Öncə bütün yapist yoldaşları – hakimiyyət nümayəndələrimizi 28 aprel münasibəti ilə təbrik edirəm. Çünki bu tarixi gün olmasaydı, Azərbaycanda sovet hakimiyyəti qurulmasaydı şeytan bilir onların dədə-babaları və özləri indi tarixin hansı küncündə idilər.
28 may-zad boş şeydir. Bunların əsas bayramı 28 apreldir, 7 noyabrdır, nə bilim, 23 fevraldır, Leninin doğulduğu gündür, Brejnevin “Qəhrəman ana” ordeni almasının növbəti ildönümüdür və sairə. O bəzi müsəlmanlarda dini adət ki, var – gördün vəziyyət xarabdır, əqidəni gizlət – bunu yapistlərə də aid edə bilərik. Hazırda onlar üçrəngli bayrağa-filana tapınmaqla həmin işlə məşğuldurlar. Təqiyyə edirlər. Həmin dini ikiüzlülüyün, əslində təkamül nəzəriyyəsinə uyğun canını qorumaq vasitəsinin “elmi” adı belədir.
Sonra bir ədalətsizliyə diqqət yönəldim, dünya birliyi buna dözür. Dünən Britaniyada yerləşən hansısa axmaq təşkilat dünyanın ən təsirli mətbuat, jurnalistika orqanlarının adını çəkibdir. Təsəvvür elə, bu siyahıda CNN var, Əl Cəzirə var, nə bilim, “Nyu York Tayms” var, ancaq bizim AzTV və “Azərbaycan” qəzetinin adı yoxdur. Halbuki, bunlardan biri Almaniyanı dağıdıb, Yaponiyanı isə götürüb yerə çırpıbdır, ikincisi isə Barak Obamanın riyakarlığını öz 15 manatlıq başsağlığı reportajlarında ifşa edibdir. Elə dünən də hardasa gördüm, “Azərbaycan” qəzetinin şefi Bəxtiyar müəllim yazmışdı ki, ordumuz Qarabağı azad edib, hazırda Göyçə gölü istiqamətində gedirik. Hətta Zakir müəllim arada Bəxtiyar müəllimdən xahiş edib ki, a Bəxtiyar, bir az yavaş irəlilə, əsgərlərimiz çata bilmir. O da adaşından sitat gətirib, deyib, axı dünya fırlanır!
İndi sən bunları necə önəmsiz sayarsan? Hələ bunlar cəhənnəm, “Səs” qəzetinin dünya media orqanları arasında ilk beşlikdə olmasına kimin şübhəsi var? Yadıma gəlir, 2001-ci ildə 11 sentyabr günü “Səs” qəzeti “Pentaqonda islahatlar davam edir” manşeti ilə çıxmışdı. Uğurlarımızı gözü götürməyən mənfur qüvvələr çoxdur.
Həmin qüvvələr müəllimlərdən ordumuza 1-2 faiz pul yığılmasına da vedrə bağlayırlar. Deyirlər guya müəllimlər şikayətləniblər ki, nə üçün onsuz da az maaşımızdan 2-3 manat qanunsuz yığılır.
Birincisi, Mikayıl müəllimin çoxdan qərarı var, heç kim məktəbdə hər hansı formada pul yığa bilməz. Ola bilsin bu pulları məktəbin darvazasından bayırda yığırlar. Nazir yaxşıdır, məktəb pisdir. Məktəb yaxşıdır, ətrafı pisdir. Müəllim yaxşıdır, uşaqlar pisdir. Uşaqlar yaxşıdır, valideynlər pisdir. (Kimsə müəllifi dayandırsın, artıq ağzına gələni yazır – red.). Müəllif yaxşıdır, redaksiya pisdir.
İkincisi, dərsin başını buraxıb uşaqlara guya patriotizm öyrədəndə bunun bir xərci olacağını bilməliydiniz. Keçən dəfə yazmışdım: müftə vətənpərvərlik olmur. Dahi Məhəmməd Əmin Rəsulzadənin hələ 1906-cı ildə yazdığı kimi, bir malın adı “qarpız” olanda 1 manatadırsa, “millət qarpızı” olanda qiymət avtomatik 5 manata qalxır. Müəllimlərimiz özlərini elə aparmasınlar ki, guya bunları bilmirlər. Maşallah, hamısı alim adamdır, ildə 120 kitab oxuyurlar. Dünən orta məktəb müəllimimi metroda gördüm, əlində roman, yuxuya dalmışdı. Universitetlərimizə aparan yollar dönər-kitab salonları ilə parlayır! Burada hər cür – ağ vərəqə, sarı vərəqə bükülmüş, lavaşarası, toyuq, basdırma dönərləri alıb elm yolunda irəliləmək olar!
Üçüncüsü, müəllimlərin maaşını tamamilə kəsib orduya vermək lazımdır. Camaat orda baş kəsib qan tökür, sən burda qurbağanın dərisini fenlə qurutsan qarnı ağrıyarmı, nə bilim, feli məsdər nədir, 9-cu əsrdə hansı gicbəsər padşah oğlunun arvadını əlindən alıb özünü də itə yedizdirib – belə səfeh şeylərlə millətin balalarının beynini doldurmaq istəyirsən. Bizə belə elm lazım deyil. Pulu tanıdı bəsdir.
Yaxşı olar, müəllimlər əsgər hazırlaşdırsınlar və biz tezliklə tamamilə repetitor orduya keçək. İndi söz əlaqədar təşkilatlarındır.