Ürəyiyuxa camaatıq, eşidəndə ki, kimisə aparıb təcridxanada döyüblər, üzünə tüpürüblər, dərhal mərhəmət damarımız yoğunlayır, deyirik, niyə elə edirlər, bu, qanunsuzluqdur, insan ləyaqətini alçaltmaqdır.
Hətta savadlı hüquq müdafiəçiləri bu hərəkətin insan haqlarına dair beynəlxalq konvensiyalara zidd olduğunu deyə, sübut edə, hesabat-filan hazırlaya da bilərlər.
Gerçəkdən də şillə-şapalaq, dürtmə-qapaz, yumruq-təpik o tərəfə dursun, təkcə bu üzə tüpürmək məsələsi heç bir konvensiyaya sığan iş deyil.
Bu, mənəvi işgəncə kateqoriyasına girir. Bəlkə də bu, insana, yəni zərərçəkənə ana-bacı, arvad-uşaq söyüşü qədər ağır psixoloji travma yetirə bilər.
Ancaq biləndə ki, təcridxanada babat döyülən, paralel olaraq söyülən, üstəlik, üzünə tüpürülən adam vaxtilə bu sayaq işlərə rəhbərlik etmiş birisidir, onda ürəyiyumşaq camaatımızın bir hissəsinin başı çönür, deyirlər, öz əməlləridir, qarşısına çıxır.
Sırf bu üzdən Naxçıvan MTN-də nazir vəzifəsində işləmiş Vəli Ələsgərovun başına gələn uyğun pəstəhanın pərdəarxası (eləcə də pərdəqabağı) təfərrüatları insanlarda ikimənalı rəy yaradıb.
Keçmiş nazirin vəkili inandırıcı bir şəkildə deyir ki, belə bir hadisə həqiqətən də olub. Əlbəttə, hüquq-mühafizə orqanları çıxıb deyəcəklər ki, belə bir hadisə olmayıb, cinayət qanunvericiliyində şübhəli şəxs qismində saxlanılanların döyülməsi və üzünə tüpürülməsi nəzərdə tutulmayıb, müvafiq iddialar əsassızdır.
Əslində, elədir. Heç bir strukturun daxili nizamnamə və təlimatlarında da qeyd olunmur ki, arada şübhəli şəxsin üzünə tüpürmək olar.
Ona qalsa, Vəli Ələsgərov nazir olanda da onun rəhbərlik etdiyi dövlət orqanından şikayətçi olanlara belə cavab verilirdi, deyilirdi ki, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərə qarşı hər hansı bir qeyri-qanuni hərəkətə yol verilməmişdir.
Amma hamımız bilirik ki, bizdə də əsəbi “komissar Məsud”lar var və cinayətini boynuna almayan şəxslərlə davranışda əllərini kətilə, masaya, divara çırpmaqları olur. Bəzən, qabağa gedib, kətili müttəhimin belinə, yaxud müttəhimin başını masaya, divara çırpmaq halları da baş verir. Buna ümumi şəkildə profilaktiki iş aparmaq deyirlər. Belə edənlər üzdə olmasa da səmimiləşəndə deyirlər ki, bə nağayraq, özbaşına qoysaq, hansısa cani cinayətini boynuna alarmı, kimisə satarmı.
Yeri getməmişkən deyim ki, bir fransız filmində (“Açın, polisdir”) yaşlı komissar gənc komissara tövsiyə verir, deyir, şübhəli şəxs kimi saxlananlar inadkarlıq edəndə onlarla qanunvericilik kitabı ilə danışmaq lazımdır. Adam belə deyir və örnək göstərir, 1000 səhifəlik, 3-4 kiloluq cinayət məcəlləsi kitabını götürüb müttəhimin təpəsinə çırpır. Bu da profilaktikadır, əlbəttə.
Ancaq saxlanılmış şəxsin üzünə tüpürülməsi profilaktik tədbir sayıla bilməz. Bu, hətta gigiyena profilaktikasına zidd hərəkətdir. Hər ağızda yüz cür mikrob, virus var. Tüpürcək yaz yağışı-zad deyil ki…
Vaxtilə nazir işləmiş, general rütbəsi daşımış adamın üzünə tüpürmək isə nəinki mövcud qanunlara, hətta mentalitetimizin yazılmamış qayda-qanunlarına da ziddir. Bir strukturun işçilərinin sıraya durub növbə ilə öz keçmiş rəislərinin üzünə tüpürməsi isə fenomenal hadisədir. Güman ki, növbəni pozan, yaxud da növbədən çıxan olmayıb.
Bu heynədə adamın yadına köhnə haqq-hesablar düşür, yadınızdadırsa, vaxtilə belə bir iş olmuşdu: əri təcridxanada işgəncə ilə öldürülmüş bir gənc qadın Naxçıvanda MTN-in işçisi tərəfindən yoldan çıxarılıb intim əlaqəyə cəlb edilmişdi, sonra onu susması, ərinin ölüm işini qurdalamaması üçün şantaj etmişdilər. Bax, o zaman bu hadisədən xəbər tutanların, bu mövzuda yazılanların oxuyub bilənlərin hamısı tüpürürdü. Əsəbi oxucular şərh yazırdılar: “Tfu onu edənlərin üzünə!”; “Tüpürüm bu şərəfsiz işə qol qoyanların cəmdəyinə” və s.
Bəlkə də bu həmin tüpürcəkdir, döndü, dolaşdı, gəldi, ünvanına çatdı…