Загрузка...

img1306318

“Qoca qitə”də yenə anti-Türkiyə isterikası baş qaldırıb. Ənənəvi erməni və kürd (PKK) kartlarını təzədən işə salıblar. Bəlli olub ki, Almaniya, İsveç və Çexiyanın ardınca Fransada da PKK-nin Suriya qolu PYD-nin nümayəndəliyi açılıb. İyunun 2-də isə Almaniya Bundestaqı saxta erməni soyqırımı ilə bağlı sənəd layihəsini müzakirəyə çıxarıb, yekun qərar verəcək. Onun qəbulu ehtimalı yüksək qiymətləndirilir.

Qardaş ölkəyə qarşı budəfəki təhdid-təzyiq iki olaya görə diqqət çəkir. Az öncə rəsmi Ankara Avropa Birliyinin terrorla mübarizə qanununu yumşaltmaq tələbini rədd eləmişdi. Həmin tələb PKK-ya münasibətdə mübarizə üsullarının, faktiki, yumşaldılmasını ehtiva edirdi. Lakin Ankara üçün bu, “qırmızı xətt” olduğundan tələbi geri çevirmişdi. Ardınca qurum Türkiyə ilə yayda viza rejimini götürmək təşəbbüsündən imtina elədi.

İkinci diqqətçəkici olay isə Əhməd Davudoğlunun baş nazirlikdən getməsidir. Davudoğlu daha çox Amerika və Avropanın adamı hesab edildiyindən, yeni baş nazir Binəli Yıldırım isə sırf Ərdoğana sadiq kadr olduğundan, istisna deyil ki, Avropa həm də Ankaradan bir növ qisas alır.

Ancaq Türkiyə sıradan bir dövlət deyil. BMT-nin İstanbul sammiti də göstərdi ki, o, dünya liderlərini vaxtaşırı bir araya gətirməyi, öz maraqlarını qorumağı bacarır və sözünün ağası olan dövlətdir. Azərbaycan üçün isə belə sözübütövlük xüsusi əhəmiyyətdədir.

Söhbət Qarabağ məsələsindən gedir təbii ki. İki ölkə liderinin sammit çərçivəsində görüşü bunun növbəti bariz təsdiqi oldu. Bağlı qapılar arxasında da olsa, sızan bilgilərə görə, qardaş ölkə Qarabağ məsələsində bir daha yanımızda olduğunu və bizə hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. Bundan qabaq Türkiyənin müdafiə naziri İsmət Yılmaz Qəbələdə analoji fikirlər söyləyərək bəyan eləmişdi ki, Bakının xahiş eləməsi yetər ki, Ankara Azərbaycana Qarabağ məsələsində hərbi köməyi də göstərsin.

Dönə-dönə yazmışıq, bir də yeri var vurğulayaq ki, Qarabağ konfliktinin həllində Türkiyə amili daima düşmənlər üçün çəkindirici amil rolunda olub və indi də olmaqdadır. Problemin yekun həllində də şübhə yox ki, bu faktor öz sözünü deyəcək. Onunla hesablaşmadan heç kim ixtilafın həllini inhisara ala bilməz.

Sözgəlişi, elə bu amilə, üstəgəl, siyasi qısqanclıq səbəbi ilə qardaş ölkə məkrli şəkildə 90-cı illərin əvvəllərində aktiv Qarabağ vasitəçiliyindən uzaqlaşdırıldı. Hədəf həm də Azərbaycanı təkləyib, ona istədikləri həll modelini sırımaq idi. Halbuki, vaxtilə ABŞ-Rusiya-Türkiyə vasitəçilik üçlüyü mövcud olub.

Odur ki, Türkiyə edilən istənilən pislik Azərbaycana edilmiş kimidir və həmişə də belə qiymətləndiriləcək. Zira, Türkiyə harada, Azərbaycan da orada – ya Avropa Birliyi ilə, ya da AB-siz…

Britaniya baş naziri Kemeron da deyir ki, Türkiyə yalnız 3000-ci ildə Avropa Birliyinə üzv ola bilər. Əlbəttə, sizin əlinizdə bitib-tükənməyən bəhanələr, həmişə gizli saxladığınız kürd, erməni kartları varkən nəinki 3000-ci ildə, ümumiyyətlə, heç vaxt bu üzvlük reallaşmayacaq.

Amma Türkiyə bundan əsla itirməz, kiçilməz! İtirsə Avropa itirər, Qərb itirər. Minnətiniz olsun. Necə ki, Suriya, İŞİD məsələsində bu ehtiyac bir daha özünü göstərdi – qoca qitə Türkiyə ilə anlaşmalı oldu. Yəni qardaş ölkənin harasa üzv olmasına xüsusi lüzum yox. Çünki özü Avropa Birliyi boyda, hətta ondan da artıq güc-nüfuz yiyəsidir.

Zatən, müsəlman Türkiyəyə qarşı xristian Qərbdəki antipatiyanın tək səbəbi də elə bu.