Laçının işğalından neçə ilsə keçdi. Saymağın önəmi qalıbmı? İndi Laçının bizim olduğunu xatırlayan adamların neçəsi sağdır? Hər hansı ərazini vətən edən insanlardır. İnsanlar olmayandan sonra, zaman keçdikcə bu statuslar, dəhlizlər, referendumlar da mənasızlaşacaqdır. Bu “kinoya” Zəngəzurda, İrəvanda, Göyçədə baxmışıq.
Yaddaş deyə bir şeyimiz sanki əvvəldən olmayıbdır. Bəzi köksüz bitkilər olur, içində su olan hansı qaba qoysan orda yaşamaqda davam edir. Onlara bənzəyirik.
Ancaq uca millətimizi kədərli söhbətlərlə istismar etmək fikrim yoxdur. Bu, düzgün yol deyil. Əylənmək lazımdır. Deyib-gülməliyik. Dərd çəkmək bizə qalmayıb. Üstəlik, bu cür analoqu olmayan iqtisadiyyatımız var ikən, dərd çəkməyə dəyərmi?
Hərçənd, bəzi xarici qüvvələrin bu uğurlarımızı gözü götürmür. Avropa Məhkəməsində Azərbaycanı hakim sifətində təmsil edən Xanlar Hacıyev adlı adam var. Bəlkə yalan olmasın min ildir orda işləyir. Hakim limiti, ona ayrılan vaxt neçə dəfə bitib, ancaq yerinə qoymağa bir adam tapılmır. Daha doğrusu, yapistlər azı 6 nəfərin namizədliyini irəli sürüblər, lakin avropalılar rədd ediblər. Bizim məhkəmə sistemini bəyənmirlər. Deyirlər bunlar hamısı sifarişli hökmlər kəsən, yalançı, saxtakar, cinayətkar adamlardır.
Əcəb ikiüzlü dünyadır. Sən bizim başqa məmurları bəs necə qəbul edirsən? Azərbaycan Avropa Şurasının ürəyidir, can-ciyəridir. Yapistlərin neftin neft vaxtında Strasburqa axıtdığı kürü, hədiyyə, pulun əməllicə boru xətti var idi. “Bakı-Strasburq kürü xətti” adlanırdı. O cümlədən, ABŞ, Britaniya, Fransa, Norveç və sairə dövlətlərin Bakıdakı səfirləri azərbaycanlı gənclərə türmələrdə, polis idarələrində işgəncə verilməsinə göz yumurlar, opera gecələri, bambılı seminarlar qayırırlar. Rayonları gəzib piti küpəsinin dibini yalayırlar, “Ooo, əla qutabınız var” deyə gəyirirlər. Yenə Yaponiya səfiri bunların hamısından səmimi çıxdı, tualet qayırıb işarə verdi ki, sizinlə əlaqələrə ancaq “çiş” eləmək olar. Başa düşən lazım idi.
Bəlkə də biz Avropa Məhkəməsinə hakim yox, elə hansısa polis rəisi ezam etməliydik. Gedib hamısının evinə kilo yarım heroin qoyub, polis maşınına basıb gətirərdi, Kürdəxanıda istirahət edib ağıllanardılar. Buna imkanlarımız hələ qalır. İki gün qabaq mən bulvar tərəfə getmişdim, gördüm bütün küçələri Formula-1 yarışı üçün qəfəslərə bürüyüblər. Əla mənzərə idi. Hələ Bakımız belə gözəl, təbii dustaqxana görkəmində olmamışdı. Məncə yol kənarlarındakı həmin qəfəsləri yarışdan sonra da saxlasınlar. Adam özünü rahat, əmin-amanlıqda hiss edir. Türmə gözəl şeydir. Millətin türmə ədəbiyyatı adlı cızmaqaralara, vor-zakonlar haqda kitablara sevgisinin kökündə elə bu rahatlıq duyğusu dayanır. Türmə qul üçün ən rahat yerdir. Heç bir məsuliyyətin olmayan, yemək-içməyindən tutmuş qorunmağına qədər hər şeyi başqalarının elədiyi bir yerdir türmə. Türmə, qulun azadlıq arzusunun təcəssümüdür. Qul, ancaq orda azad olur, Məhəmməd Əminin məşhur fikrini ironik deformasiyaya uğradıb burda belə yaza bilərik: “Hökumət türmələrdə bizə azadlıq dadızdırır, biz bunu unutmayacağıq!”
“Vəzifədən çıxandan sonra Azərbaycanda sakit, ucqar bir yerdə yaşayacağam”. Bu yaxınlarda bu fikiri ekologiya və təbii sərvətlər naziri H.Bağırovun dilindən çıxmışdı. Sanki illərdir brakonyer məmurlarla, meşələri qıran yapistlərlə, Bakının ağaclarını mələdən quldurlarla qanlı savaşlarda imiş, dincəlmək üçün imkan gəzirmiş. Hələ o nazirliyin adındakı “təbii sərvətlər” hissəsi lap karikaturadır. Bizdə təbii sərvət varmış… Xəbəriniz olsun, ay camaat. Bir də gördün “sizin neftiniz, qazınız, suyunuz var” dedilər. Adam havalanar.
Üstəlik, indi bizdə hər yer sakitdir. Siyasi baxımdan səhvə yol vermək olmaz. Qurd quzu ilə otlayır. Ucqarda da, paytaxtda da. Hələ adama imkan verirlər, pul ayırırlar gedib Antarktidaya YAP-ın emblemini yapışdırsın, pinqvinlərə “Şöhrət” ordeni versin. Nankor olmayaq.