Bu günlərdə sabiq müdafiə naziri Rəhim Qazıyevlə bağlı maraqlı bir video yayılmışdı. Videoda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyıb Ərdoğan vaxtilə rəhbərliyində olduğu Rifah Partiyasının tədbirində Azərbaycana səfəri haqda danışarkən sözgəlişi Rəhim Qazıyev haqda pozitiv fikir söyləmişdi. O, Qazıyevi mücahid adlandırmış və demişdi ki, ermənilər onun başına 100 min dollar qoyublar.
“Cəbhə bölgəsində olarkən Rəhim Qazıyevin ayaqları üşüyür, bu üzdən başındakı papağını ayağına keçirir. Düşmən zənn edir ki, ayağı Qazıyevin başıdır, ona görə də müdafiə nazirinin ayağına atəş açırlar, yaralanır, amma Allahın möcüzəsi sayəsində sağ qalır”. Bu sitat da Ərdoğnın çıxışından idi.
Lakin həmin çıxışa müsavat.com-un kiçik bir şərhi keçmiş naziri özündən çıxarmış, onun “Yeni Müsavat” və onun kollektivi haqda təhqiramiz sözlər işlətməsinə səbəb olmuşdu. Əslində isə zamanında da yazdığımız kimi, şərhdə Qazıyevin şəxsiyyətini alçaldan heç bir şey yox idi. Böyük ehtimalla, onu qəzəbləndirən cümlə bu idi: “Bu hadisə (sui-qəsd məsələsi –red.) Rəhim Qazıyevin müdafiə naziri olması üçün əla PR-a çevrildi. O, bundan az sonra Azərbaycan Müdafiə Nazirliyinin başına gətirildi”.
Bunu niyə xatırlatdıq? Məsələ ondadır ki, bir zamanlar Şuşanı qorumaq üçün hərbi dəstə təşkil edib şəhərə gedən, Şuşadan ötrü canını verməyə hazır olduğunu deyən, 24 ildir Şuşa erməni tapdağı altında olsa da, sağ olan birisi haqda mərhum prezident, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin bu gün maraqlı fikri təkrarən yayılıb.
Kələkidən Bakıya qayıtdıqdan sonra, 30 oktyabr 1997-ci ildə “Azadlıq” qəzetinin akt zalında keçirilən mətbuat konfransında eks-prezident Heydər Əliyevin vətəndaş müharibəsinin qarşısının alınmasında xidmətini vurğulayan Ə.Elçibəy deyib: “Dəfələrlə demişəm ki, Sürət Hüseynov, Rəhim Qazıyev və Ələkrəm Hümbətov Rusiya Baş Kəşfiyyat İdarəsi tərəfindən ələ alınmış adamlar olublar. Biz onları xalqdan təcrid edə bilmədik. Heydər Əliyev isə bunu edə bildi. Bu, onun müsbət və üstün cəhətidir. Çox adam deyir ki, niyə onları vurmurdunuz? Vurub öldürmək nədir? Terrorçu dövlət deyilsən ki! Həbs eləmək lazım idi. Biz onları həbs edə bilmədik”.
Əlbəttə ki, zaman-zaman bu mövzu, bütövlükdə AXC hakimiyyətinin süqutunun səbəbləri ölkə gündəmində eninə-uzununa dartışılıb. Bununla işimiz yox. İş ondadır ki, Elçibəy təbii ki, sıradan biri deyildi və o dövrdə hələ dövlət postu tutmayan Ərdoğandan fərqli olaraq, qat-qat məlumatlı, bilgili şəxs idi. Yəni heç vaxt boşuna belə fikirlər söyləyə bilməzdi.
Yada salaq ki, adı çəkilən 3 nəfərdən biri – Ələkrəm Hümbətov vətən xaini kimi artıq ölkə xaricindədir və öz köhnə “missiyasını” davam etdirir – bu gün də mənfur ermənilərin maraqlarına işləyir. O biri – Surət Hüseynov da vətən xaini kimi bir şeydir, çünki el içinə alnıaçıq çıxa bilmir, üzü yoxdur. Qaldı Rəhim Qazıyev. İndi Qazıyev haqda Ərdoğan vaxtilə o sözü deyibsə, Ə.Elçibəy də bunu deyib. Biz deməmişik ki.
Bunlar öz yerində, ölkənin ikinci prezidentinin bu sözləri haqda cənab Qazıyev görəsən, nə düşünür və indi kimi aşağılamaq fikrindədir? Əslində Elçibəyin məlum fikri “Yeni Müsavat”ın Rəhim bəy haqda PR söhbətinin təsdiqidir, təkzibi yox. Ən azı o səbəbə ki, Qazıyevin müdafiə naziri kimi uğursuz və təsadüfi kadr olmasına şəkk-şübhə saxlamır…
***
Əlbəttə ki, insan öz işinin, vəzifəsinin öhdəsindən gələ də bilər, gəlməyə də. Bu faciə, fəlakət deyil. Faciə, fəlakət odu ki, yüksək dövlət postu tuta-tuta, müharibə gedən ölkədə müdafiə naziri vəzifəsində (!) ola-ola, xarici kəşfiyyata işləyəsən, yaxud prezident tərəfindən işləməkdə suşlanasan? Üstəlik, o da ola Rusiya kəşfiyyatı…
Təkzib gələcəkmi… və gec deyil ki? Nəhayət, qüsuru göstərən güzgüyə yumruq atmağa dəyərmi?