Azərbaycan xalqının məğlubiyyət sindromundan bükülü belini dikəltmiş 4 günlük müharibədən bir ay ötür. Bu blits-hərbi uğurun Azərbaycan üçün ən qiymətli nəticəsi şəksiz ki, düşmənə qarşı xalq-dövlət vəhdətinin uğurla sınaqdan çıxmasıdır. Xalq dövləti ilə birdirsə, ordusunun, əsgər və zabitinin arxasındadırsa, ona zaval yoxdur, ola bilməz.
O günlər şəhidlərimizin yüksək səviyyədə keçirilən təntənəli dəfn mərasimləri, hər belə dəfn mərasiminin xalqın izdihamlı həmrəylik aksiyasına çevrilməsi, Silahlı Qüvvələrə çoxsaylı yardım təşəbbüsləri – hərçənd ordumuzun buna şükür ki, ehtiyacı yoxdur – balkonlardan üçrəngli bayraqlarımızın asılması kimi həmrəylik aksiyalarını görmək, ölkədəki iqtisadi problemlərə rəğmən, milləti vahid yumruq şəklində müşahidə eləmək xüsusi bir zövq idi, qürurverici mənzərə idi.
Toplum, ölkə 22 il idi belə mənzərəyə tamarzı qalmışdı. Bu 22 ildə xalq nəhayət, dadını unutduğu hərbi qələbəni yenidən daddı. Obrazlı desək, “heç bir əlavə qatqısı” olmayan, tər-təmiz, böyük hərbi qələbəni duydu, onun heç də uzaqda olmadığını anlayıb da gözünə işıq, qoluna təpər gəldi. Daha bu xalqın qəti qələbəyə doğru yolda önünü kimsə kəsə bilməz!
Əksər əcnəbi hərbi ekspertlərin də təsdiqlədiyi kimi, Azərbaycan dövləti və ordusu buna qadir və layiqdir, yetər ki, məsələdə Rusiya azacıq neytrallıq göstərsin – 2-5 aprel əməliyyatlarındakı kimi.
Ancaq eyforiyaya qapılmağın, arxayınlaşmağın da yeri yoxdur. Çünki müharibə bitməyib, ərazilərimizin 1/5-i erməni işğalı altındadır. Qarşımızda isə olduqca məkrli, 100 ilin hiyləgər düşməni dayanıb. Böyük qələbəyə yol isə deyildi artıq, öncə xalqın qələbəyə yekdil inam-iradəsindən, hər cür itkilərə və məhrumiyyətlərə hazır olmasından keçir. Bu sınaqdan da o çıxmağı bacardı.
Əlbəttə, regional və beynəlxalq şərtlər də hesablanmalı, ciddiyə alınmalıdır. O sırada düşmənin təbliğat və anti-təbliğat kampaniyasına qarşı effektli informasiya-təbliğat müharibəsi qurmaq, daxildə düşmən dəyirmanlına su tökən “5-ci kolonçu”ları vaxtında tapıb zərərsiz hala gətirmək olduqca vacibdir. Bu isə müstəsna olaraq dövlətin, onun aparıcı media quruluşlarının vəzifəsidir.
Son 4 günlük müharibə də təsdiqlədi ki, dövlət bu işin keyfiyyətli təşkili üçün para əsirgəməməlidir. Ona görə ki, bəzən informasiya müharibəsi hərbi qüdrətdən asılı olmayaraq, müharibənin özündən də əhəmiyyətli və həlledici olur – hərbi nəticələrə bilavasitə təsir edə bildiyi üçün.
Niyə belə olur? Ona görə ki, nə qədər deyilsə də ki, döyüş əməliyyatlarını dövlət və onun ordusu aparır, əslində elə deyil – müharibəni xalq aparır. Xalq apardığı üçün də onun ovqatı, mübarizə əzmi və nə dərəcədə panikaya və dezinformasiyalara həssas olması nəticəyə öz təsirini mütləq göstərir – 1993-cü ildə rayonlarımızın bir-birinin ardınca, faktiki, döyüşsüz itirilməsini yada salmaq yetər.
4 günlük müharibənin uğurunu şərtləndirən birinci amil də, zatən, bu idi – xalqın alışıb-yanan qələbə əzmi, cəbhə bölgəsində əhalinin dezinformasiyalara uymayıb heç yerə getməməsi, hərbçilərimizlə birgə olması, onlara mənəvi dayaq və hayan durması.
Müxtəsəri, 4 günlük müharibədəki uğurun əsas müəllifi xalqdır. Azərbaycan prezidentinin cəbhə rayonlarına son səfəri də göstərdi ki, qələbəyə təşnə olan xalqın mübarizə ovqatı yerindədir və bu ovqat onu daha möhtəşəm hərbi uğurlara aparıb çatdıra bilər. Odur ki, bu əzmi və ovqatı hər vəchlə qorumaq lazım!..
Ordumuzun Qarabağ problemini nəhayət, tarixin arxivinə verəcək böyük tarixi yürüşü üçün zəmin artıq hazırdır. “Baş məşq” də ötən ay uğurla reallaşıb. Son sözü İnşallah, nə Minsk Qrupu deyəcək, nə də Rusiya – onu Azərbaycan xalqının arxasında durduğu əsgərimiz deyəcək!
Onu da unutmayaq ki, 5 apreldən sonra məğlubiyyət sindromu bizə yox, artıq ermənilərə hakim kəsilib. Bu isə qələbənin tən yarısı deməkdir. Hələ cəmi bir-iki yüksəklik azad olunub, işğalçı tərəf təlaş içindədir, bir-iki rayon azad ediləndən sonra böyük müharibəyə lüzum qalmaya da bilər…