Keçmiş əməkdaşımız Fərahim İlqaroğlunun Termişi soyadlı idmançı tərəfindən döyülməsinin ikinci ildönümündə az qala daha bir əməkdaşımızın qanı asfaltda qalacaqmış. Adamın həyatı bir kəlmə “budur”dan asılı olub. Bəxti gətirib ki, “budur” əvəzinə “o deyil” deyilib.
Məsələ belə olub: jurnalist Mahir Məmmədli çörək almaq üçün marketə getmək istəyib. Blokdan yenicə çıxıbmış ki, qarşısını cip növlü avtomobildən düşən dörd iricüssəli, idmançı görkəmli gənc kəsib və jurnalistdən soruşublar ki, bayaq “Qismət” şadlıq evinin yanından gələn adam sənsənmi. Xoşbəxtlikdən, Mahir əfəndi həmin gün “Qismət”in qabağından keçməyibmiş, ona görə də tərəddüd etmədən deyib ki, xeyr. Belə olanda gənclər kiməsə zəng vurublar və eyvana bir gənc qadın çıxıb, gənclər ona Mahiri göstərib soruşublar ki, budurmu. Xanım da deyib, xeyr, o deyil.
Məlum olub ki, ortada qadına sataşma vaqiəsi var və bunun axırı mütləq kiminsə ağız-burnunun partlamış-əzilmiş, şalvar-köynəyinin cırılmış halıyla bitməlidir. Mentalitet belə tələb edir.
Ya birdən küçədə qadına söz atan sapıq həqiqətən Mahir Məmmədliyə bənzəmiş olsaydı və qadın “hə, odur” desəydi, onda nə olacaqdı?
Heç nə. Yuxarıda dediyim haqq-hesab baş verəcəkdi. Hələ dörd iri cüssəli idmançı bir orta ağırlıqda olan 40 yaşlı jurnalisti şil-küt etməklə qurtarsalar, buna şükür etmək lazım gələcəkdi. Başqa cür də ola bilərdi. Məsələn, dalaq partlaması, qaraciyər dağılması, böyrək düşməsi və s.
Olayın sonrası da belə olacaqdı ki, jurnalisti döyənlər qaçıb aradan çıxacaqdılar. Jurnalistlər hay-küy salıb onları tapdıracaqdılar. Bu dəfə onların da havadarları dövriyyəyə girəcəkdilər və media quruluşlarının xəbərləri haçalanacaqdı. Bir dəstə həmkarımız laübalı şəkildə belə xəbərlər yazacaqdılar ki, jurnalistin döyülməsi peşə fəaliyyəti ilə bağlı olmayıb, ortada qadın söhbəti var.
Ahaaaa. Belə olanda artıq mediada yeni-yeni xəbər başlıqları görünəcəkdi: “Jurnalistin döyülməsinin şok səbəbləri –NAMUS MƏSƏLƏSİ”; “Qəzetçinin döyülməsində qadın izi – TƏFSİLAT”; “Mahir Məmmədlini intim məsələyə görə cəzalandırıblarmış – TƏFƏRRÜAT”; “Reportyoru döydürən qadın kimdir? – İLKİNC GƏLİŞMƏ”; “Mahir Məmmədlinin qətlini sifariş verən qadın axtarılır” və sair və ilaxır.
Bu arada ağır vəziyyətdə klinikada yatan həmkarımızın ağzına qaşıqla horra tökülməsi və sistem altında olması üzündən barəsində deyilənləri təsdiq-təkzib etməsi çətin olacaqdı, o, gücənib, hıqqanıb deyə bilməyəcəkdi ki, qardaşlar, məni səhv saldılar, bildiyiniz kimi deyil.
Lap jurnalist belə desəydi də, kimdir ona inanan. Hər kəsin bildiyi şeylər var: 1. Adamı durduğu yerdə döyməzlər; 2. Nəsə bir zibil işi olub ki, döyüblər.
Sosial şəbəkə camaatı da bu xüsusda ən azı iki qrupa bölünəcəkdi. Birinci qrup (jurnalistin həmkarları, keçmiş və indiki iş yoldaşları, tanışları və b.) onu müdafiə edəcəkdi, deyəcəkdilər ki, heç bir xüsusat adamın küçədə linç edilməsinə haqq qazandırmır, dövlət var, qanunlar var.
İkinci qrup (Mahirin və işlədiyi media orqanlarının düşmənləri) jurnalistin döyülməsinə haqq qazandıracaqdılar, statuslar yazacaqdılar ki, yaxşı eləyib döyüblər, gərək öldürüb ölüsünü qoyaydılar. Feministlər qadına sataşan bütün sapıqların aqibətinin belə olmasına dair arzularını bildirəcəkdilər.
Elə bilirsiniz, iş bununla bitəcəkdi? Xeyr. Əgər ağzına tökülən horralar jurnalistə şəfa verməsə və o, dünyasını dəyişəsi olsa, bəzi siyasi qruplar “rejim daha bir jurnalisti öldürdü” məzmunlu bəyanat verəcəkdilər. Hətta ola bilərdi ki, dəfndən qabaq jurnalistin cənazəsini götürüb şəhərdə dövrə vurmaq təklifi də səslənsin.
Əlbəttə, həmkarımızın döyüldüyü blokun ağzında 40 ədəd şam yandırmaq ideyası müsbət həll ediləcəkdi. Rəhmətliyin badə yoldaşları yığışıb onun xatirəsini bir dəqiqəlik sükutla, iki saatlıq ziyafətlə və litrlik araqların boşaldılmasıyla anacaqdılar.
Xülasə, gündəm dəyişəcəkdi. Bu mövzuda 47-si anıt köşəsi olmaqla yüzlərlə yazı yazılacaqdı.
Bir müddətdən sonra hər şey növbəti jurnalistin döyülməsinə qədər unudulub gedəcəkdi.
Bəlkə də sonradan o balkondakı yandırıb-yaxan qadın küçədə köhnə sapıqla rastlaşanda barmağını dişləyəcəkdi ki, bay, deyəsən, uşaqlar yanlış adamı öldürüblər.