Düşmən çox narahatdır. Bunu Ermənistan daxilindəki vurnuxmalar, Sərkisyan iqtidarının gərgin durumda olması, Qarabağ separatçılarının panik vəziyyəti də açıq-aydın göstərir. Zarafat deyil, atəşkəs dövründən keçən 22 il ərzində düşmən bu qədər sarsıntı keçirməmişdi.
Elə Qarabağ separatçısı Bako Saakyanın dünən Hadruta gəlib əsgərlərlə görüşməsi də narahatlığın, qorxunun əlamətdir. Serj Sərkisyan işğal zonasına gəlib hərbçilərini mükafatlandırdı, indi də Saakyan gəlib. Ağır sarsıntı keçirmiş əsgərlərini ruhlandırmaq jestidir. Nə dərəcədə alınacaq, demək çətindir. Hələ ki, yeni səngərlər – özlərinə qəbirlər qazırlar.
Sərkisyanla Saakyanın davranışları gözləniləndir. Çünki bu hadisələr uğursuzluqla başa çatsa, Azərbaycan torpaqlarını geri alsa, onları ermənilər özləri şaqqalayacaq. Bu illər ərzində erməni xalqına çəkdirdiklərinə görə. Bu mənada onların geri çəkilməyə yolları yoxdur. Sərkisyan Qarabağ məsələsini bitmiş sayırdı, “Qarabağı biz azad etdik, Ağrını da gələcək nəsillər geri alacaq” kimi sərsəm bəyanatlarını unutmamışıq.
Odur ki, Sərkisyanın guya Qarabağa torpaqları azad etmək niyyətində olduğuna yalnız sadəlöhvlər inana bilər. Erməni lobbisi və kilsəsi Serjikə heç zaman güzəştə getməsini bağışlamaz. Lap Rusiya təkid etsə də. Olsa-olsa ermənilər Sərkisyan rejimini devirib yeni hakimiyyət quracaq. Lakin bu da bizim şansımızı artırmır. Çünki Rusiyanın istilası altında olan Ermənistanda demokratik hakimiyyətin qurulması üfüqdə də görünmür. Deməli, hakimiyyət dəyişikliyi sadəcə Qarabağ danışıqlarının uzanmasına, düşmənin istehkamlarını möhkəmləndirməyə xidmət edə bilər.
İrəvanın son davranışları sübut edir ki, işğalçı nəinki 5 rayonun, heç 5 kəndin də azad edilməsinə razı deyil. Nalbəndyanın Lavrovla görüşsonrası dedikləri də bunu təsdiqləyir. İrəvan Rusiyadan gələn ümidverici sülh bəyanatlarını təkzib etdi. Təkcə bu da deyil.
Düşmən daha aqressiv siyasət yürütməkdədir. Beynəlxalq dəstəkdən məhrumdur, Rusiyanı çıxsaq, faktiki olaraq təklənib, erməni diasporunun cəhdlərinə ciddi reaksiya verilmir. Hətta Fransa ermənisi Şarl Aznavur dəstək üçün durub Ermənistana gəlib. Bütün bunlara rəğmən situasiyanı düzgün qiymətləndirib normal qərar vermək istəmirlər.
Düşmən Azərbaycanın vurulan vertolyotunun qalıqları arasından pilotun cib dəftərçəsini tapdığını iddia edir. Hay-küy salıblar ki, Azərbaycan bu hücumu qabaqcadan planlaşdırıbmış. Deyəsən, Azərbaycanın bir daha hücuma keçəcəyi ağıllarına gəlmirmiş, Zakir Həsənovun “bir gün Qarabağ torpaqları işğalçıların ayaqlarının altında od tutub yanacaq” sözlərini zarafat sayırmışlar.
Hətta Azərbaycanla bağlı beynəlxalq təşkilatlara şikayət edəcəklərini iddia edirlər, özlərini “yazıq” vəziyyətə salıb xaricdə havadarlar axtarırlar. Erməni canilərinin bu şikayəti ona bənzəyərdi ki, İŞİD onun mövqelərini bombalayan qüvvələrdən, ölkələrdən Beynəlxalq Tribunala şikayət edəydi.
Ancaq bütün bu situasiya aldadıcı ola bilər. Elə Rusiyanın guya “ədalətli hakim” rolunda görünmək istəyi də. Eyforiyaya qapılıb gözləmək olmaz. 24 aprel gecəsi ermənilərin Tərtər istiqamətindəki həmləsi də sübut etdi ki, düşmən kiçicik də olsa, qələbə qazanmaq, Azərbaycanı sındırmaq, erməni ordusundakı ruh düşkünlüyünə son vermək üçün məqam gəzir. Kəsəsi, ermənilər saxta “soyqırım” günündə Azərbaycanı cəzalandırmaq istədilər, ancaq əvəzində özləri itki verdi. Növbəti həmlələri hər an gözləmək lazımdır. Ancaq bu situasiyada yük yalnız Azərbaycan əsgərinin üzərinə düşməməlidir.
Rəsmi Bakı elə Tərtərdə erməni mərmisindən dağılan evlərlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili toplantısının çağırılmasını, Ermənistan ordusunun dərhal və şərtsiz Azərbaycanın bütün ərazilərindən çıxarılmasını, əks təqdirdə hərbi əməliyyatlara başlayacağını bəyan etməlidir. Görünən budur ki, Azərbaycana doğrudan da tələ qurulur.
5 rayonun qaytarılacağı barədə nağıllar danışanlar sadəcə işğalçıya yeni mövqelərində möhkəmlənmək şansı verdi və biz bunu gördük. Elə ermənilər yeni səngərlərdə möhkəmlənəndən az sonra mövqelərimizə hücuma keçdilər. Azərbaycanın diplomatik korpusu bir an belə sakit oturmamalı, dünyanın diqqətini Tərtərdə mərmi ilə dağıdılan evlərə yönəltməlidir. Düşmənə növbəti sarsıdıcı zərbələr üçün bu, çox böyük əhəmiyyətə malikdir. Hər halda Lavrovun 5 rayon təklifinə ermənilər tank atəşi ilə cavab verdilər. Düşmən qan istədi…