“Azərbaycan yatmış aslandır. Burda oyadırsan, gedir o biri yanda yatır”
(folklorumuzdan)
Dünənki yazımda Qələbə günü mövzusuna bir qədər toxundum, istərdim mövzunu davam etdirim. Bizdə almanlarla dava mövzusunda çoxlu lətifələr, xalq yaradıcılığı nümunələri vardır. Bir Şəki lətifəsi isə qısaca belədir ki, almanların güc gəldiyini görən şəkili bir alman əsgərinin meyitini soyundurur, formanı dəyişib keçir o tərəfə. Sonra sovetlər güc gələndə sovet forması geyir. Bu, bir neçə dəfə təkrar olunanda almanlardan biri dözmür, təmiz Şəki ləhcəsi ilə deyir: “Ə Abdulcabbar, haindi biryolluq ya o yana keç, ya bu yana, yoxsa özüm səni öldürəcəm, bezdirdin bizi”. Biz sovet vaxtı buna gülüb keçirdik, ağlımıza gəlməzdi ki, sırf elə bu lətifə həyatdan götürülmüşdür, kim bilir, bəlkə real hadisədir. İzah edim.
Rusiyanın cənubundakı tarixi şəhərlərdən birini, dahi yazıçı Anton Çexovun doğulduğu Taqanroq şəhərini faşistlərdən azad edənlərin azərbaycanlılar olmasını yəqin çoxunuz bilirsiniz. Həmin azərbaycanlılardan ibarət diviziyaya elə bu şərəfə görə “416-cı Taqanroq diviziyası” adı verilmişdi, diviziya Berlinə qədər, Qələbə gününə qədər, necə deyərlər, şanlı döyüş yolu keçmişdi. Ancaq elə həmin dövrdə Taqanroq istiqamətində almanlar tərəfdən döyüşənlərin də… azərbaycanlılar olmasını çox az adam bilir. Ancaq bu, tragikomik bir həqiqətdir. Əsir azərbaycanlılardan yaradılan, Vermaxtın (Alman ordusunun) 804-cü azərbaycanlı dağ-atıcı batalyonu həmin döyüşlərdə – Nalçik, Mozdok, Suxumi, Taqanroq istiqamətində – o qədər igidlik göstərmişdi ki, hətta fəxri “Aslan” batalyonu adı almışdı. Bir xalqın cəbhənin müxtəlif tərəflərində başqa-başqa dövlətləri və ideologiyaları qoruyaraq savaşması tarixdə nadir rast gəlinir. Açığı, bu dəqiqə mən başqa örnək yada sala bilmirəm. Biz isə bu faktı ancaq SSRİ dağılandan sonra öyrəndik. O məşhur məsəli bir az dəyişdirsək, belə də deyə bilərik: güldüyümüz iş başımıza gəlibmiş.
Bax, belə işlərə görə tarixən bizə çətin olmuşdur. Bilməmişik hansı cəbhədə vuruşaq, kimə qarşı vuruşaq. Qardaş dediklərimiz kürəyimizə bıçaq saplayıb, elə özümüz də doğmalarımızı az satmamışıq. Haçana qədər belə olacaq, o şablon və zəhləmgetmiş ifadə ilə desək, “bizim millət düzələn deyildirmi” – çox başımı ağrıtmaq istəmirəm. Ağır mövzulardır. Dindarların belə vəziyyətlərdə aradan çıxmaq üçün yararlandığı gözəl və səmərəli üsul bizim də işimizə yarasın: “Bu xalqın sirrini bizə açmadılar”.
Sözgəlişi, bir müşahidəmi də bölüşüm. SSRİ-də qərənfil 1 mayın – dünya zəhmətkeşlərinin həmrəylik günü bayramının rəmzi idi. Hamı 1 may nümayişinə qərənfillə çıxardı, paltarın döşünə qərənfil taxardılar. Sonra elə həmin SSRİ azərbaycanlıları gülləbaran elədi, nəticədə qərənfil matəm rəmzinə döndü, 20 yanvarın simvoluna çevrildi. Bu da onunla bağlı idi ki, əslində SSRİ-nin insan əməyinə, zəhmətkeşə verdiyi qiymət elə ölümə bərabər idi, yazıq camaat sutkada az qala 24 saat eşşək kimi işləyib əvəzində qəpik-quruş alırdılar. İndikilər də həmin hakimiyyətin varisləridir, bizdə sovet hökumətin əslində yıxılmayıb, bazar iqtisadiyyatına, liberal dəyərlərə keçid olmayıb.
Yeri gəlmişkən, keçmiş SSRİ-də 4 dəfə Sovet İttifaqı Qəhrəmanı adı alan cəmi 2 nəfər olub. (Qəhrəmanlığın təkrarlanması da bir absurd idi). Onlardan biri marşal Jukov idi, ikincisi isə bizim yapistlərin xaç atası, əziz dostu Leonid Brejnev. Brejnev özü-özünə 4 dəfə Sovet İttifaqı Qəhrəmanı adı vermişdi. Belə karikatur dövlətdə yaşamışıq, indi bizi nə ilə heyrətləndirmək olar ki? Heç nə ilə. Əksinə, həyat getdikcə daha yeknəsəq, darıxdırıcı olur, sanki bütün maraqlı günlər geridə qalmışdır.