Öncə hörmətli oxuculara kiçik izahat verim. Dünənki yazımda bir yerdə “nəqliyyat naziri” sözünün yerinə “ulaştırma naziri” ifadəsi getmişdir, bu mənə məxsus deyil, redaksiya rəhbərliyi tərəfindən məndən soruşmadan edilmiş bir redaktədir. Dilimizə Türkiyə türkcəsindən çoxlu sözlərin alınmasına həmişə tərəfdar olmuşam, ancaq burada işlənən “ulaştırma” sözünü süni şəkildə yaza bilmərəm – ən azından ona görə ki, lüğətə baxmasam bunun nə demək olduğu heç özümə aydın deyil.
Üstəlik, bizim türkcədə ulaşmaq sözü tamam başqa məna daşıyır – misal üçün, canavar və çaqqallar ulaşırlar. Redaksiya rəhbərliyindən acizanə xahiş edərdim, belə söz dəyişəndə heç olmazsa mənə xəbər versinlər, soruşan olanda mənasını deyim, yoxsa elə alınır özüm yazdığım sözün mənasını bilmirəm.
Elə hörmətli oxucularımızdan Xətai rayonu, Əhmədli qəsəbəsində, 7-ci Əhməd küçəsində (düzü, bilmirəm belə ünvan var, yoxsa oxucu da bir qıraqdan mənimlə məzələnmək istəmişdir) yaşayan Qurbanəli Əlizadənin məktubu da dil temasındadır.
Qurbanəli bəy yazır: “Sizin 13 aprel tarixli ”Arxipelaq Qulaq” yazınızda kommunist sözünün açmasını yazmışdınız. Mən də bir çox sözlərin düzülüşünü tapmışam, istəyirəm siz biləsiniz. Məsələn, MÜƏLLİM – Millət Üçün Ən Lazımlı, Layiqli İnsan Müəllimdir sözlərinin baş hərfi deməkdir. Mühəndis sözü belə yaranmışdır: Millət Üzeyir Hacıbəylinin Əsərlərini Nəhayət Demokratik İnqilab Saydılar. (Üzeyir bəyin mühəndisliklə əlaqəsini təzə öyrəndim, ümid edirəm Qurbanəli bəy bizi bir daha dolamır -Z.H.)”. Həkim sözü – Həzrət Əlinin Kəlamları İnsanlığın Mənbəyidir sözlərindən yaranıbmış və sairə.
Millətimizin belə fantaziyalara dalması hansı səbəbdən olur? Bəlkə ayrı işimiz-gücümüz qalmayıbdır? Kim bilir… Millət çox əsrarlı, anlaşılmaz bir orqanizmdir. Bu okeanın üzünə çıxan qabarcıqlar, ləpələr onu alt qatlarında gedən proseslərdən çox cüzi informasiya verir. Gərək bu qabarcıq zəncirini Qurbanəli müəllimin elədiyi kimi, ard-arda düzəsən ki, nəsə bir zad, nəsə plan, işıq ucu ortaya çıxsın.
Məsələn, keçən ilin axırlarında Qaçqınkom qaçqınlara xəbərdarlıq göndərdi, deyirdi dövlət sizə hər cür şərait yaradıb, ancaq bəzi qaçqınlar aldıqları mənzillərdə yaşamırlar. Baxacağıq, kim yaşamırsa evi onun əlindən alıb ehtiyacı olan başqa qaçqına verəcəyik.
Neft pulu çox gələn vaxtlarda belə elan olmazdı. Hətta mənə bir qaçqın düşərgəsində küçə göstərmişdilər, bəlkə 20 evdən 2-sində yaşayan var idi, qalanlarını rayon məmurları öz adlarına keçirib ehtiyat üçün saxlamışdılar.
Pul çox olanda biz Efiopiyadan qaçan gətirib xəttə buraxırdıq, özümüz kef eləyirdik. Bəs necə, harda görünüb bu qədər neft dolları olan qan-tərə batıb medal arzu eləsin?
Yeri gələndə biz özümüz uçana-qaçana medal verirdik. Ancaq pulsuzluğun üzü qara olsun, o vaxt milliləşdirdiyimiz, hətta soyad verdiyimiz efiop qadın Layeş Abdullayeva bu yaxınlarda “Ümid” adlı komandamızdan, o cümlədən yüngül atletika yığmamızdan uzaqlaşdırıldı. İndi komanda “Ümidsiz” adlanır bəlkə də. Uzun sözün qısası, bağda ərik var idi, Layeş xanımla salam-əleyk də var idi… İndi gərək özümüz qaçaq. Mayın 1-də düzəldilən Bakı yarım-marafonu elə bunun örnəyi idi. Kasıbçılıqdan hələlik 21 kilometr qaçırıq, inşallah, gələn illərdə 42 kilometr də olar. Bunun üçün ölkəmizdə hər cür şərait yaradılmışdır. Lazım olsa qaça-qaça İrəvana gedərik!
Bu arada dost və qardaş Şimali Koreya dövlətinin şefi Kim Çen İn yoldaş yerli “YAP” partiyasına qurultay keçirmək qərarına gəlmişdir. Qurultaya qədər ölkədə toy eləmək, yas keçirmək qadağan edilmişdir. Həftənin 5-ci gününə qədər – elə çox vaxt deyil. Toyu qadağan edir, onu anladım, ancaq ölməyi necə qadağan edir, hələ başa düşməmişəm. Şimali Koreyaya ulaşmaq da çətindir, kimdən soruşasan?
Bax, gördünüz, yavaş-yavaş öyrənirik.