Qaçqınkomun cəsur şefi Əli müəllim Amerikada bir tədbirdə çıxış etmiş, Azərbaycan həqiqətlərini dünyaya yaymışdır. Deyir ermənilər işğal etdikləri ərazilərimizdə narkotik əkirlər.
Bu, çox yaxşı təbliğat üsuludur, hətta son illərdə bizim belə çarpaz propaqanda ilə rastlaşan ermənilər çaşıb qalırlar. Çünki onlar yüz ilə yaxın idi bütün dünyanı həyasız yalanlarıyla doldurmuşdular, elə bilirdilər bu sahədə heç kim onlara çata bilməz. İndi isə əlləri üzlərində, ağızları açıq qalır. Dinsizin öhdəsindən imansız gələr misalı bax budur. Hələ biri də var, adətən ermənilərin adına çıxılır, guya onlar deyirmiş müsəlmanın sonrakı ağlı kaş bizdə olaydı. Həmin sonrakı ağıl yetişibdir, meyvələrini yığırıq. Dünya yığır. Bolluq olacaq.
Ancaq yapist yoldaşlardan xahiş edərdik təbliğat zamanı müəyyən razılaşdırılmış istiqamət seçsinlər, söhbətlər planlı olsun. Yoxsa çox əcaib durum yaranır. Örnək üçün, hazırda aparılan rəsmi təbliğata əsasən nəinki işğal edilmiş ərazilər, ümumən bütün Dağlıq Qarabağ bölgəsi boşalıb, ermənilər qorxusundan qaçıb gedib. Başqa təbliğatda isə həmin ərazilərdə Suriyadan, Livandan, nə bilim, Kaliforniyadan gələn erməniləri “yerləşdirmişik”. Bir məmur deyir o ərazilərdə atom elektrik stansiyasının nüvə tullantıları, radioaktiv maddələr basdırılır, başqa məmur deyir narkotik plantasiyaları salınır. Bu minvalla sabah Xankəndində marsiançiklərin yaşadığını, Hadrutu isə xortdanların məskunlaşdırdığını iddia edən saytlar olacaqdır. Xəbər siyasətində dərəbəylik yaxşı nəticə vermir. Keçək başqa məsələyə.
Bəzi xarici dövlətlərdə iş yerinə velosipedlə gedən şəhər meri, nə bilim, sadə həyat sürən prezident, gənc və bacarıqlı baş nazir tipləri nümayiş etdirilir. Vaxtaşırı bunları bizim kimi yeddinci dünya ölkələrinin (üçüncü dünya ölkələri artıq arxaik termindir, bizi təsvir etməyə yaramır) gözünə soxurlar. Guya çox matah iş olubdur. Örnək üçün, bizə Hacıbala Abutalıbovun şəhərdə velosipedlə gəzməsi, yaxud, Ziya Məmmədovun metroda işə getməsi çox lazımdırmı? Düşünsən görürsən lazım deyildir. Hacıbala müəllim velosipedlə yolda getsə neçə Bakı sakini gülməkdən ölə bilər. Ziya müəllim metroya mindikdə isə metronun bir neçə stansiyası ləğv ediləcəkdir. Hətta yolda ikən qərar çıxıb “Nizami” stansiyasının eskalatoru sökülər. Neçə ildir bu adamı vurmaq üçün səlahiyyətləri əlindən alınır, hədəfdə olan adamdır, kimdir bununla bir vaqonda getmək istəyən? O mahnıda deyilən kimi, heç mənə lazım da deyil.
Fors edənlərdən biri də Kanadanın baş naziridir. Həmin cavan oğlan təzəlikcə brifinq zamanı jurnalistin kvant fizikası üzrə sualına cavab verməklə məşhur olubdur. İndi hamı bu videonu ağzı sulana-sulana paylaşır, deyirlər kaş bizim baş nazir də kvant fizikası cəhənnəm, ümumiyyətlə hər hansı fiziki hərəkətə reaksiya verəydi.
Bunlar boş şeylərdir, Azərbaycanı istəməyən, xarici qara qüvvələrin dəyirmanına su tökənlərin əməlləridir. Soruşsan bəlkə Artur müəllim də kvant fizikasından gap edər, ancaq Kanadanın həmin baş nazirindən soruşsan ki, 1957-ci ildə SSRİ Nazirlər Sovetində xiyar-pomidor təchizatına cavabdeh kim idi – gözünü döyəcək. Artur müəllim isə bunu beş barmağı kimi bilir. Hətta müşavirədə yatdığı yerdə oyatsan əzbər deyər. Neçə dəfə cənab prezident yuxudan qaldırıb soruşub, cavab verib, xalqımız şahiddir. Artur müəllim o qədər ağsaqqal, o dərəcə nurani insandır ki, nəinki belə iqtisadi rəqəmləri, hətta Babəkin üsyanına səbəb olan siyasi-sosial amilləri də gözəl bilir, çünki canlı şahidi olmuşdur.
Kvant-zad cırıq şalvar geyinən qərb mədəniyyəti kimi bir şeydir, bizim öz yolumuz vardır.