Bu yazıya Türkiyə səfirliyinin keçmiş mətbuat katibi, dəyərli ziyalı və Azərbaycanın böyük dostu Turqut Ərin bir müsahibəsi vəsilə oldu. Əməkdaşımız Kənan Rövşənoğlu ilə söhbətdə o, ürək ağrısı ilə deyir ki, son vaxtlar Azərbaycan daxilində müəyyən qruplar anti-Türkiyə ovqatı yayır və onlara hətta bəzi millətçilər də qoşulub.
Azərbaycanda antitürk təbliğatının getməsindən narahat olan sabiq diplomatın fikrincə, bu tendensiya bizdə üstəlik, ildən-ilə artır və bəzi insanlar bilərəkdən, bir çoxu isə bilmədən Türkiyə əleyhinə təbliğatın iştirakçısına çevrilirlər.
Turqut bəyi ən çox əndişələndirən isə Azərbaycandakı milliyyətçi kəsimin bu prosesə susqun qalması, bəzi hallarda isə hətta belə təbliğatın təsiri altına düşməsidir.
Haqlıdır. Azərbaycanda əfsuslar olsun ki, anti-Türkiyə ovqatı yaratmaq istəyən təbəqə və ya qrup var – özü də çoxdan. Təbii ki, onun nüvəsini Rusiya yanlılar təşkil edir. Neçə əsrdir məhz belədir və artıq bir növ test şəklini alıb ki, Rusiyaya sevgi olan yerdə Türkiyəyə rəğbət hissi ola bilməz və ya əksinə, türkü sevməyən yüzdə yüz rusun dostudur.
Ötən il noyabrın 24-də “Su 24” insidenti yaşananda buna hamı əyani şahidlik elədi. Bəziləri bilməyərəkdən, küyə gedərək Rusiyanın tərəfini tutdularsa, digərləri aşkar şəkildə qardaş ölkəni qınadılar. Ancaq nə yaxşı ki, rusun “5-ci kolon”çuları Azərbaycanda azlıqdadır, – hərçənd, onların bəziləri hakimiyyət nərdivanında kifayət qədər yuxarı da qalxa bilib, – əksəriyyət isə Türkiyənin Azərbaycan üçün əvəzsiz dəyərini yaxşı bilir və qiymətləndirir.
Fəqət, nə edəsən ki, bəzilərinin təfəkküründə sovetin qoyduğu izlər hələ də öz sözünü deyir. Halbuki, əlahəzrət gerçəklik bu izləri çoxdan silməli idi. Həmin gerçəklik isə belədir: Rusiya Azərbaycanın ən böyük qonşusudursa, Türkiyə bizim ən böyük dostumuzdur, yeganə təbii müttəfiqimizdir.
“Qarabağ problemi Türkiyənin problemi, Azərbaycanın dərdi – bizim dərdimizdir”. Türkiyənin iqtidarla olub-olmamasından asılı olmayaraq siyasət adamları, ictimai xadimləri, hərb generalları belə deyir. Bənzər fikri Rusiya ictimai, siyasi və hərbi elitasının hansısa nümayəndəsinin dilindən heç eşitmisiniz? Eşitməyəcəksiniz də!
Fərq bax, budur, Türkiyəyə sonsuz sevgimizin sirri bax, bundadır! Odur ki, özünüzü çox yormayın, yoldaş “5-ci kolonçular”! Azərbaycanda Rusiyaya böyük, total sevgi, Türkiyəyə isə bir o qədər total nifrət mümkün deyil! Zira sevgidən öncə qayğı gəlməli, həmdərdlik duyğusu yaşanmalıdır. Bu yoxdursa, gözlənilmirsə, Rusiya bizə dost ölkə deyil, olması gözlənilmir.
Rusbaşlar qəsdən və ya bilərəkdən unudurlar ki, Türkiyə Azərbaycanın müstəqilliyini 1-ci tanıyan ölkə, Rusiya isə N-ci ölkədir; Türkiyə Azərbaycan ərazilərinin işğalına görə Ermənistanla sərhədi bağlayıb, Rusiya isə işğalçıya hər cür dəstək, silah-sursat verib onu ayaqda saxlayır, işğal sözünü dilinə belə gətirmir.
İndi biz kimi sevməliyik, dərdimizə şərik olub da bizə kömək əli uzadanı, bizim qayğılarımızla yaşayanı, yoxsa erməni adlı yaramaz düşməni bizə və müttəfiqimizə qarşı gücləndirən bir dövləti?
Rusa sevginin astar üzü erməniyə rəğbət, türkə nifrətdir – burası dəqiqdir. Təəssüf ki, iki əsrdir belədir. Təəssüf ki, bunun belə qalması üçün erməni də əlindən gələni edir – özünü iki əsrdir rusun xidmətinə təslim eləməklə. O zaman “özümüzünkülərə” nə gəlib bəs?
Azərbaycan üçün belə həssas məqamda Türkiyənin vurulması isə ikiqat təhlükəli və bağışlanmazdır, Rusiyaya, Rusiya ilə birgə onun satelliti işğalçı Ermənistanın əlinə işləməkdir, lap dəqiqi, xəyanətkarlıqdır, yediyin qaba tüpürmək, oturduğun budağı kəsməkdir.