Erməni millətindən olan şəxslərlə dostluğun, isti münasibətin ölkəmizdə kəskin şəkildə qınanılması, adamların bu məsələyə görə təqib edilməsi, “xain” adlandırılması əslində sərt ifadəylə desək, faşizm əlamətidir.
Ona görə ki, insanın hansı millətə mənsub olan ailədə doğulması onun öz seçimi deyil, milli əlamətə görə adamı mühakimə etmək, qısnamaq olmaz. Hər kəs konkret öz hərəkət və əməllərinə görə məsul tutula bilər.
Ancaq erməni millətindən olan şəxslərlə dostluğun, yaxud hər hansı bir isti münasibətin qınanılması hadisəsinin Azərbaycanda baş verməsi bir qədər başqa məsələdir. Burada vəziyyət fərqlidir. 1 milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin yeritdiyi faşizm siyasəti və hərbi təcavüz nəticəsində dədə-baba yurdundan didərgin düşüb, o aqressiv dövlət Dağlıq Qarabağ adlanan vilayəti və 7 rayonumuzu işğal edib, erməni millətindən olan döyüşçülər ölkəmizin minlərlə yaşayış məntəqəsində yüz minlərlə ev-eşiyi qarət edib, yandırıb, söküb-daşıyıb, on minlərlə insanımız erməni gülləsindən həlak olub, yaralanıb, ölkəmizə milyardlarla dollar həcmində ziyan vurulub və s.
Bütün bunlar erməni xalqının qurmuş olduğu Ermənistan dövləti tərəfindən həyata keçirilib. Bu dövlətin rəsmi siyasəti Azərbaycan dövlətinə və xalqına düşmənçilik üzərində bərqərardır. Erməni xalqı isə başqa məsələlərdə dövlətin siyasəti ilə razı olmasa da, mövcud hakimiyyətə qarşı narazılıq ifadə etsə də, məhz Azərbaycana münasibətdə dövlət siyasətinə qarşı deyil, hətta ona tam dəstək verir.
Bu da o anlama gəlir ki, erməni xalqının tam əksəriyyəti (yalnız nadir istisnalar ola bilər) bizə düşmən münasibət bəsləyir. Bu, hətta o qədər birmənalı düşmənçilikdir ki, bizim ermənilərə dost münasibəti sərgiləməyimiz nəticəyə təsir etmir. Qarabağ müharibəsinin zərərçəkəni biz olsaq da, ermənilərin bizə nifrəti daha böyükdür.
Bu baxımdan hansısa azərbaycanlının haralardasa bir erməni ilə dost münasibətində olması pis qarşılanır, milli mənafeyə xəyanət kimi qiymətləndirilir.
Yenə məlum olsa ki, həmin erməni siyasi görüşü etibarilə pasifistdir, əqidəcə kosmopolitdir, millətçi deyil, o zaman qınaqlar sərt olmazdı. Ancaq ortaya çıxanda ki, həmin şəxs əslində bir erməni faşistidir (yumşaq desək, vətənpərvəri), onunla dost olan azərbaycanlı isə həm kosmopolit, həm pasifistdir, onda onların dostluğu qeyri-səmimi görünür. Belə çıxır ki, burada aldanan tərəf bizimkidir. Əgər millətçilik pis şeydirsə, erməni də millətçi olmasın. Yox, o öz millətini sevəcək, təbliğ edəcək, onun uğrunda mübarizə aparacaq, amma sən öz millətini aşağılayacaq, haqsız sayacaqsan və siz dost olacaqsınız. Belə dostluq olmaz, onun müstəvisi çürükdür.
Bununla belə, başqa ölkələrdə yaşayan, Ermənistan dövlətinin siyasətini müdafiə etməyən ermənilər ola bilər (və var) ki, onları da ağına-bozuna baxmadan düşmən elan etmək, onlarla dostluq edənləri pisləmək, “xain” saymaq müasir dünyada qəbul olunmayan hərəkətdir.
Məsələn, hansısa azərbaycanlının məşhur amerikalı aktrisa Kim Qardaşyanla dost olması siyasi-psixoloji baxımdan çətindir. Ona görə ki, bu qadın son vaxtlar bütün həyatını “Ermənistanın haqq işi”nə həsr edib, harda gəldi “erməni məsələsi”ni qaldırır, Azərbaycanı təcavüzkar adlandırır, öz xalqına hər cür kömək etməyə çalışır.
Baxaq, görək, dünyanın harasındasa hər hansı bir azərbaycanlı belə etsə, ermənilər onunla dost olarlarmı, hətta dostluq o tərəfə dursun, ona qarşı loyal mövqe tutarlarmı? Əsla elə etməzlər, düşmən elan edərlər və əzməyə çalışarlar.
Qarabağ münaqişəsinin bütün həqiqətlərini bilən, Azərbaycanın məruz qaldığı hərbi təcavüzün dəhşətlərini öyrənən istənilən əcnəbi haqq-ədalət tərəfdarıdırsa, mütləq Azərbaycanın zərərçəkən olduğunu qeyd etməlidir. Onlar belə etməyəndə, həqiqətləri görməzliyə vuranda, biz istər-istəməz onun qərəzli olduğunu düşünürük. Ancaq öz içimizdən biri eyni cür mövqe tutanda, ona ikiqat nifrət bəsləyirik, fikirləşirik ki, yadlar bilmir və ya bizi sevmir, bəs özümüzünkünə nə olub? Axı o da bizimlə birlikdə zərərçəkəndir.
Uzun sözün kəsəsi, Qarabağ məsələsində həmişə ədalətli mövqe tutmağa çalışan erməni rejissoru Georgi Vanyanla dost olmaq qəbahət deyil, qəbahət hansısa erməni millətçisi ilə dost olmaqdır.
Ona qalsa, sosial şəbəkələrdə erməni dostları olan xeyli adam var ki, onlar hər gün yazışır, mübahisə edir, ortaq məxrəclər tapmağa çalışırlar. Elələrini qınamaq mümkün deyil. Erməni dostunun qarşısında öz millətini xor görmək isə qəbahətdir.