Aprelin 2-dək daha çox sovet işğalı ilə yadda qalan aprel ayı inşallah, Azərbaycan üçün bundan sonra uğurlu bir hadisə ilə də anılacaq. Cəbhədə düşmən üzərində əldə edilən 4 günlük blits-hərbi zəfər bu ayın necə deyərlər, “üzünü ağartmış” oldu bizim üçün.
Düzdür, ayın bitməsinə hələ iki gün var. Ümid edək ki, peşmançılıq olmaz, əksinə, yağı düşmən daha ağrılı zərbə alar.
Ancaq bir neçə dəfə qeyd elədiyimiz kimi, əgər hərbi qələbə siyasi qələbəyə transfer edilməzsə, onun dəyəri qalmayacaq. Yəni sonrası diplomatların üzərinə düşür.
Diqqət edin, ermənilər 22 il idi ki, özlərini qalib ədası ilə aparır, artıq Qarabağ savaşının bitdiyini, əsas hədəfə çatdıqlarını güman edirdilər. Fəqət, Azərbaycan əsgərinin qəfil həmləsi onları sarsıtdı, sanki eyforiya yuxusundan oyadaraq, heç də hər şeyin bitmədiyini onlara anlatdı, görk elədi.
Niyə belə oldu? Çünki erməni nə yaxşı ki, özünün hərbi “qələbəsi”ni 22 il ərzində maddiləşdirməyi, başqa sözlə, sənədləşdirməyi bacarmadı. Maddiləşdirmək odur ki, onlar separatçı rejimi konfliktin müstəqil tərəfi kimi danışıqlar prosesinə qoşmaq, daha sonra isə onun “müstəqilliyinin” tanınmasına nail olmaq niyyəti güdürdülər. Alınmadı. Azərbaycan əsgərinin iradəsi mane oldu.
Doğrudur, “Madrid prinsipləri” adlı rəsmən qəbul edilməmiş sənəddə, hazırda haqqında daha çox söhbət gedən və “Madrid sənəd”inin bir azca dəyisdirilmiş variantı sayılan “Kazan formulu”nda Qarabağ əhalisi üçün referendum hüququ nəzərdə tutan bənd var – üç həll prinsipinin biri bu haqdadır.
Ancaq aydındır ki, Azərbaycan separatçı qurumun müstəqilliyinə gətirəcək belə bir prinsipə heç vaxt razılıq verə bilməz. Unutmayaq ki, Azərbaycan Konstitusiyasında ümumiyyətlə, ölkənin hər hansı hissəsində referendum keçirilməsi qadağan edilir. Deməli, ölkə konstitusiyasını dəyişmək lazım gələcək ki, buna da Azərbaycan xalqı yüz faiz razı olmayacaq.
Yəqin ki, vəziyyət bu həddə çatmayacaq da. İş ondadır ki, 4 günlük müharibədən sonra indi unikal fürsət yaranıb ki, rəsmi Bakı Azərbaycan dövləti altına qoyulmuş belə bir “gec partlatyanmina”dan – referendum söhbətindən birdəfəlik imtina eləsin. Yeri gəlmişkən, niyə Rusiya kimi federativ dövlət, Gürcüstan, Ukrayna buna getmir və heç kim də onlardan bunu tələb eləmir, bizə gələndə isə val dəyişir? Xristian amilinə görəmi?
Müxtəsəri, nə qədər gec deyil, həmin gec partlayan minanı zərərsziləşdirməyin zamanı çatıb. Onun fitilini özümüz çıxarmalıyıq. Niyə də yox? Azərbaycanda neçə-neçə başqa millətin də nümayəndələri yaşayır və nədən ölkənin balaca bir rayonunun sakinləri qədər olan 110 minlik erməni əhalisinə xüsusi imtiyazlar tanınmalıdır?
Azərbaycan BMT-yə, digər bütün mötəbər beynəlxalq təşkilatlara məhz unitar ölkə kimi, Dağlıq Qarabağla birgə daxil olub – hansı məqam ki, elə həmin BMT başda olmaqla bütün beynəlxalq təşkilatların Qarabağa dair qərar və qətnamələrində birmənalə əksini tapıb.
Şəhidlərimizın qanı hesabına yaranan bu yeni əlverişli situasiyadan Azərbaycan istifadə etməyi bacarmalıdır. İstifadə etməyə borcludur. Unutmayaq ki, hiyləgər düşmən Lələtəpəni geri almağa çalışmaqla təkcə sınmış qürurunu dirçəltməyə ümid eləmir, həm də və ən önəmlisi, aprelin 2-dək olan status-kvonun bərpasına nail olub, “öz müqəddəratı təyinetmə” hüququnu Bakıya qəbul etdirmək yönündə getmiş prosesi bərpa etməyə can atır.
Ordumuz ayın əvvəlində siyasətçilərimizə güclü bir pas verib. Qalır ondan lazımınca istifadə eləmək – Qarabağ naminə.