Müdafiə nazirinin qol saatını çıxarıb səngərdəki əsgərinə hədiyyə eləməsi əhvalatı
yadınızdadırmı? Keçən may həmkarlarımızla Nərgiztəpə tərəfdə, Xocavəndin 15 km-liyində düşmənlə göz-gözə dayanmış əsgər və zabitlərimizlə görüşdə də bu əhvalatı xatırlamışdıq. Onda əsgərlər nazir haqqında elə məhəbbətlə danışırdılar ki…
Əslində general-polkovnik Zakir Həsənov haqqında deyilən xoş sözləri haqq edib. Ən mühümü bu idi ki, kabinet naziri olmadı, onu daha çox səngərdə, əsgər və zabitlərin arasında gördük. Yaxşı əsgər də generala bənzəmək istər. Odur ki, Azərbaycan əsgəri öz “kabinet” – səngərindən çıxıb düşmənin üstünə cummaq üçün çoxdan əmr almaq həsrətindəydi. Nazir əsgərə valideyn qayğısı göstərəndə, onunla çörək kəsəndə, şəhid anasının əlindən öpəndə təbii əsgər də Ana Vətən üçün hər an şərəfli ölümü seçməyə hazır olacaqdı…
Fakt budur ki, müdafiə naziri və rəhbərlik etdiyi qurum Ali Baş Komandanın əmrini sözsüz, özü də şərəflə yerinə yetirir. Məhz bunun nəticəsidir ki, artıq dörd günlük döyüşdən sonra bizlər istər daxildə, istərsə xaricdə Qarabağdan söhbət düşəndə aciz duruma düşmür, söhbətdən qaçmağa çalışmırıq. O gün professor Firudin Cəlilov Türkiyə televiziyasına deyirdi ki, aprel döyüşlərinə qədər xaricdə Qarabağın işğalına görə utanırmış…
Politoloq Elxan Mehdiyev danışır ki, Türkiyədəki tədbirlərin birində iştirak edən erməni ekspert onun Qubadlıdan olduğunu bildiyi üçün tez-tez söz atırmış, Qubadlıda kənd salmalarından, orada əkin əkmələrindən danışırmış. Etiraf etmişdi ki, çox ağır anlar yaşayıb o an. Ermənilər artıq məsələni bitmiş sayırdılar, dünya da hesab edirdi ki, Azərbaycan reallıqla razılaşmalıdır. Əsgərimiz onları peşman elədi…
Ancaq sakitləşmək olmaz. Əksinə, Rusiyanın başının qarışması, ermənilərin bir-biri ilə didişdiyi, anlaqsız hala düşdüyü bu vəziyyətdən maksimum yararlanmaq lazımdır. Bu mənada gərək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov italyan müğənni Eros Ramazzottinin konsertinə getməsinə görə ünvanına səslənən tənqidləri anlayışla qarşılasın.
Bəlkə elə Zakir Həsənov da Ramazzottinin mahnılarının həvəskarıdır. Ancaq Məmmədyarovdan fərqli olaraq o, konsertə getməmişdi, həmin gün səngərdə, əsgərinin yanındaydı. Konsertə ayrı vaxtda da getmək olar, lap Romanın özünə. Amma bu gün vəziyyət konsertlik deyil. Hərəmiz üzərimizə düşəni etsək, Ramazzotti bir gün gəlib Şuşada konsert verəcək. Azərbaycanın musiqi beşiyində, Üzeyir yurdunda…
Ermənistan ordusu Azərbaycandan qisas almaq üçün fürsət gəzir, özü də təkcə əsgərdən yox, həm də mülki şəxslərdən. Düşmən o qədər azğınlaşıb ki, evlərə mərmi yağdırır, heyvanları belə öldürür. Gərək cənab Məmmədyarov Bakıya gəlmiş diplomatların bir qrupunu götürüb cəbhə bölgəsinə aparaydı, bəlkə elə Ramazzottinin özünü də. Qoy bu dəfə dünyanın məşhur sənətçisi Qarabağın işğalından, erməni vandalizmindən danışaydı. Mən inanmıram ki, sənət adamı Tərtərdə, Ağdamda, Gədəbəydə, Ağcabədidə dağıdılan evləri, məktəbləri, güllələnən dinc sakinləri görüb laqeyd qalaydı. Azərbaycan həqiqətlərini həm də musiqi(çi)nin dili ilə dünyaya yaymaq şansını qaçırdıq, təəssüf.
BMT-nin baş katibi Pan Gi Mun bəhanə tapıb Bakıya gəlmədi. Ancaq onun Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoyub hər iki ölkənin prezidentinə üzrxahlıq zəngini etməsi anlaşılan deyildi. Pan Gi Mun gəlsə də, gəlməsə də, BMT Təhlükəsizlik Şurasının 23 ildir icra olunmayan qətnamələrinə tüpürdüyünə görə Sərkisyanın üzünə tüpürməliydi. O, Bakıya gəlmədisə, zəhmət çəkib cənab Məmmədyarov BMT-nin mənzil qərargahının qapısını kəsdirməli, qurumun fövqəladə iclasının çağırılmasını tələb etməli(y)di. İşğalçı ölkə bizim ərazilərimizdən bizi atəşə tutur, insanlarımız həlak olur, milyonlarla dollarlıq ziyan dəyir, ancaq Gi Mun susur. Niyə? Elmar Məmmədyarov bunun cavabını kəlbətinlə də olsa, almağa borcludur.
Ordumuzun aprel uğurları cənab Məmmədyarova diplomatik cəbhədə yüksəklikləri almaq fürsəti verib. Gərək o, bir gün də olsa, boş oturmasın, fürsəti dəyərləndirsin. Hər gün Azərbaycana dəstək qazandıran mövqelər alsın. Dünyanın susmağı bizim xeyrimizə olmaya da bilər.
Həmçinin hüquq mühafizə orqanları insan itkilərinə, maddi və mənəvi zərərə görə gecikmədən müvafiq proseduralardan keçən şikayətləri beynəlxalq səviyyəyə çıxartmalıdır. Hiyləgər düşmən bu dəfə də bizi qabaqlamaq istəyir.