Belə görünür ki, başqa cür mümkün deyil, əziz oxucular, xalqın taleyini, millətin mənafeyini, dövlətin gələcəyini düşünəndə gərək hakimiyyəti özündən sonra daha etibarlı adama verəsən.
Ağlınız Hollandiyaya, Finlandiyaya, Norveçə, İsveçə, İrlandiyaya, İslandiyaya getməsin, bizim meridian və paralellərdə heç kəsə etibar yoxdur. Hər halda, Tacikistanın “peşvoy millət”i (“millət atası”) İmomali Rahmon bunu hamıdan yaxşı bilir. Nə də olmasa, adam 22 ildir millətinin lideridir.
Hazırda xəbər saytlarında belə bir informasiya var ki, Tacikistan sülalə hakimiyyətinə doğru gedir. Bu iddia ona görə əmələ gəlib ki, srağagün Tacikistanda referendum keçirilib və qədirbilən tacik xalqı konstitusiyaya təklif edilən dəyişiklikləri, demək olar ki, yekdilliklə dəstəkləyib. İmomali Rahmon ömürlük prezident olmaq hüququ qazanıb, üstəlik, prezidentliyə namizədlərin yaş həddi 35-dən 30-a qədər azaldılıb ki, prezidentin oğlu Rüstəm 2020-ci ildə, 33 yaşı tamam olanda atasının yerini tuta bilsin.
Sonrası da Allah kərimdir, əgər Rüstəmin başına bir iş gəlsə (dünya ölüm-itim dünyasıdır, nə bilmək olar), yerində balaca qardaşı Somon (Qurbanəli) olacaq. Əslində, cənab Rahmon öz hakimiyyətini patriarxal xətt üzrə yox, matriarxal marşrutla ötürmək istəsəydi, seçim etmək imkanı daha böyük ola bilərdi. Namxuda, “peşvoy millət”in qızları çoxdur: Füruzə, Azadə, Ruhşanə, Təhminə, Pərvinə, Zərinə və Fərzanə.
Camaat “yeddi oğul istərəm, bircə dənə qız, gəlin” deyə alqış edər, arzusuna çatar, İmaməli ağa nə təhər şiddətli arzu edibsə, yeddi qızı, iki oğlu var. Amma ziyanı yoxdur. Yeddi qız yeddi kürəkən, damad deməkdir, Rahmon onların hərəsinə bir nazir vəzifəsi, komitə sədri postu, xidməti rəisi görəvi versə, dalını dağa söykəmiş kimi bir şey olar.
Tacikistanın özü isə balaca ölkədir, həm də kasıbdır. Düzdür, taciklər qürurlu xalqdır və dünyanın ən uzun bayraq sapına (bizimkindən 2 metr uzundur) malik olmaları ilə fəxr edirlər, amma kasıbçılıq olanda çox qürurlu-qürurlu guruldamaq olmur. Bəlkə ölkədəki məmur tayfası, hər yerdə olduğu kimi, hallı-pullu olduğuna görə qürur, təkəbbür sərgiləyə bilər, amma əllərindəki süpürgə, döşəməsilən, tozsoranla Moskvanın, Sankt-Peterburqun təmizlik işlərinə baxan yüz minlərlə tacik qürur-filan hayında deyil,onlara şörəkpulu lazımdır, o isə Düşənbədə, Gülabda, Xocənddə, Kurqantəpədə, İstaravşanda, Qəniabadda, Pencikənddə, Xoroqda, Tursunzadədə və o biri qəsəbələrdə, aullarda yoxdur.
Araşdırmaçı jurnalistlərin sözü olmasın, bəs görəsən, hazırda yaşı 30-a çatmayan varis, gələcək prezident, yəni yeni “peşvoy millət” nə işlə məşğuldur?
İnternet resurslarından, türkün sözü, dərləyib, dənləyib topladığımız qeydlərdən məlum olur ki, Rüstəm çox işli-güclü oğuldur. Əvvəllər Tacikistanın futbol təsərrüfatına rəhbərlik edib. Düzdür, o, ölkə futbolunu bay edə bilməyib, amma yaxşı təcrübə toplayıb. Hazırda isə Rüstəm gömrük xidməti çərçivəsində qanunsuz faəliyyətlə mübarizə işinə baxır. Gömrükdən quş uçanda da Rüstəm bilir, postlardan maye heroin, toz kokain, yarpaq marixuana keçiriləndə də. Bundan başqa, gənc varis Tacikistanın gənclər birliyinin (müasir komsomol) sədridir. Olimpiya şurası komitəsinin Asiya ilə beynəlxalq əlaqələr üzrə departamentinə də Rüstəm rəhbərlik edir.
Bundan əvvəl o, investisiyalar və dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsində şöbə rəhbəri, həm də Düşənbə şəhər şurasının üzvü olub. Başqa sözlə, gənc varis dövlət işi üçün hərtərəfli yetişir, yetişdirilir. Yəqin ki, növbəti parlament seçkilərində Rüsrəm deputat seçiləcək, sonra Dariqa Nazarbayeva kimi baş nazirin müavini təyin ediləcək. 2020-ci (bəlkə də 2025-ci) ildə isə bir də eşidəcəyik ki, Tacikistanda hakimiyyət dəyişikliyi baş verib, prezident İmamali Rahmonun yerinə Rüstəm İmamali seçilib.
Beləcə, 50 il boyunca (ən azı) Tacikistanda hakimiyyətdə rahmonzadələr olacaq. O vaxta qədər Avropa ölkələrində yeddi baş nazir dəyişəcək, amma əsas məsələ ölkədə siyasi sabitliyin olmasıdır, rifah-filan boş şeydir, camaat necə olsa, başını dolandıracaq.