Yadınızdadırsa, ötən həftə 26 yaşlı bir gədəni azyaşlı qızı şantaj etdiyinə görə tutmuşdular. Şantaj predmeti də nəymiş? Bir neçə adi şəkil.
Əvvəlcə adama qəribə gəlirdi: məgər adi şəkillərlə kimisə şantaj etmək olar? Bir şey ki, sosial şəbəkə səhifələri, Google o şəkillərlə doludur, hamıya da açıqdır. Ancaq yox, məsələnin incə tərəfləri var. Qız “bu şəkilləri atamgil görsələr, məni öldürərlər” deyibsə, demək, artıq şantaj predmeti əmələ gəlib.
Elə tutulan gədə də azyaşlı qızın patoloji qorxusunu özü üçün daimi sərvət qaynağı sayaraq şantaja başlayıb. Ancaq qızın ağıllı tərpənib olayı valideynlərinə bildirməsi ilə iş tamama yetib. Valideynlər o şəkillərə görə qızı öldürməyiblər, ara yerdə gənc şantajçını tutdurublar.
İndi o gəncin halı necə olacaq? Mütəxəssislər deyir, heç zad, azyaşlı qıza qarşı yol verdiyi alçaqlığa görə onu türmədə tutub alçaldacaqlar. Yəni… təfərrüata gərək yoxdur, belə haqq-hesabları hamınız bilirsiniz.
Ancaq bir məsələ də var: vaxtında ifşa olunan şantajçı gələcəkdə hüquq-mühafizə orqanının zabiti, daha dəqiqi, Hacı Məmmədov və Akif Çovdarov ola, daha böyük şantajlarla məşğul ola bilməyəcək.
Bir var, bir qızı iki şəkillə 250 manat üçün şantaj edib ilişələr, bir də var, yekə-yekə kişiləri, əkə-bükə dövlət məmurlarını videolarla şantaj edələr, tələb olunan pulu alalar və ilişməyələr, axırda işin üstü təsadüfən açıla.
Xatırlarsınız, on il öncə bu vaxtlar ölkə Hacı Məmmədovun şantajına məruz qalanlardan danışırdı. Deyirdilər, milli qanqsterimiz “Qarabulaq” istirahət mərkəzində stasionar studiya qurubmuş, buraya istirahətə gələn məmurların kinosunu çəkirmiş və filmoteka düzəldirmiş.
Deyilənlər həqiqətə oxşayırdı. Çoxları narahat idi. Ancaq təəssüf ki, o işin yaradıclıq tərəfi ictimaiyyətə açıqlanmadı. Yəni biz Hacı Məmmədovun törətdiyi qətllərdən, adam oğurluqlarından xəbər tutduq, amma bədii yaradıcılığından, rejissorluğunun şah əsərlərindən xəbərsiz qaldıq. Heç onu da bilmədik ki, sənətkarın kastinqindən keçərək “pornoaktyor” seçilmiş məmurlar kimlər olub, onlar istirahət mərkəzinə kimlərlə gəliblər, Hacı onları şantaj edəndə nə qədər veriblər.
Bunları bilməyimiz çox maraqlı olardı. Elə olsa, bəlkə də indi telekanalların efirində müxtəlif verilişlərdə eyzən ağbirçək-ağbirçək danışıb xalqa əxlaq, mənəviyyat dərsi keçən bəzilərinin danışmağa dili olmazdı, çox özlərindən çıxanda bircə kəlmə “sizin Qarabulaqda çəkildiyiniz filmi görmüşəm” demək susmalarına kifayət edərdi.
İndi deyirlər, şantaj estafetini Hacı Məmmədovdan MTN generalı Akif Çovdarovu alıb. İntəhası, o, bir az acgözlük edib, 5-10 dəqiqəlik filmə görə 3-5 milyon tələb edirmiş.
Göründüyü kimi, maestro Çovdarov öz əməyini çox yüksək qiymətləndirib. MTRŞ 3 milyona yeddi-səkkiz dənə serial çəkdirir, amma bu 5-10 dəqiqəlik lentə görə dünyanın parasını istəyirmiş.
Əlbəttə, ərsəyə gətirilən sənət əsərinin, serialların gənc nəslin təlim-tərbiyəsinə, hərbi-vətənpərvərlik ovqatının yüksəlməsinə təsiri nəzərə alınırsa, 10 dəqiqəlik lentin də şantaj olunan məmurun karyerasına təsirini nəzərə almaq lazımdır. Adam o 10 dəqiqəlik lentə görə 10 milyonluq sərvətdən məhrum olacaqsa, demək, tələb olunan 3 milyonu düzəldib verəcək.
Bəs o videolarda nə ola bilər? Bunu yalnız analitik təfəkkürdən yararlanmaqla təxmin eləmək olar. Birinci versiya dövlətçiliyə, rəhbərliyə xəyanətə dairdir, amma bizim məmurlar elə şey eləməzlər. Onlar dövlətçiliyin ətrafında sıx birləşiblər və bilirlər ki, var-dövlət yığmaq üçün onu yaxşı dəstəkləməlidirlər.
Amma şantaj olunma üçün ən ağlabatan səbəb adamın şalvarsız çəkildiyi videogörüntülər ola bilər. Bax, bu, çox inandırıcıdır. Çünki əyninə şalvar geyənlərin tam əksəriyyətinin onu istirahət mərkəzlərində çıxarmaq kimi zəiflikləri, vərdişləri var. Bu baxımdan düşünmək olar ki, şantaj olunanlar o cür mərkəzlərdə gözüaçıq olmayan, gönüaçıq olanlardır. Lentdə gönün göründüzə, qanın getdi, get say milyonları.
Bəs bir məmurun hansısa istirahət mərkəzində şalvarsız halda videolentə çəkilməsinin milli təhlükəsizliklə nə kimi əlaqəsi ola bilər? Bax, bu suala gərək orqanlar cavab versin.