil, xalqın irili-xırdalı bütün problemlərindən qurtuluş Cümhuriyyət irsini əxz etməkdən keçir. Vəssalam.
O zaman böyük öndər və işıqlı insan Rəsulzadəyə Bakının mərkəzində heykəl qoymağa lüzum da qalmaz. Nədən ki, böyük kişilərə ən böyük heykəl elə bu olacaq – İstiqlal dəyərlərinə sahib çıxmaq! Nə qədər ki, indiki Azərbaycan yalnız bayrağı, gerbi və himni ilə ADR-ə bənzəyəcək, nə qədər ki, o, ADR-dən daha çox, Sovet Azərbaycanına oxşayacaq, problemlərimiz azalmayacaq.
Heç olmasa, 100 illiyə kimi ayıbımızı düzəldək. Dövlət, millət olaraq…