Türkiyə daxili siyasi sistemi və sabitliyi növbəti sınaqla üz-üzədir. Sabah AKP-nin qurultayında baş nazir Əhməd Davudoğlunu partiya sədri qismində digər bir şəxs əvəzləyəcək və bununla da ölkədə yeni baş nazirin dönəmi başlayacaq.
Davudoğlunun xələfi faktiki surətdə bəllidir. Onun öz sələfi kimi güclü siyasi fiqur olmayacağı da məlum. Yeni baş nazirin olduqca mürəkkəb bir dönəmdən keçən Türkiyə üçün nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.
Təzə baş bakan yeni hökumət qurmaqda çətinlik çəkməyəcək, çünki parlamentdə APK-çi deputatlar yetərli səs çoxluğuna malikdir. Demək, ölkə ötən ilki kimi hökumət krizi yaşamayacaq ki, bu da dar macalda heç də az önəm kəsb eləmir.
Qardaş ölkədə baş nazir dəyişikliyini zəruri edən səbəblərə gəlincə, əksər təhlilçilər bunu həm də prezident Rəcəb Tayyib Ərdoğanın konstitusiya dəyişikliyi planı ilə əlaqələndirirlər. Məlumdur ki, Ərdoğan indiki səlahiyyətləri ilə parlamentli respublika olan Türkiyənin prezident postuna bir növ “sığmır” və prezidentli respublikanın prezidenti olmaq arzusundadır. Davudoğlu isə deyilənlərə görə, bu yöndə ona mane yarada biləcək fiqurlardan idi.
Ancaq indiki prezident istəyinə nail olacaqmı, Türkiyə toplumu uzun on illərin sınağından çıxmış, həm də uğurla sınaqdan çıxmış mövcud siyasi idarəçilik sisteminin dəyişməsinə necə, səs verəcəkmi, ən önəmlisi, yenə Ərdoğanı dəstəkləyəcəkmi, ona “Yola davam et!” deyəcəkmi? Bəs prosesin özü qəliz bir dönəmdə Türkiyə daxilində lüzumsuz siyasi silkələnmə yaratmayacaq ki?
Söyləmək çətindir. Bir şey dəqiqdir ki, güclü xarizmatik lider kimi indiki Türkiyə prezidentinin belə bir hədəfi həm ölkə daxilində, həm də və ələlxüsus, Qərbdə tənqidlə qarşılanır, prezident Ərdoğanın avtoritarizmə meylliliyi kimi qiymətləndirilir. Çünki demokratik dünya konstitusiyanın bir şəxsin hakimiyyət maraqlarına uyğunlaşdırılmasına həmişə pis baxıb və bunu şəxsiyyətə pərəstiş mühitinin güclənməsinə aparan yol kimi qəbul edib.
Adekvat surətdə siyasətçinin özünü konstitusiyaya uyğunlaşdırması həmişə alqışlanıb, çünki demokratik rejimlərdə hakimiyyətlər, hökumətlər, prezidentlər gəldi-gedər, konstitusiya isə qalandır. Konstitusiyaya dəyişiklik lazımsa belə, bu, hüquqi dövlətdə yalnız hakim qüvvənin marağında olmayan dəyişiklik ola bilər. Yəni məntiqlə Türkiyəyə prezidentli idarəçilik gərəkdirsə, o zaman yeni konstitusiya dəyişikliyi Ərdoğandan sonrakı prezidentə şamil oluna bilər.
Şəksiz ki, son sözü Türkiyə elektoratı deyəcək və onun rəyi də hamı üçün, o cümlədən Qərb dünyası üçün mötəbər olacaq. Türkiyədə isə nə yaxşı ki, seçkilərə hiylə qatılmır. Qardaş ölkədə proseslərin legitim, konstitusion məcrada cərəyan eləməsi isə Azərbaycan üçün də çox mühümdür. Zira, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi, Allah eləməmiş büdrəməsi, Azərbaycanın büdrəməsidir.
Qardaş ölkənin güc-qüdrəti isə bilavasitə onun daxili siyasi sisteminin demokratikliyindən, hakimiyyət qollarının legitimliyi və ordu amilindən, bütün bunların yekunu kimi də daxili sabitlikdən qaynaqlanır. Önəmli olan bu. Yerdə qalanlar ikinci, üçüncü dərəcəlidir.
Arzu edək ki, AKP-nin 22 may qurultayından sonra da konkret şəxslər və siyasilərdən daha çox, Türkiyəmiz və Türkiyə toplumu, bir də Azərbaycan uduşda olsun.