Metronun keçmiş müdiri Tağı müəllimin yağmalanması boyu vətəndaşlarımıza nəsə xüsusi ləzzət edibdir, neçə gündür bunun söhbətləri getməkdədir. Bunda bir qədər də Tağı müəllimin susqunluğu rol oynamaqdadır, çünki jurnalistlər hərəsi bir tərəfdən dızıldaşıb “Tağı müəllim, deyirlər MTN generalı Çovdarov sizin 3 milyon dollarınızı əlinizdən alıbmış, bu haqda nə deyə bilərsiniz” soruşsalar da adam düşmən əlinə keçmiş cəsur kəşfiyyatçı kimi susur, heç bir dövlət sirrimizi ələ vermək istəmir. Nəticədə söhbət uzanır.
Ancaq bu dız-vız prosesində, bu milli-mənəvi burcutma projesində məni düşündürən başqa detaldır. Ortada indiyə qədər rastlaşmadığımız hal vardır. Lotu jurnalistlər demişkən, status-kvo dəyişilmişdir. Hətta deyərdim postmodernist yanaşmadır. Söhbət nədən gedir? Sən demə, jurnalistlər bu 3 milyon məsələsi haqda hər dəfə zəng vuranda Tağı müəllim sualı diqqətlə axıra qədər dinləyir, sonra isə susur və necə deyərlər, dəstəyi asırmış. (Cib telefonu çıxandan bu ifadəni bəlkə də “dəstəyi cibinə soxdu” yazmalıyıq).
Bəs görəsən, suala bu cür susaraq qulaq asmağın mənası nədir? Məncə, jurnalistlər Tağı müəllimin Tağı Sadiq imzası ilə lirik şeirlər yazan korifey sənətkar olmasını diqqətdən qaçırıblar. Tağı müəllim AYB Metro təşkilatının poeziya bölməsinin sədri də olmuşdur. Bu telefonda susaraq dinləmələr, sentimental davranışlar məhz Tağı müəllimin şairanə təbiətindən irəli gəlir. Yeri gəlmişkən, bir jurnalist sual verəndən sonra dəstəkdə hıçqırıqlar və Anar müəllimin “Tələsmə və Zaur” əsərindən Şopenin musiqisini eşitdiyini yazır.
Ümumiyyətlə, biz Tağı Əhmədovun poetik yaradıcılığına nəzər salsaq orada Akif Çovdarovun reket hərəkətlərinin, ödənilən 3 milyonun ürək parçalayan izlərini görə bilərik. Misal üçün, Tağı müəllim “Necə dözüm” adlı şeirində yazırdı:
“Dağın həzin yeli, çəmən gülüsən
Tax yaxan üstə qızılgülü sən
Sadiqin qəlbində xoş sevgilisən
Halaldır yolunda tökülsə, qanım.
Sənsən mənim ruhum ay gözüm, canım”.
Burada şair qanının töküləcəyinə işarə vurmaqla Çovdarovun pul tələbini incə eyhamla uca millətimizə, əlaqədar orqanlara çatdırıır. (Fikrət Qocanın da sovet dövründə Vyetnam haqda belə şeiri var, əslində orada Ağdaş kəndlilərinə kommunistlərin zülmü əks edilmişdi). Ancaq təəssüf ki, bu işarə diqqətdən yayınmışdır, vəsait əğyara ödənmişdir. Prokurorluqda poeziyaya baxan şəxsi qovmaq lazımdır.
Tağı müəllim başqa bir sənət əsərində – “Toxundu” rədifli qəzəlində yazırdı:
“Könlümüzü açdıq sevgi dağında
Bir çiçəkli çəmən, bir yaz çağında
Sadiq qərar tutdu hicran bağında
Güllü baharımız qışa toxundu”.
Burda isə MTN generalının pulu qış vaxtı tələb eləməsi, şairin heç olmazsa yaza qədər – “Ulduz” stansiyasından pullar gələnəcən vaxt istəməsi aydın əks olunmuşdur. Ancaq kim idi bunu oxuyan, kim idi belə qəlb harayına diqqət kəsilən? Bizim millət həmişə belə olubdur. Qoyasan bunları elə bir-birinin belinə çıxa-çıxa metroda basırıq eləsin, corablarını yumadan vaqona girsin… Nə olsun ventilyasiya işləmirdi? Guya ingilis xalqı Şekspirdən havalandırma istəyirdi? Gəlin bir az da sənətə qiymət verək, sənətkarı belimizdə gəzdirək. Hərəmiz 20 qəpikdən atışaq, Tağı müəllimin 3 milyonunu yığaq verək, daha susmasın. Susduqca sıra bizə gələcək!
Yazını isə Tağı müəllimin “Gözəl” şeirindən romantik bir bəndlə bitirirəm. Gözəl şeirdir, şair burda birbaşa xalqın mərd qızına girişir, ancaq belindən tuta bilmir, böyük ehtimalla buna da Çovdarov imkan verməmişdir:
“Kimsəni görmədim tuta əlindən
Bir kəs incimədi tuti dilindən
Xoşbəxtdir kimsə tutsa, incə belindən
Aşkara bunları sezirsən, gözəl.
Naz ilə yeridik birgə cüt qoşa
Yaydan çıxan oxum dəymişdi daşa
Xalqımın mərd qızı, sən xoşbəxt yaşa
Sadiqi bəlaya salırsan, gözəl”.