Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesdə M. Səlimov son söz deyib. Bildirib ki, istintaq materialları başdan-ayağa saxtadır.
Sonra məhkəmə M. Səlimova 8 il iş verilməsi ilə bağlı qərarını elan edib.
Qeyd edək ki, 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 2006-cı ildən başlayaraq, M.Səlimovun sahibi olduğu MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib.
Cinayət işinin materiallarında göstərilib ki, Mehman Səlimov yaşayış evlərinin, qurğuların tikintisi və s. işlər həyata keçirən “STŞ” MMC-ni təsis edib. O, bu şirkətin rəhbəri kimi, Müdafiə Nazirliyinin müxtəlif obyektlərində aparılacaq əsaslı təmir-tikinti və rekonstruksiya işlərilə əlaqədar nazirliklə müqavilə bağlayıb.
“Nazirliyin onun ”Texnikabank”dakı hesabına köçürülmüş külli miqdarda pul vəsaitinin xərclənmə təyinatını qəsdən saxtalaşdıraraq, qəbul aktlarına yalan məlumatlar daxil edib imzalamaqla, 714 min 555 manat pulu öz xeyrinə istifadə edib”, – deyə ittiham aktında bildirilib.
Həmçinin qeyd olunub ki, Mehman Səlimov yuxarıda adıçəkilən MMC-nin rəhbəri qismində vergi uçotunda duran şəxs kimi, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 95 min 889 manat vergini ödəməkdən yayınıb.
Məhkəmə istintaqı zamanı isə M.Səlimov ittihamlarla razılaşmayıb. O dəfələrlə bildirib ki, Səfər Əbiyevin təklifilə Müdafiə Nazirliyi üçün müəyyən təmir-tikinti işlərinin aparılması məqsədilə müqavilə bağlasa da, ona işi başa çatdırmaq üşün yetərincə pul verilməyib.