Deyirlər pis sülh müharibədən yaxşıdır. Amma o da var ki, əsl sülhün gəlişi ləngidikcə, müharibəyə “ehtiyac” da artır. Məcburiyyətdən doğan zərurət kimi. Qarabağ düyünü də neçə vaxtdır “nə hərb, nə sülh” şəraitində mövcudluğunu davam etdirməkdədir. Belə görünür, böyük güclər 24 ildən sonra da onu kəsməyə tələsmək istəmirlər.
Deyəsən, apreldəki 4 günlük savaş da onlarda bu stimulu yaratmayıb. Hər halda, Qarabağa dair Vyana görüşü “pis sülh” rejimini saxlamağa yönəliknövbəti tədbir təəssüratı yaratdı. Ola bilsin belə durum hamını, o cümlədən münaqişəyə cəlb olunmuş tərəflərin siyasi iqtidarlarını qane edir. Amma Azərbaycan xalqını 100 faiz qane eləmir. Heç rusun əlində oyuncaq olan bədbəxt ermənini də yəqin ki, qane etmir. Ona görə ki, vaxtaşırı alovlanan münaqişədə itki verən yalnız bu iki xalqdır.
İndi də bəzi skeptiklər iddia edir ki, münaqişə Fələstin problemi kimi 100 il uzana bilər. İlk baxışda belə görünə bilər. Amma Fələstin məsələsinin həllinə əsas əngəl, yaxud məsələdə söz sahibi ABŞ-dırsa, Dağlıq Qarabağ münaqişəsində – Rusiyadır. Bu, bir yandan yaxşıdır, digər yandan isə – yox.
Yaxşıdır, ona görə ki, Rusiya ABŞ kimi qüdrət sahibi, stabil güclü dövlət, supergüc deyil və günün birində ayağı büdrəyə bilər. O zaman Azərbaycan üçün fürsət, şans açılacaq. Pisdir o səbəbə ki, ermənilərin 200 illik müttəfiqi və havadarı kimi, Moskva eyni zamanda bizə ən böyük və qonşu ölkə kimi münaqişədən istifadə edib Azərbaycana əlavə problem yarada bilər.
O da aydındır ki, Rusiyadan bizə heç vaxt dost ölkə çıxmayıb, çıxmayacaq. Əgər bir ölkə bizim 1 nömrəli dostumuzun – Türkiyənin düşməni, 1 nömrəli düşmənimiz – Ermənistanın isə dostudursa, hər şey aydındır, ondan yaxşılıq, ədalətli həll modeli-filan gözləməyə dəyməz. Özümüzü aldatmayaq.
Yeri gəlmişkən, prezidentlərin Vyana görüşünün bir mühüm nəticəsi də odur ki, o, Türkiyənin bizim üçün indiki və bundan sonrakı önəmini qabarıq şəkildə ortaya qoydu, qardaş ölkənin vasitəçilikdən uzaqlaşdırılmasının, onun yerinə Fransanın gətirilməsinin nə dərəcədə yanlış olduğunu göstərdi.
Bunun nəticəsidir ki, Azərbaycan neçə vaxtdır bu kimi görüşlərdə yalqız kimidir – Türkiyənin uzaqlaşmasından sonra balans minimal şəkildə belə gözlənilmir, o səbəbə.Ancaq yaxşı ki, iki qardaş ölkə arasında ikitərəfli əlaqələr yüksək səviyyədə davam edir. Yəni Türkiyə vasitəçilikdə olmasa da, vasitəçiliyə və vasitəçilərə öz ciddi təsirini saxlayır, özünün siyasi, hərbi, iqtisadisanbalı ilə, vazkeçilməzvə çəkindirici regional supergüc olması ilə Azərbaycanın təklənməsinə imkan vermir.
Vyana görüşü qardaş ölkənin Azərbaycanla əlaqələrinindəyərini, məxsusən hərbi əməldaşlığın önəmini bir daha nümayiş etdirdi. Bu əlaqələri durmadandərinləşdirmək, heç nəyə məhəl qoymadan inkişaf etdirməkimperativini ortaya qoydu. Çünki müharibə hələ bitməyib.
İndiyədək Qarabağa dair təslimçi sülh sazişinin Azərbaycana sırına bilməməsinin tək səbəbi də elə Türkiyə amildir! Vyana görüşü ərəfəsi qardaş ölkənin müdafiə naziri İsmət Yılmazın Qəbələdən verdiyi mesaj bu xüsusda olduqca qiymətlidir və hər şeyə dəyər. Nazir dönə-dönə bəyan elədi ki, Türkiyə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa eləməkdə ona kömək etməyə, o cümlədən hərbi kömək göstərməyə (!) hazırdır, yetər ki, Bakı bunu ondan xahiş eləsin.
Türkiyəmizdən möhkəm yapışmalıyıq!Nicatımız onunla əbədi birlik və qardaşlıqdadır. Qarabağ məsələsində son və yekun sözü də gec-tez bu müttəfiqlik deyəcək. Kimsənin buna quşqusu olmasın!