Ermənistana Rusiya istehsalı olan müasir T-90S tankı göndərilib.
BAKU.WS-in məlumatına görə, sözügedən tankı erməni hərbi qulluqçuları “Tank biatlon-2014” beynəlxalq yarışında mükafat kimi qazanıblar.
Tank 2015-ci ilin dekabrında istehsal edilib. T-90S tankı Ermənistanın Silahlı Qüvvələrinə təhvil verilib. Ermənilər Rusiyanın bu hədiyyəsindən çox gümanki Qarabağda istifadə edəcək. Ötən gün Yerevana gətirilən tanka Ermənistanda böyük maraq yaranıb.
Qeyd edək ki, sözügedən T-90S tanklarından Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında 200-dən çoxdur. Bu texnika Rusiyanın «Uralvaqonzavod» Elmi İstehsalat Müəssisəsi tərəfindən istehsal edilir. T-90S tanklarının məxsus olduğu Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi 5 km. uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı verir. T-90S-in malik olduğu avromatik dolub-boşalan 2А46М-5 topu TƏİR raketlərindən başqa zirehdeşən, beton istehkamları dağıdan və s. xüsüsiyyətə malik müsair mərmilər ata bilir.
Gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan “Kord” pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır.