ANS-in Gəncə bürosunun əməkdaşı Ermənistan silahlı qüvvələrinin yerləşdiyi postdan 150 metr aralıda olan Qazaxın Quşçu Ayrım kəndində müşahidələr aparıb.
Kənd sakinləri intensiv atışmaların olmadığını bildirib. Düşmən arabir atəşkəsi pozur, bu da kənddə yerləşən evlərdə dağıntılara səbəb olur.
Qazax rayonunun cəbhə xəttinə ən yaxın kəndi olan Quşçu Ayrım eyni zamanda rayonun sonuncu yaşayış massividir. Buradan sonra isə hərbçilər və işğal olunmuş Azərbaycan kəndləri yerləşir.
Sakinlərin sözlərinə görə, kənd hər 3 tərəfdən erməni hərbi birləşmələrinin nəzarəti altındadır. Bu da öz növbəsində kənd sakinlərinin həyatını birbaşa təhlükə altına atır. Gecə olsa da, çox açıq yerdə müsahibə almaq belə təhlükə yarada bilər.
Düzdür, son vaxtlar intensiv atışma qeydə alınmasa da, Quşçu Ayrımda yaşayanlar qarşı tərəfin istədiyi vaxt atəş açdığını bildirirlər. Ermənistan postundan 150 metr məsafədə yerləşən kəndin əkin və örüş sahələri də işğal altındadır.
Gecə olanda valideyinlər azyaşlıları evin daha təhlükəsiz otağında yatızdırırlar.
Kənddə elə bir ev yoxdur ki, onun üzərində güllə izi olmasın. Qarşı tərəf mülki şəxsin evini, həyətini və həyatını hədəfə alır. Xoşbəxtlikdən biz çəkiliş apardığımız gecə insidentsiz başa çatdı.