(Bu yazını siyasi dustaq İlkin Rüstəmzadəyə ithaf edirəm)
Bu yaxında sosial şəbəkədə müdafiə nazirini tənqid edən status yazmışdım, AzTV ənənələri və 23 illik yapizm bulağından su içməklə böyüyən bir nəfər altdan belə bər-bəzəkli şərh vermişdi: “Yaxşı yumorunuz, satiranız var, ancaq vətəndaş mövqeyiniz sıfırdır”. Çoxdandır ura-patriotizm püskürtülərinə reaksiya vermirəm, ancaq bu qardaşın yazdıqları məni düşündürdü. Doğrudanmı vətəndaş mövqeyim yoxdur? Ümumiyyətlə, vətəndaş mövqeyi nədir, onu yemək-içmək, kreditə vermək, lazım gələndə isə itirmək mümkündürmü? Bu yalançı pafosun, yaltaqlığın konfet kağızına bükülüb sadə vətəndaşlara zorla yedizdirilən demaqoqiyanın cavabını vermək qərarına gəldim. Öncə qeyd edim ki, burada patriotizmi tənqid eləmiş dahi Lev Tolstoya, ya da “Patriotizm alçaqların sonuncu sığınacaq yeridir” deyən Çeksona istinad etməyəcəm – klassiklərin arxasında gizlənmək mənim vətəndaş mövqeyimə yaraşmaz.
İlk növbədə, vətəndaş anlayışına diqqət eləməliyik, sonra bu vətəndaşın mövqeyi söhbətinə keçərik. Azərbaycanda vətəndaşlıq hüququ qorunurmu? Biz seçkilərdə səs verib öz hakimiyyətimizi seçmək, onu dəyişdirmək haqlarına sahibikmi? Yox. Demək vətəndaşlığımız özü formal bir şeydir – hakimiyyət tərəfdən baxanda. Ancaq biz lap o bəzi uydurmaçıların dediyi bucaqdan məsələyə baxaq, hesab edək dövlət ayrıdır, hakimiyyət ayrı. (Bu, olduqca mənasız söhbətdir. Dövlət və hakimiyyət necə ayrı ola bilər? Bəs bizi hazırda idarə edənlər kimdir? Hələ bir gülməli söz də deyirlər: “Bunlar gəlib-gedəcək, dövlət qalacaq”. Getmirlər axı). Biz də bu dövlətin mövqeyini qoruyan vətəndaş olmalıyıq. Olaq. Sözüm yoxdur. Ancaq bu da mücərrəd, əfsanəvi sözlərlə baş vermir. Real, gözlə görünən, dövlətin hüquqi aktları ilə qeydə alınan hərəkətlərlə olur. İzah edim.
Misal üçün, mənim vətəndaş mövqeyim – loru dildə desək, vətəndə dayandığım nöqtə nədir? Mən jurnalistəm. Yuxarıdakı yoldaş yazılarımın yaxşı olduğunu qeyd etmişdi. Deməli, öz işimin öhdəsindən pis gəlmirəm. İkincisi, hərbi çağırışdan yayınmadan əsgərlik xidmətimi etmişəm, özü də cəbhə xəttində. Üçüncüsü, vergiləri ödəyirəm. Heç bir banka kredit borcum yoxdur. Xarici dövlətlərə satqınlıq etməmişəm. Korrupsiya ilə məşğul olmuram. Ofşor hesablarım yoxdur. Dubayda oğluma villa almaq bir yana, heç siçan yuvası kimi balaca evimdə ona ayrıca otaq düzəltməyə imkanım yoxdur. (Bunu deyinmək üçün yazmadım, vətəndaş mövqeyimi hərtərəfli açıram). Azı 22 ildir jurnalistika ilə məşğulam, bir nəfər gəlib deyə bilməz ki, filan ayda sənə 22 qəpik rüşvət vermişəm. 22 ildə 2 yalan cümləmi də tapmaq olmaz. (Vicdanlı səhvlər bəlkə olub).
Oxuculardan üzr istəyib özümə bəy tərifini dayandırıram. Sadəcə, istədim ki, kimlərsə sizə də qarşı bu “vətəndaş mövqeyi” səfsəfəsini irəli sürəndə mənim kimi cavabını verib ağzını yumasınız. Azərbaycanlıların – sadə, kasıb azərbaycanlılardan söhbət gedir və onlar 90 faiz əhalidir – lap qəşəng də vətəndaş mövqeyi var, bu ölkədə vətəndaş mövqeyi olmayan bir zümrə varsa o da elə yapistlər, hakimiyyət nümayəndələridir.
Eşşək ətindən kolbasa düzəldib satanlar, iyirmi qəpiklik “qaymaq”, ayaqqabı kremi iyi verən “meyvə şirələri” ilə millətin canına zəhər yeridib məhv edənlər vətəndaş mövqeyindən dəm vururlar. Deyirlər hər kəsin əsgərlik yerini kompüter müəyyən edir. Bəs niyə cəbhə xəttinə bu icra nümayəndələrinin, rəislərin uşaqlarından bir nəfər də düşmür? Bunu soruşursan, deyirlər vətəndaş mövqeyini göstər.
Yalan yazan jurnalistlər, yaltaq “hüquq müdafiəçiləri”, satqın müxalifətçilər, idiot yazıçılar, cibə nəşə atan hakimlər, yetimlərin son tikəsini boğazından çıxaran namərdlər – hər kəsin dilində bu ifadə vardır. Vətəndaş mövqeyi! Əsas odur vətəndaş mövqeyin olsun, sonra lap avtobusda təqaüdçü qadının çantasına girə bilərsən.
İşin romantik tərəfinə gələndə… Vətənpərvərlik saxta, geridə qalmış ifadədir. Misal üçün, sən Xəzərin ancaq Azərbaycan sektorunu sevirsən? Yaxud, Rusiyadan uçub gələn bulud xain bulud sayılır? Bunlar qədim, mağara dövründən qalma anlayışdır, 20-ci əsrdə beynəlxalq insan haqları konvensiyaları qəbul ediləndən bizim vətənimiz Yer kürəsidir. Əsas budur – insan hüquqları. Buna öz ərazisində əməl edən insan vətənpərvərdir. Qalanı boşboğazlıqdır.
Yəhudilərdə belə bir adət var, uşağa balaca vaxtından öz tərcümeyi-halını yazmağı belə öyrədirlər, misal üçün: “Filan küçə, Yerusəlim şəhəri, İsrail dövləti, Yer kürəsi, Günəş sistemi, Süd yolu qalaktikası”. Biz də belə olmalıyıq. Qalaktikamıza sahib çıxmalıyıq. Günəş sisteminə iddia edəsi uşağı sən balaca vaxtından “bala, sən nehrəmlisən”, “oğlum, sən ayrı kənddən qız alma” tərbiyəsi ilə böyütsən, o, elə xırdaçı bir adam olacaq.