Bu günlərdə ABŞ prezidenti Barak Obama Ağ Evdə jurnalistlərlə görüşündə prezidentliyə respublikaçı iddiaçı Donald Trampa sataşdı. Trampın Amerika prezidenti olmasının mümkünlüyü haqda suala zarafatla cavab verən Obama dedi ki, onun xarici siyasətdə doğrudan da böyük təcrübəsi var. “Cənab Tramp bir çox dünya liderləri ilə, Miss Azərbaycan, Miss Argentina və digərləri ilə görüşüb”-Obama respublikaçı maqnatın “Dünya gözəli” yarışmasının sahibi olmasına işarə edərək bildirdi.
Mətbuat Obamanın bu sözlərini uzun müddət müzakirə etdi. ABŞ prezidenti Trampın “Miss Azərbaycan”la görüşünü deyərkən səhv etməmişdi. Çünki 2013-cü ildə Moskvada keçirilən dünya gözəli müsabiqəsində Azərbaycan gözəli də iştirak etmişdi və Donald Trampa görüşmüşdü.
Virtualaz.org xəbər verir ki, indi ABŞ-ın “Politico.com” saytı bu müsabiqənin necə keçirilməsi haqda yazır. Bildirir ki, 2013-cü ildə keçirilən bu müsabiqə Trampın Rusiyaya sevgisini və Vladimir Putinin ona simpatiyasını izah edir.
“2013-cü ilin iyununda Donald Tramp möhtəşəm xəbəri paylaşdı: tezliklə o, dünyanın onlarla ən gözəl qadınını Rusiyada müşaiyət edəcək”-məqalədə bildirilir.
Həmin gün Donald Tramp növbəti tvitində yazıb ki, “Kainat gözəli” müsabiqəsi Moskvadan canlı yayımlanacaq. Həmin vaxt Tramp “Kainat gözəli” müsabiqəsinin mülkiyyət hüququna malik idi. “Bu, bizim ölkələrimizi birləşdirəcək möhtəşəm hadisə olacaq”-tikinti maqnatı əlavə edib.
“Necə düşünürsünüz, Putin “Kainat gözəli” müsabiqəsinə gələcəkmi? Əgər gələcəksə o, mənim ən yaxşı dostum olacaqmı?”-Donald Tramp növbəti tvitlərində yazırdı.
İndi Tramp respublikaçıların prezidentliyə namizədi olmağa can atdığı bir vaxtda tez-tez Putinlə isti münasibətlər haqda danışır. “Bu isə Vaşinqton siyasi elitasının Ukrayna və Suriyadakı fəaliyyətinə görə Putini cəzalandırmaq barədə yekdil mövqeyi ilə kəskin ziddiyət təşkil edir”-“Politico” yazır.
“Mən Rusiyanı yaxşı tanıyıram. İki, ya üç il əvvəl mən orada mühüm mərasim keçirmişəm, möhtəşəm mərasim”-Tramp mayın 6-da Fox News telekanalına deyirdi. Bəs Tramp o vaxt Moskvada Putinlə görüşübmü? Maqnat bu suala birbaşa cavab verməyib: “Mən çox adamla tanış olmuşam. Və bilirsiniz nə var? Ruslar Birləşmiş Ştatların dostu olmaq istəyir. Bəyəm yaxşı olmazdı ki, biz doğrudan da hər şeyi yoluna qoyaq”-ekstravaqant respublikaçı deyib.
Məqalədə Trampın “Putinlə bağlı olan azərbaycanlı milyarder və daşınmaz əmlak maqnatı” Araz Ağalarovla və onun 36 yaşlı oğlu Eminlə münasibətlərindən də danışılır. Bildirilir ki, Tramp Rusiyanın ultravarlı adamlarından olan Ağalarovlarla təmaslar qurub və onlarla daşınmaz əmlak sahəsində sövdələşmələrə girib.
Tramp Moskvadan qayıdandan sonra etiraf edib ki, Rusiyada tikinti biznesi onu həmişə cəlb edib. Və maqnat “Kainat gözəli” müsabiqəsinə “demək olar ki, bütün oliqarxların qatıldığını” fəxrlə danışıb.
“Politico” yazır ki, Trampı Moskvaya aparıb çıxaran hadisələr zəncirini Emin Ağalarov başlatmışdı. Eminin Trampa yolunun kəsişməsi isə “Kainat gözəli-2012” müsabiqəsinin qalibi Oliviya Kalponun sayəsində baş verib. 2013-cü ildə Emin onu mahnısının klipinə çəkib. Daha sonra “Kainat gözəli” müsabiqəsinin nümayəndələri Moskvaya gələrək Ağalarovla görüşüblər, nəticədə rusiyalı biznesmenləri Trampa təqdim ediblər.
Tramp bu müsabiqəni keçirmək hüququnu 1996-cı ildə alıb. “Düzünü desəm o vaxtdan bəri “kupalnik”lərin ölçücü kiçilib, kabluklar daha hündür olub, reytinq isə yuxarı dırmaşıb”-Tramp yanvar ayında bu biznesi haqda danışarkən deyib.
Trampa tanış olandan sonra Ağalarovlar onu inandıra biliblər ki, 2013-cü il “Kainat gözəli” müsabiqəsini Moskvada, onlara məxsus “Crocus Sity Hall”da keçirsin. “Bizim görüşümüz oldu…belə görünür ki, bir-birimizi bəyəndik və əl sıxışdıq, bir həftəyə müqavilə bağladıq”-Emin Trampa görüşü haqda “Forbes”ə danışıb.
Tramp isə müsabiqənin Moskvada keçirilməsindən məmnunluğunu ifadə edib yazırdı: “Bizim bu tədbirdə tərəfdaşımız Rusiyanın ən qüdrətli ailələlərindən biridir”. Hərçənd ki Tramp Moskvada təkcə gözəllik müsabiqəsinə deyil, daşınmaz əmlak biznesinə də maraq göstərdiyini gizlətmirdi.
Tramp Moskvada bu müsabiqəni keçirməyə hazırlaşanda Putinin ABŞ-la münasibətləri artıq gərgin idi. Buna baxmayaraq Tramp Putini də müsabiqəyə tamaşa etməyə dəvət edib. “Bilmirəm ki, gələcək ya yox. Ancaq biz dəvət etmişik, hələ cavab verməyiblər”-Tramp müsabiqə ərəfəsində deyib.
Putin isə şouya tamaşa etməyə gəlmədi. Müsabiqə rəvan keçdi, Venesueladan 25 yaşlı Qabriel İsler qalib elan olundu. Həmin günün axmasıTramp yaxşıca yeyib-içdi, Ağalarovla görüşüb biznes işlərini müzakirə etdi.
“Politico” yazır ki, Tramp hələ sovet dövründən Rusiyada daşınmaz əmlaka maraq göstərib. 1987-ci ildə o, SSRİ-nin ABŞ-dakı səfirinin dəvəti ilə Moskvada və Sankt-Peterburqda olub. Ancaq Trampın tikinti şirkəti ilə iş qurmaq istəyən tapılmayıb. 2008-ci ildə isə onun oğlu daşınmaz əmlak sövdələşmələri üçün Moskvada olub.
“Kainat gözəli” müsabiqəsindən sonra ABŞ-a qayıdan Tramp Rusiyanı xeyli tərifləyib. Ağalarovlara isə ayrıca təşəkkür edib. ”Mən Sizinlə və Ailənizlə möhtəşəm istirahət günləri keçirdim. Növbəti addım “TRUMP TOWER-MOSCOW”-o Ağalarova atdığı tvitdə yazıb.
Ağalarovlar da amerikalı maqnat dostlarına borclu qalmayıblar. Trampın səfərindən az sonra Emin yeni klipini buraxıb. Bu klipdə Donald Tramp işdə yatan Emini danlayır və məşhur frazasını deyir: “Tı uvolen!”
2014-cü ildə isə Tramp Eminin ad gününə videotəbrik göndərib. “Emin, inanmağım gəlmir ki, sənin artıq 35 yaşın var…Sən qalibsən, sən çempionsan!”-Tramp bildirir.
Tramp Putinlə görüşü haqda həmişə susur. Moskvada onunla xəlvəti görüşüb-görüşmədiyi haqda danışmır. Ancaq bu yaxınlara qədər Putinin ünvanına həmişə xoş şeylər danışırdı.
Lakin indi Trampın üzü dönüb. Seçki texnoloqları onu başa salıblar ki, Putinə qarşı sərt mövqedə olan amerikalıların səsini qoparmaq üçün Rusiya prezidentini tərifləmək olmaz…