Prezident İlham Əliyevin BMT baş katibinin də iştirak etdiyi ali tədbirdə Ermənistanın BMT qətnamələrini icra etməməsini xatırlatması nə vəd edir? Ekspertlərdən maraqlı açıqlamalar…
Bahar Muradova: “Prezidentlərin iyun görüşü istənilən nəticəni verməsə, Azərbaycan öz qəti qərarını verəcək”
Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 60-dək ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi Dünya Humanitar Sammitində Ermənistanın təcavüzkar siyasəti, cinayətkar əməlləri barədə növbəti dəfə çıxış etdi.
20 ildən artıqdır ərazilərimizi işğalda saxlayan düşmən ölkənin Xocalıda törətdiyi soyqırımı xatırladan ölkə rəhbəri aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitlərinin, o cümlədən 6 dinc sakininin həlak olduğunu, 30-a yaxın mülki şəxsin isə yaralandığını dedi. İ.Əliyev Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyini elə BMT baş katibi Pan Gi Munun iştirakçısı olduğu zirvədə xatırlatdı.
“BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri 20 ildən çoxdur kağız üzərində qalıb. Lakin digər məsələlərlə bağlı qətnamələr gün və ya saatlar içərisində yerinə yetirilir” – dövlət başçısı bəyan edib. Ölkə rəhbəri deyib ki, Ermənistan bu qətnamələri yerinə yetirməlidir. Üstəlik, o, işğalçının əlindəki “çirkli bomba”dan da bəhs edib. “Hazırda regionda digər böyük təhlükə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var. Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı – ”çirkli bomba”sı var. Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır” – prezident deyib.
Lakin düşmən hətta dünyanın nəzərinin Qarabağ məsələsinə yönəldiyi, danışıqların bərpası istiqamətində dünya güclərinin hərəkətə keçdiyi bu ərəfədə də aqressivliyindən əl çəkmir, hətta torpaqlarımızda hərbi təlimlər keçirir. Eyni zamanda düşmənin iyunda keçirilməsi gözlənilən görüşü pozmaq üçün təxribatlar hazırladığı barədə də xəbərlər var. Azərbaycan prezidentinin İstanbuldakı Humanitar Forumda dünya birliyinə Ermənistanla bağlı çağırışları hər hansı effekt verəcəkmi, yoxsa yenə laqeyd münasibət davam edəcək?
Politoloq Arzu Nağıyev ölkə başçısının çıxışının dünyanın Qarabağ məsələsinə diqqətinin artması baxımından təsirli olacağını düşünür. Ekspert işğalçı ordunun Azərbaycan ərazilərindəki hərbi təlimlərin böyük müharibəyə hazırlıq məqsədi daşıdığını da güman etmir: “Düşünmürəm ki, bu təlimlər məhz böyük savaşın başlanmasına bir anonsdur. Burada hərənin öz məqsədi var. Erməni hərbi birləşmələri artıq heç bir beynəlxalq normalara məhəl qoymayaraq, Azərbaycan ərazilərində hərbi təlimlər keçirir və təəssüf ki, dünya ictimaiyyəti susur. Digər vaxtlar Ermənistan Dağlıq Qarabağ ərazisində öz hərbi birləşmələrinin olduğunu inkar edirdisə, bu gün artıq müdafiə naziri Ohanyan təlimlərə rəhbərlik edir. Təbii ki, bunun arxasında Rusiya dayanır və bu təlimlərin keçirilməsində hərtərəfli maraqlıdır. İlk növbədə aprel hadisələrində silahlarının zəifliyi və kadr potensialının olmaması faktı üzə çıxdığı üçün düşmən yeni manevrlər edir. Azərbaycan isə öz torpaqlarında hər cürə təcavüzə hazır olmaq üçün taktiki təlimlər keçirir”.
A.Nağıyev Vyana danışıqlarının ardınca planlaşdırılan iyun goruşündən də bəhs etdi: “Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər bu hərəkətləri ilə danışıqları dayandıra bilərlər. Azərbaycan tərəfi öz üzərinə heç bir məsuliyyət götürməyib və ərazi bütövlüyümüzün bərpası şərti ilə sülhə də hazırdır. Lakin ermənilərin bu məsuliyyətsiz addımları bizi daha konkret və kəskin addımlar atmağa vadar edə bilər və buna da haqqımız var. Artıq dünya ictimaiyyəti də bu həqiqəti dərk edir və adekvat reaksiya verir. İstanbul zirvəsində də bunun şahidi olduq. Belə getsə, böyük savaş olmasa da, lokal hərbi əməliyyatların şahidi ola bilərik”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bir məqama diqqət çəkir: “Dünya Humanitar Sammitinə qatılan onlarla lider şəkil çəkdirərkən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın bir tərəfində BMT baş katibi Pan Gi Mun, digər tərəfində İlham Əliyev dayanmışdı. Bu, Ərdoğanın Əliyevlə və Azərbaycanla münasibətlərə verdiyi önəmdən irəli gəlir”.
Ekspert İ.Əliyevin ayrılıqda həm Türkiyə, həm də Ukrayna prezidentləri ilə görüşlərini də xüsusi dəyərləndirir. E.Şahinoğlu prezidentin “Metsamor” Atom Elektrik Sansiyasından bəhs etməsini də mühüm amil saydı: “Ümumiyyətlə, son həftələr rəsmi Bakı bu mövzunu beynəlxalq aləmdə aktuallaşdırmağa çalışır. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, avadanlıqları köhnəlmiş ”Metsamor” bölgə üçün təhlükə mənbəyidir, ikinci Çernobıl hadisəsinin təkrarlanması ehtimalı az deyil. İkinci səbəb isə odur ki, Ermənistan hakimiyyəti atom elektrik stansiyasının tullantılarından “çirkli bomba” hazırlaya bilər və bu haqda siqnalların sayı getdikcə çoxalır.
İlham Əliyevin çıxışının üçüncü hissəsi Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı qaçqınlarla bağlı idi. Yəni dövlət başçısı dünyaya bu mesajı verdi ki, beynəlxalq aləm işğal nəticəsində azərbaycanlı qaçqınların varlığını da unutmamalıdır. Prezidentin İstanbuldakı bu çıxışı bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyindən öncə beynəlxalq aləmə son xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər. Çünki Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayının sonundakı görüşündən də nəticə çıxmazsa, bölgədə toqquşmaların baş verməsi ehtimalı yenidən artacaq”.
Elə zirvənin gedişində Türkiyə hökumətinin Azərbaycana ciddi dəstək verməsi qardaş ölkənin Qarabağ məsələsini prioritet saymasının təsdiqi oldu. Prezident R.T.Ərdoğan fəaliyyətsizliyinə görə Minsk Qrupunu tənqid etdi. Ardınca isə Türkiyənin yeni baş naziri Binəli Yıldırım da Dağlıq Qarabağ münaqişəsinin həllindən danışdı. O, Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərkən deyib ki, münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcək.”İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik” – o bildirib.
“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyun ayında baş tutsa belə, o görüş bütövlükdə məsələnin həlli demək olmayacaq”. Bunu isə Azərbaycan Milli Məclisi sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, bu, Qarabağ münaqişəsində yeni xarakterli danışıqlar mərhələsidir: “Biz bu danışıqlar prosesini yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndiririk. Əgər əvvəllər bu formatda keçirilən görüşlərdə yalnız bəyanatlar verib məsələnin uzanmasından narahatlıq ifadə, tərəflərə qarşılıqlı güzəştə getmək təklif olunurdusa, indi artıq məsələnin həlli ilə bağlı ciddi çağırışlar olmalıdır”.
Modern.az-ın məlumatına görə, B.Muradova bildirib ki, prezidentlərin iyun görüşü istənilən nəticəni verməsə, Azərbaycan öz qəti qərarını verəcək: “Bu görüşlərdə görsək ki, məsələnin həlli ilə bağlı həm vasitəçilər ciddi mövqeyə malikdir, həm də Ermənistan tərəfi bu ciddi mövqeləri qəbul edərək konstruktiv mövqe istiqamətində fəaliyyət göstərə bilir, o zaman biz bu danışıqların perspektivinə inana bilərik. Onun davamlı şəkildə getməsində iştirak edə bilərik. Yox, əgər görsək ki, növbəti dəfə söhbət baş aldatmaqdan, məsələni növbəti on illər boyu uzatmaqdan gedir, əlbəttə, Azərbaycan öz qəti sözünü söyləyəcək”.
Musavat.com