Nadejda. Ümid deməkdir. Yəqin ukrayna dilində də bu belə səslənir…Dünyanın danışdığı qadın. İki ölkəni bir-birinə lap düşmən edən qadın. Sısqa bədəni ilə nəhəng Rusiyaya 83 gün aclıq edərək meydan oxuyan təyyarəçi!
Ukraynanın Milli Qəhrəmanı adını Pyotr Poroşenko mayın 25-də ona təqdim etdi. Amma o çoxdan Ukraynanın qəhrəmanıdır. O, həbsdə olarkən Radaya deputat seçilib. Amma o çoxdan millətinin vəkilidir. Mandatsız belə. Adam heyrətlənməyə bilmir bu qadının dirənişi qarşısında. Kimdir Nadejda Savçenko? Musavat. com dünyanın danışdığı qadın haqda topladığı materialları oxuculara təqdim edir. Tanış olun…
Nadejda İvanovna Savçenko 1981-ci ilin 11 mayında Kiyevdə doğulub. Uşaqlıqdan hərbi təyyarəçi olmaq arzusunda olub. Anası deyir ki, ilk dəfə təyyarəyə minəndə Nadejdanın 4 yaşı varmış: “O, Krıma təyyarə ilə üçanda daima həvəs və həsrətlə buludlara baxırdı”…
Nadejda da deyir ki, onun səmada uçmaq həvəsi uşaqlıqdan yaranıb, amma məhz 17 yaşında bu barədə qəti qərar verib. ” Hündürlük və sürət həmişə xoşuma gəlib. Uşaqlıqdan məndə belə hiss vardı ki, mən səma üçün yaranmışam”.
Savçenko sonralar deyib ki, ona daxili güc anasından keçib: “Anam mənə hamilə olanda doğuşun son gününə kimi kolxozda işləyib-həm də ağır işlə-kələm yığmaqla məşğul olub. Ona hamilə olduğu üçün az işləmək məsləhət bilinsə də o, yarızarafat deyirmiş: “Anam işləyir, atam işləyir, qoy bətnimdəki uşaq da işləsin”. Mənim anam qışda qarın altından ağac qırıqları toplayırmış ki, evimizin sobasını qızdırsın. Belə bir anam olduqdan sonra mən necə öz həyatımın ağır olmasından gileylənə bilərəm” deyə, Savçenko müsahibələrinin birində deyib.
Modaçı, yarımçıq jurnalist…
Məktəbi bitirdikdən sonra moolyer-dizayner ixtisasına yiyələnib. İndi də əsas hobbisindən danışarkən deyir ki, əlllə naxış salmağı, dekorativ dizaynerlik etməyi çox xoşlayır.
Savçenko ali təhsil almaq üçün Kiyevdə “Ukrayna” Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Amma orada cəmi bircə il oxuyub, çünki səma onu özünə çəkird: “Uzun müddət axtarış kitabçasında təyyarəçi olmaq üçün hansı ali məktəbə gedəcəyimə qərar verə bilmirdim. Nəhayət, Xarkov Aviasiya Universitetinə sənəd verməyi qərarlaşdırdım. Universitetdə “böyük uluduzlu” bir zabit sənədləri qəbul edəndə “sənin bircə problemin var-qadınsan”, dedi. Zabitə “ayaqların arasında” nə olmasının yox, sağlam başın vacibliyini dedikdə o qəzəbləndi və mənə “bura sənin yerin” deyil, söyləyərək qovdu”. Savçenko Xarkov Aviasiya Universitetinə düz 4 il ayaq döyüb. Amma hər dəfə də eyni cavabı alıb: ”Aviasiyada qadına yer yoxdu”. Nəhayət, ona general səviyyəsində deyirlər ki, aviasiyada olmaq üçün əvvəl 1 il orduda xidmət etməlidir.
Bundan sonra o, Ukrayna dəmiryol ordusuda rabitəçi xidmətinə başlayıb. Jitomirdə ilk müqavilə əsasında aeromobil qoşunlarında xidmətə götürülüb: “İlk dörd ayda anladım ki, rabitəçi işi mənlik deyil. Otur, telefonlara cavab ver…Bu səbəbdən aviasiyaya yaxın olmaq üçün müqavilə əsasında desant batalyonuna yazılmaq istədim. Batalyon komandiri mənə baxıb “15 kiloqramlıq rüqzak və hər gün 15 kilometr poliqona qaçmaq istəyirsənsə, buyur…”, dedi. Bir həftə sonra artıq mən desantların sırasında idim..”
Sülhməramlılar tərkibində İraqda
Savçenko 2004-2005-ci ildə Ukrayna sülhməramlılarının tərkibində İraqda altı ay xidmət keçib: “İraqda 6 ayda başa düşdüm ki, əsl əsgər olmaq üçün çəkilmiş siqaret qırıqları toplamaq və tualetdə naryada getmək lazım deyil”, deyə, həmin günlərlə bağlı Nadejda xatirələrində söyləyib. İraqdan qayıtdıqdan sonra o, Ukrayna müdafiə naziri Anatoli Qriçenkonun şəxsi icazəsi ilə Xarkov Hava Qüvvələri Universitetinə qəbul olunub. İki dəfə onu “təyyarəçi kimi uçuşa yaramır” əmri ilə universitetdən kənarlaşdırıblar. Amma o, hər iki dəfə universitetə bərpa olunub və 2009-cu ildə “SU-24” bombardımançısı şturmanı kimi təhsilini başa vurub. Amma onu “SU-24”-də yox, Mİ-24 helikoptelində uçuş üçün icazə veriblər.
2014-cü ildə Ukraynanın şərqində Rusiya ilə hərbi konflikt başladıqdan sonra o, döyüşə getməyə icazə istəyib. İki dəfə “yox” cavabı aldığı üçün Ukrayna Silahlı Qüvvələrindən tərxis olunmaq üçün raport yazıb. Anası deyir ki, qızını hərbi əməliyyatlar gedən bölgəyə getməməsi üçün çox dilə tutub, amma Nadejda Ukrayna torpaqlarını qorumaq üçün könüllülərin “Aydar” batolyonuna yazılıb. 2014-cü ilin 18 iyunundan 19-na keçən gecə o, əsir düşür. O, başına torba keçirilərək Ukrayna ərazisindən çıxarılıb və Rusiyaya gətirilib. Burada isə ona iki jurnalistin öldürülməsi ittihamı verilib.
Həmin ilin dekabrının 13-də o, tibbi xidmət göstərilməməsinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb. Aclıq aksiyası düz 83 gün davam edib ki, bu müddətdə o, 20 kiloqram arıqlayıb. Fevral ayında artıq onun müdafiəsi ilə bağlı ilk alibilər ortaya çıxıb. Məlum olub ki, jurnalistlərin öldürülməsi vaxtı Savçenko artıq əsir düşübmüş.
2014-cü ilin sentyabrında Ukrayna Radasına keçirilən seçkilərdə Savçenkonun adı “Batkivşina” seçki blokunun siyahısına birinci ad kimi daxil edilib. Radaya deputat seçikdikdən sonra onun adı Avropa Şurasında Ukraynanı təmsil edən deputatlar siyahısına da salınıb. Bu müddətdə dünya birliyi Savçenkonun azadlığa buraxılması üçün Rusiyaya və prezident Vladimir Putinə ciddi təzyiq göstərib. Amma yarım il davam edən məhkəmə onu sonda günahkar bilib və 22 il müddətinə azadlıqdan məhrum edib.
Şahzadə evlilik təklif edib
Nadejda Savçenko ərdə olmayıb, uşaqları yoxdur. Ailəsi anasından və Vera adlı bacısından ibarətdir. Ona hələ İraqda xidmətdə olanda bir neçə dəfə evlilik təklifi olub. Rusiya KİV-ləri yazır ki, ona ərəb polisi və İraqda şahzadə nəslində olan Es-Suveyri evlilik təklifi etsə də, Nadejda razılaşmayıb. Həbsdə olduğu müddətdə o, göstərdiyi iradəyə və Ukrayna xalqına xidmətlərinə görə “Qızıl Ulduz” və “İgidliyə görə” ordenləri ilə təltif edilib. Avropa Parlamenti ona Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatı verib.
***
Nadejda azadlığa buraxıldı. Nadejda ümid deməkdir, amma Ukraynanın bu qəhrəman qadını sübut etdi ki, “nadejda” həm də azadlıq deməkdir, bəlkə də azadlıq quşu…Həmişə səmada…
Musavat.com
P. S. Musavat.com Nadejda Savçenkonun Ukraynada jurnalistlər qarşısında çıxışından bir parçanı təqdim edir. Çıxış Ukrayna dilində olsa da, bu lent yazısı bu qadının nə dərəcədə cəsur ruhlu birisi olduğunu bir daha təsdiq edir.