Hər dəfə hansısa müxalif fikirli, rejimin əleyhinə hansısa formada çıxmış şəxs narkotiklə həbs ediləndə, insanlarımız bundan bezdiklərini söyləyirlər, iqtidarı daha yeni bir şərləmə üsulu fikirləşməməkdə qınayırlar. Bu həftə iki gənci də narkotikə bulayıb tutdular və eyni söhbətlər oldu.
Sosial şəbəkədə keçmiş siyasi məhbus, NİDA üzvlərindən biri Rəşadət Axundovun yazdığı bu xatirə olduqca maraqlı idi: “Siyasi fəallara narkotik ittihamına camaatın reaksiyası ilə bağlı bir müşahidəmi yazım. Həbs olunub Kürdəxanıya aparıldıq.
6 nəfərlik kameraya saldılar məni. İçəri girən kimi dustaqlarla tanış olmağa başladıq, oturub çay içərkən nəyə görə həbs olunduğum barədə suallar verdilər. Ətraflı danışanda dedilər ki, həəə, biz bu hadisəni radiodan eşitmişik. Molotov kokteyli, iğtişaş-filan bizə də təəccüblü gəldi, maraqla qulaq asmağa başladıq radioya. Dedik bu nəsə yeni şeyə oxşayır, birinci dəfədir eşidirik, yeni cinayət növüdür, öyrənək bu haqda, doğrudan yəqin nəsə etmək planlayıblar. Birdən eşitdik ki, diktor deyir ki, iğtişaşçıların evindən narkotik də çıxıb, kefimiz pozuldu, söndürdük radionu ki, əşi, qurama işdi, torbadı bu da, həvəsimiz qursağımızda qaldı”. Durumun tablosunu bundan yaxşı çəkmək mümkün deyil, çünki həyatın öz fırçasıyla çəkilmişdir.
Bəs görəsən niyə həmişə narkotik şərləməsi olur? Axı siyasi məhbusların statistikasına baxsaq, burada narkotik maddəsi minimum 60-70 faiz halda tətbiq edilir. Kiməsə xuliqanlıq, başqasına silah atmaq – bunlar nadir hallardır. Narkotikin repressiya aləti kimi populyarlığının bir səbəbi onun yüngüllüyü, cibə-filana atılmasının asanlığıdırsa, başqa səbəbi iqtidarın yeni repressiya üsullarına ehtiyac duymamasındadır. Biz haçan yeniləşib yeni üsullarla mübarizə apardıq ki, rejim də özünü yeniləməyə ehtiyac duysun?
Üstəlik, insanları hansı üsulla şərləyib tutmağın nəticələrə heç bir təsiri onsuz da yoxdur, yəni, ittihamın əşyayi-dəlilləri mənasız şeylərdir, heç hakim və prokurorlar da sifarişli cəza müddətini kağızdan oxuyanda adamın cibindən 2 qram, yoxsa 2 ton narkotik “tapılmasına” önəm vermirlər. Məhkəmə qətnamələrinin qərar hissəsinə Cırtdanın nağılını yazıb istənilən adama 10 il cəza kəsmək mümkündür. Biz guya Avropa Məhkəməsinin təsiri altındayıq, bütün konvensiyaları imzalamışıq, ancaq indiyə qədər Avropa Məhkəməsinin “dərhal azad edin” qərarı verdiyi neçə-neçə dustaq hələ də azadlıq üzü görmür. Avropa isə buna qarşı kəskin tədbirlər görmək yerinə yenə də yapist məmurlara, onların arvad-uşağına isti qucaq açır. Ona görə də, el məsəlində deyilən kimi, xiyar əyri bitir.
İndi tutulan gənclərin anarxist olduğu deyilir. Belə baxanda, bunun mahiyyətcə yapistlərin sevimli “dövlətçilik” tavtalogiyasına zidd gəldiyi düşünülə bilər…
Ancaq onlar nə qədər anarxistdirsə, bunlar da o qədər dövlətçidir. Prinsipcə, yapistləri daha çox anarxist saymaq olar, çünki respublikamızda anarxiya müxtəlif dövrlərdə məhz onların sayəsində öz buynuzunu göstərmişdir… Bizdə bəzən deyirlər ki, adam oğurluğu yoxdur. Bəs Çovdarovun illərlə MTN-ə basıb saxladığı, yüz minlərlə dollar alıb buraxdığı adamlar kimlər idi? Bəlkə Hacı Məmmədov anarxist deyildi?
Keçən il Avropa Oyunları vaxtı yapistlər şəhərin bəzi yerlərinə… qraffiti çəkmişdilər. O sənət ki, dünyada azad rəssamlar, lap elə anarxist gənclər məşğuldur, onu dövlət özü eləmişdi. Bununla sanki demək istəyirdilər: “Bu ölkənin artisti də bizim əlimizdədir, xalq rəssamı da, küçə sənətçisi də. İstəsək replə yaltaqlıq təşkil edərik, istəsək rok musiqiçiyə ”Şöhrət” ordeni verərik”. Heykəl üzərində qraffiti çəkən gənclərə qarşı qəzəbin şiddəti həm də bununla bağlıdır – onlar hakimiyyətin sənət üzərində hüququna müdaxilə etmişdir.