Fikir vermişəm, camaat tarixi seriallara maraqla baxır. Bunun mühüm bir “niyə”si var, bu barədə sonra danışarıq. Ancaq hələlik onu deyək ki, o biri seriallar boş şeydir.
Bir özünüz fikirləşin, niyə hər serialda varlı oğlanla kasıb qız, yaxud kasıb oğlanla varlı qız sevdası olmalı, bitib-tükənməyən intriqa başlamalıdır? Gerçək həyatda heç vaxt varlı qız kasıb oğlana, qarabağlılar demişkən, yendirməz. Heç varlı oğlan da hələm-hələm gedib imkansız, tərəfsiz ailənin qızını almaz. İnsanlar çox praqmatikdir, hər kəs öz babıyla qohum olur. Yəni o cür seriallar nahaq yerdə gənclərdə yanlış ümid yaradır. Bilmək lazımdır ki, gözəllikdə Karmen Elektraya oxşayan, var-dövlətdə Paris Hiltona tay olan qız gəlib çilingər Möhübbətin injektor ustası olan oğlu Ülvini ülvi məhəbbətlə sevməyəcək və qızın gömrükdə işləyən atası gənc ailəyə villa və “Porşe” bağışlamayacaq.
Ona görə də müasir həyatdan bəhs edən seriallar maraqsızdır. Hamısı bir-birinin təkrarıdır. Epizodlar o qədər təkrarlanıb ki, hamı artıq sonrakı bölümlərdə hadisələrin necə inkişaf edəcəyini yüzdə doxsan dəqiqliklə proqnozlaşdırır.
Tarixi seriallar isə başqa aləmdir. Müəlliflər nə qədər fantaziya işlətsələr də filmin ssenarisini yazanda mütləq tarixi məxəzləri də araşdırır, həqiqətən olmuş hadisələri dəqiqliyə yaxın biçimdə ekranlaşdırırlar.
“Möhtəşəm yüzil”in böyük populyarlığı bu üzdən idi. Bu serial çoxdan unudulub getmiş hadisələri yenidən gündəmə gətirmişdi. İnsanlarda tarixə kütləvi maraq əmələ gəlmişdi, hamı daraşıb tarix kitabları oxuyurdu. Hətta baş vəzir Parqalı İbrahimin Sultan Süleymanın yanında ötkəm olduğu, bərk getdiyi vaxtlarda bilicilər deyirdilər, xeyri yoxdur, axırda Süleyman Parqalını boğduracaq. Doğrusu, bu informasiyanı alandan sonra özüm də ərinmədən Osmanlı tarixinə aid kitaba baxmışdım. Ondan sonra hər bölümdə gözləyirdim ki, İbrahimi boğacaqlar. Amma sultan məsələni uzadırdı, nəhayət, bir gün bacısını dul qoydu, qanqaraçılıq oldu.
Bir yerə qədər hamı Sultan Süleymana rəğbətlə yanaşırdı, amma şahzadə Mustafanı boğdurandan sonra kişinin reputasiyasına xeyli dərəcədə xələl gəldi. Həm Türkiyədə, həm Azərbaycanda milyonlarla adam düşünürdü ki, bunun nəyinə təşər-təşər Qanuni deyiblər, adam hələ öz övladlarına qarşı bu qədər qanunsuzluq edib, o hesabdan gör, camaata nə toy tutub. Daha sonra Süleyman o biri oğlu Bəyazidi də bay edəndən sonra serial müəllifləri gördülər ki, sultanın tarixi reputasiyası puç olub gedir, bir çox məsələlərin üstündən keçdilər, məsələn, qətlə yetirilmiş şahzadələrin körpə oğullarının, arvadlarının öldürülməsindən bəhs etmədilər.
İndiki “Möhtəşəm yüzil – Kösəm” serialı da hələlik yaxşı gedir, maraqlıdır. Yenə camaat daraşıb tarix kitablarına, oxuyub bilirlər ki, bu işlərin axırı necə olacaq.
Marağınızı öldürmək kimi çıxmasın, o hadisələrin axırı gerçəkdən də pis olacaq. Hazırda hünkar olan başıxarab Mustafanı devirəcəklər, yerinə Gənc Osman olacaq. O da qardaşı Mehmedi boğduracaq. Sonra yeniçərilər Osmanı devirəcəklər. Bilmirəm serialda göstərəcəklər, ya yox, amma yeniçərilər Osmanı lüt soyundurub küçədə dolaşdıracaqlar, axırda da başına elə bir oyun açacaqlar ki, o işin serialda göstərilməyəcəyi dəqiqdir.
Xülasə, bəzən keçmişi idealizə edir, ötənlərdən danışarkən “dünyanın düz vaxtında”, “keçmiş gözəl günlərdə” kimi cümlələr qururlar, amma hamısı yalan-yanlışdır. Sizə deyim ki, dünyanın düz vaxtı heç zaman olmayıb. Bir şey ki, taxta çıxan adamlar 2 yaşlı körpə qardaşlarını boğdururmuşlar və bunu dövlətçilik naminə etdiklərini deyirmişlər, bu, “əski gözəl günlər” sayıla bilərmi? Hiss olunur ki, o dövrlərdə idarə edənlər daha tamahkar, daha qəddar, idarə olunanlar isə daha hüquqsuz, daha mağmun və kölə olublar.
Düzdür, Şərq indi də istibdad yuvası olaraq qalır, amma indi hakimiyyətdən ötrü qardaşını öldürdən yoxdur, əksinə, yaxşı vəzifəyə qoyurlar, o da milyarder olur.
Bəziləri də nahaq yerə özlərini şah, sultan nəslindən sayırlar. Sultanlar öz nəsillərini elə kəsirmişlər ki, sonraya toxumluq kişi qalmırmış. Səltənət dövrünə rəğbətlə yanaşanlar isə bilməlidirlər ki, xanədanlıq rejimi eynilə davam etsəydi, onlar indi sarayda uzağı sekyuriti-zad olardılar – o da xədim edilmiş halda.