Загрузка...

dilqem_esgerov_041

 

Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin göndərdikləri məktublar ailələrinə verilib.

Milli.Az bildirir ki, Şahbaz Quliyevin bacısı İradə Quliyeva anspress-ə açıqlamasında deyib ki, qardaşının məktubu ailəyə bu gün təqdim edilib. Məktubda Şahbaz Quliyev yaxşı olduğunu yazıb.

“Biz ona ailə şəkillərimizi göndərmişdik. Yazıb ki, şəkilləri alıb. Bizə can sağlığı arzulayır”.

Dilqəm Əsgərovun isə səhhətində problemlər var. Qardaşı Sahib Əsgərov açıqlamasında deyib ki, o, özü bu barədə məktubunda yazıb. “Məktubda yazır ki, başında və ayaqlarında ağrılar var. Amma müalicə almasından heç nə yazmır. Ona görə çox nigaranıq”.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkib”. Bunu sayta BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş mayın 23-də olub.

“BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək”.

Saxlanılan Şahbaz Quliyevin bacısı İradə Quliyeva qardaşına məktub göndərdiyini, lakin hələ ki, qardaşından gətirilən məktubun ona çatdırılmadığını deyib.

Girovlara sonuncu dəfə aprel döyüşlərindən sonra baş çəkilsə də, onlar ailələrinə məktub yazmamışdılar. Bu da onların yaxınlarının narahatlığına səbəb olmuşdu.

Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Ötən il Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.

Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da Həsən Həsənov qətlə yetirilib. Onun meyitinin əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri qaytarılıb.

Keçən ilin dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.