Siz onun varlığına şübhə edirdiniz, ancaq o, açıldı! Metronun “Avtovağzal” stansiyasını deyirəm. Gör neçə ildir bu nəhəng, Ginnesin rekordlar kitabına görə əsrin tikintisi adı almış proje uca millətimizi intizarda saxlayırdı. 2012-də deyirdilər 2013-də açılacaq, 2014-də deyirdilər vəssalam, son tamamlama işləridir, 2015-in qışında “Avtovağzal” stansiyasına girəcəyik. Hətta bəzi şübhəli adamlar ortaya çıxmışdı, deyirdilər hökumətimiz orda metro stansiyası yox, nəsə başqa məxfi obyekt tikir.
Bəlkə də yeri qazıb Avstraliyadan çıxacağıq. (Bunun ticari-geopolitik səbəbləri haqda başqa abzasda). Ola bilər Qarabağa tunel qazırıq, ərazi bütövlüyümüz bu cür bərpa ediləcəkdir. Xarici jurnalistlər yazırdılar ki, Azərbaycan ordan Panamaya ofşor metro düzəldir. Bir versiya isə cəhənnəmin dibini axtarıb tapmaq cəhdimizlə bağlı idi.
Söhbətlər çox idi, ancaq niyə başınızı ağrıdım, əsas odur həmin stansiyanın qırmızı lenti dünən kəsildi. Arzu edirəm siz o stansiyadan həmişə xeyir işlərə gedəsiniz! Sən o stansiyanın yanındakı yetim, ayağı sürüşkən avtovağzalın canı, bir nəzir ver! O stansiyanın sağ əli olsun Bakı-Tiflis-Qars dəmiryolunun relslərinin üstünə! Çünki bir dənə gedər-gəlməz proje də həmin marşrutun tikintisidir. İndiyə qədər əjdaha kimi ağzını açıb 1 milyard manat pulumuzu udub, di gəl, nəinki Qarsın qalasını, heç Türkiyə sərhədinin dirəklərini görə bilməmişik. İnşallah, bir gün qismət olar. Hərçənd, mümkündür ki, o dəmiryolu tikilənə qədər insanlar qanad açıb uçmağı öyrəndilər, heç kim daha dəmiryolu qatarına minmədi. Əslində indinin özündə də belədir. Örnək üçün, bu saat qatarla Bakıdan Tiflisə getmək yalan olmasın, Bakıdan Budapeştə uçmağın qiymətinədir. Dünyada elə ucuz təyyarə reysləri var, imkan vermirlər gözümüzü açaq, Azərbaycan dünyaya Günəş kimi doğsun!
Gələk Avstraliya məsələsinə. (Xoşum gəlir belə cümlələrdən. Götürək elə Yaponiyanı. Norveçə nəzər salsaq. Danimarkaya baxsaq. Çox ləzzətli alınır. Bir anlığa da olsa elə bil həmin yerlərə gedirsən). Orda yerli qəzet Azərbaycan səfirliyini biabır edən yazı veribdir. Yazıblar ki, Azərbaycanın Avstraliyadakı səfirliyi 2000 litr pivə, 1100 litr şərab, 520 litr spirt və 40000 ədəd siqareti vergisiz almaq üçün Avstraliya hökumətinə müraciət edibdir. Sən demə, səfirlik işçilərinin belənçik müəyyən malları vergisiz almaq hüququ varmış. Ancaq hökumət şübhələnib ki, 5 işçisi olan səfirlik bu qədər araq və siqareti nə edir, bəlkə bunları dükan açıb satmaq istəyirlər.
Doğrudan, ilk baxışdan şübhəli əməliyyatdır. Heç bilmirəm Avstraliya hökuməti səfirliyimizə həmin malları almağa icazə veribmi. Gərək versinlər. Çünki başqa millətlərə nisbətdə bizim bir səfir gündə beş qutu siqaret çəksə, on litr araq içsə yenə azdır! Çünki bizim Qarabağ dərdimiz vardır! Necə deyərlər, elə bil kefimizdən içirik. Dərdimiz çoxdur!
Özü də mən xəritədə Avstraliyanı kəşf elədim, məlum oldu onlardan baxanda bizim Azərbaycanımız tərsinə görünür. Səfirimiz ana vətəninə ayaqlarının altında, hardasa planetin o üzündəki bir yer kimi baxırsa, içməsin neyləsin? Dərdin kəlləmayallağı pis olur.
Bundan başqa, hara baxırsan əcaib heyvanla doludur. Kenqurunun biri kisə ilə gəzir, sanki rüşvətxor gömrük məmurudur. Başqa heyvan ördəkburun adlanır, ancaq ördəkdən çox Əli Kərimlinin evinin qabağında mitinq eləyən gözlüklü gənc qızlara bənzəyir. Mal-heyvan o qədər çoxdur ki, danaları kəsmək üçün vertolyotla çöldən qovub yığırlar. Belə yerdə səfir olandan sonra necə ayıq başla yaşamaq olar? Ağlın hər şeyin düz olduğu Bakı kimi yerlərə getməsin. Avstraliyada səfir işləmək ağırdır.
Gəlin biz ASAN-xidmətə müraciət edək, Avstraliyadakı səfirliyimizə zoğal arağı, tut arağı və sair başı xamırlılardan tədarük etsinlər. Bizi qarşıda gərgin döyüşlər gözləyir.