Ötən ayın bu günləri Qazaxıstanın paytaxtı Astana idik. 5 gün ərzində şəhərdə gəzdik, müşahidələr apardıq, yazılar yazdıq.
O vaxt Astanada əmin-amanlıq idi. Əhalisi sarıdan milyonluq şəhər olduğundan orada “qu desən qulaq tutulmazdı”, amma şəhərdə, ümumilikdə ölkədə sakitlik vardı. İnsanlar işinə-gücünə gedir, “Xan Şatır”da alış-veriş edir, meyramxanalarda yeyib-içir, əylənir, Bayterek meydanında dincəlirdilər. Sanki elə bir dərdləri, problemləri yox idi.
Əlbəttə, biz mətbuatdan bunun zahiri görüntü, aldadıcı mənzərə olduğunu bilirdik. Çünki avtoritar rejimlər tərəfindən idarə olunan ölkələrdə heç vaxt həqiqi əmin-amanlıq, sakitlik olmur. Mütləq alt təbəqələrdə gərginlik ocaqları oluə bir gün o, tektonik süxurlar hərəkətə gəlir.
Astanada söhbət etdiyimiz şəxslər (qazaxlar və bu ölkədə yaşayan azərbaycanlılar) siyasətdən çox danışmırdılar. Bəzən hətta siyasətlə bağlı konkret suallarımıza cavabdan yayınırdılar. Elə bunun özündən də görünürdü ki, Qazaxıstanda siyasi arena inhisardadır və siyasət xətalı mövzu sayılır.
İnsaf naminə demək lazımdır ki, Qazaxıstanın Özbəkistan və ya Türmənistan olmadığı açıq-aşkar idi. Bu ölkələrdən gələn və ya əcnəbi jurnalist olaraq orda işləyən həmkarlarımız danışırdılar ki, əgər bu saat Özbəkistanda olsaydınız, hər addımınız azı beş çuğul tərəfindən izlənərdi, ölkənin bir yerindən başqa yerinə sərbəst gedə bilməzdiniz, hətta sərhəd-keçid məntəqələrində sizə problem yaradardılar.
Ancaq Qazaxıstanda o cür sərt diktatura olmadığı göz önündəydi. Bizi izləmirdilər, ölkənin əsaslarını hansısa vasitələrlə sarsıtmaq niyyəti güdən əcnəbi kəşfiyyatçı hesab etmirdilər. Heç küçədə polis patrulları da çox gözə dəymirdi. Əslində polis gücü ilə idarə olunan dövlətlərdə fərqli olur – addımbaşı poqonlu, mundirli qulluqçulara rast gəlirsən. Onlar öz mövcudluqları və gözə girmələri ilə həm yerli insanlara, həm də əcnəbilərə təlqin edirlər ki, ölkə sahibsiz deyil, hamı nəzarətdədir.
Açığı, qazaxlar bizim gözümüzə idarə olunmağı, itaəti, qayda-qanunlara riayəti sevən millət kimi görünürdülər. Ancaq çoxdan bu ölkədə yaşayan tarixçi-akademik Vidadi Salahovla söhbətimiz zamanı o belə bir fikir işlətdi: “Qazaxları bilmək olmaz. Bir də gördün, qıpçaq əcdadları kimi atlarını mindilər və sarayın üstünə sürdülər”.
Burada “atlarını minmək” söhbəti, əlbəttə ki, məcazi məna daşıyırdı, söhbət qazaxların haqsızlıqla üzləşəcəkləri halda etiraza qalxmalarından gedirdi.
O da unudulmamalıdır ki, 1986-cı ildə SSRİ dövründə ilk dəfə milli zəmində etiraza qalxan xalq məhz qazaxlar olmuşdu.
Bu baxımdan nə qədər itaətkar olsalar da, qazaxların içindəki potensial protest ruhunun bir gün oyanması təəccüblü deyil.
Üstəlik, bu dəfə etiraz predmeti torpaqdır. Türk qövmləri üçün daima əkin-biçin, örüş, otlaq yeri olaraq həssas səciyyə daşıyan torpaq məsələsi, onun əldən çıxması, itirilməsi qorxusu qazaxları ayaqlandıra bilərdi və informasiyalardan da məlum olur ki, elə olub.
Ümumiyyətlə götürsək, Qazaxıstanda məmur özbaşınalığı, harınlığı, acgözlüyü, korrupsiya və rüşvətxorluq halları Azərbaycandakı qədər deyil. O ölkədə əkin-biçinlə, maldarlıqla (eləcə də başqa biznes sahələri ilə) məşğul olub pul-para qazanmaq bizdəkinə nisbətən daha əlverişlidir. Bununla belə, qazaxlar bu duruma qane olmayıb yeni qəbul olunmuş torpaq məcəlləsinə etirazlarını bildirirlərsə, demək, əndişələnmələri əsaslıdır. Avtoritarzmin boy göstərdiyi ölkədə repressiyadan qorxmayaraq etiraz bildirmək, bu riskə getmək asan iş deyil. Demək, səbəb qorxudan güclü olub.
Həmişə olduğu kimi, yəqin ki, qazaxların torpaq davasında da “xarici barmaq” amilinin izi axtarılacaq və “tapılacaq”. Hər zaman belə olur. Sərt rejimlər hesab edirlər ki, həmişə müti olan camaat bir gün ayağa qalxırsa, ona xaricdən dil verən olur, yoxsa heç nə olmazdı.
Bu, yanlış rəydir. Bıçaq sümüyə dayananda camaat xarici-daxili barmaq hayında olmur, qalxır, səsini qaldırır. Hərçənd bəzi qüvvələr ictimai hərəkətlənmədən öz xeyirlərinə istifadə eə bilirlər.
Hələlik isə Qazaxıstanda belədir: prezident Nazarbayev qoca olmasına rəğmən gümrah və güclüdür və addım-addım öz varis planını həyata keçirmək istiqamətində irəliləyir.