Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı maraqlı tarixi əsəri var. Orada bir epizod şeyxülislam mövzusunda zarafatla bağlıdır. Zarafat haqda az sonra, indilik bu əsərdə, ümumən tariximizdə müəyyən məsələlərə münasibətdə hiss elədiyim bir neqativ haldan bəhs edəcəyəm.
Bəlkə çoxları bilmir, Süleymanovun bu əsəri ilk dəfə 1984-cü ildə, “Azərbaycan” jurnalında dərc edilib. O üzdən, sovet senzurasının bir çox detalları çapa buraxması maraqlıdır, misal üçün, əsərdə inqilabdan öncəki Bakının, bəzi milyonçuların müsbət obrazları, xalq üçün gördükləri işlər təsvir edilib. O vaxtlar hələ yenidənqurma başlamamışdı, “Böyük Oktyabr Sosialist İnqilabı”ndan qabaqkı dövrü isə tamamilə zülmət adlandırmaq dəbdə idi. Ancaq yenə də Süleymanov ADR hakimiyyəti dövrünü xeyli qaralamışdır. Bununla işim yox – dövr belə tələb edirdi. Sadəcə, maraqlıdır ki, bütün sovet dövrü yazıçıları və tarixçiləri Azərbaycan Demokratik Respublikasını adətən qiyabi, indiki terminlə desək, virtual üsullarla tənqid edirdilər. Müsavatçıları söyürdülər, ancaq respublikanın adını çəkmirdilər! Rəsulzadəni təhqir edirdilər, ancaq bu adamın kimliyini, nə iş gördüyünü açmırdılar. Çünki insanların belə-belə həqiqəti öyrənəcəyindən qorxurdular. Yeri gəlmişkən, rejissor Əjdər İbrahimovun 1971-ci ildə çəkdiyi, ancaq yenidənqurma dövründə kinoteatrlara buraxılan “Ulduzlar sönmür” filmində üçrəngli Azərbaycan bayrağının təsvirləri var. Bəlkə elə bu üzdən film qeyri-rəsmi qadağan edilmişdi.
Əlbəttə, adamların mövqeyinə yer vermədən tənqid, təhqir eləmək bütün avtoritar rejimlərin mahiyyətində var. Sovet dövründə bu temada məşhur söhbət var idi: Engelsin “Anti Dürinq” əsərini hamıya zorla tədris edirdilər, ancaq bu Dürinq kim olub, heç kim bilmirdi. Elə indiki Azərbaycanda da yapistlər müxalif fikri boğmaq siyasətində bu cür senzuradan yararlanır. Tarixi saxtalaşdırır, özlərinə sərf etməyən adamların adlarını, bütöv siyasi qurumları kitablardan “silirlər”.
Qayıdıram Süleymanovun əsərindəki zarafata. Yazır ki, Bakının neft milyonçuları qəfil sel kimi gələn pullardan çox qudurub Kursk şəhərindən Rayev soyadlı bir mer gətirib şəhərə rəhbər qoyubmuşlar. O vaxt Rusiyanın Qafqaz canişini oturan Tiflisin meri ildə 4 min manat, Bakı meri isə 20 min manat maaş alırmış! Təsəvvür edin, o vaxt hətta Rusiya imperiyasının nazirlərinin illik maaşı 15 min manat imiş. Rayev də bu səfeh milyonçular şəhərini qaz kimi yolurmuş – Bakıya lazım olan hər şeyi Kursk zavodlarına – öz yerlilərinə çox baha qiymətə sifariş verirmiş. Qohum-əqrəbasını yığıb gətirib hərəsinə bir yüksək maaşlı avara vəzifə veribmiş. (Necə tanış mənzərədir – Z.H.). Bir gün Bakı bələdiyyəsində şəhər ictimai tualetləri üçün aftafaların hardan, neçəyə alınması müzakirə ediləndə bələdiyyə üzvü Kərbəlayı İsrafil Hacıyev deyir: “Cənab Rayev, yaxşı olar aftafaları Kursk zavodlarına sifariş verəsiniz. Bir də 4 aydır müsəlmanların şeyxülislamı vəfat edib, yeri boşdur, mümkündürsə xahiş edirik onun yerinə də Kurskdan bir şeyxülislam gətizdirəsiniz”.
Dünən bizim media lentində şeyxülislamımız, hörmətli Allahşükür Paşazadə haqda növbəti “cinayət işində adı keçir, qohumları alverdə pul atıblar, yeznəsi filankəslə şərikdir, qardaşı behmənkəsi bulağa susuz aparıb gətirir, biznesi inkişaf edib” tipli məqaləni gördüm. Fikirləşdim ki, ey dadi-bidad, görəsən biz haçansa şeyxin ruhani məsələlərlə yanaşı da adını oxuya biləcəyikmi? Yoxsa elə həmişə bu tip alver, kriminal, siyasət, repressiya, məddahlıq söhbətləri olacaqdır? Təsəvvür eləməyə çalışdım ki, Allahşükür bəy insanları düzgünlüyə, yalan danışmamağa, şərə boyun əyməməyə çağıran bir nitq irad edir.
Alınmadı. Ancaq Kurskdan təzə şeyx gətirməyimizi çox asanlıqla təsəvvür elədim.