Axar.az kikboksçu Suad Səlimova ilə müsahibəni təqdim edir.
– Suad xanım, idmanla nə vaxtdan məşğul olursunuz?
– 6 yaşından 12 yaşına qədər anamın sayəsində SKA adlanan idman mərkəzində müəlliməm Natalya Yevqeniyevnanın rəhbərliyi ilə bədii gimnastika ilə məşğul olmuşam. Daha sonra karate döyüş növünə yönəldim. Lakin anam təhsilimə daha çox diqqət ayırmağım üçün müəyyən müddətə məni idmandan kənarlaşdırdı. Dərslərimə diqqət ayıraraq, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinə daxil oldum. Orada yunan, fransız və ingilis dillərini mükəmməl şəkildə mənimsədim.
– Zərif xanımların qəddar idman texnikasına cəlb edilməsi çətin deyilmi?
– Birinci növbədə, hər bir istək daxili ruhla bağlıdır. Zamanında mənim çox xətrimə dəyiblər. Mən də özümü müdafiə etmək üçün idman sahəsinə yönəldim. Xanım idmançı hər zaman öz aspektindən çıxış etməyi bacarmalıdır. Həm şahzadə, həm də idmançı statusunu eyni vaxtda saxlamaq hər qızın hünəri deyil.
Yalnız zəif ruhlu kişilər…
– Necə düşünürsünüz, oğlanlar idmançı qızdan qorxmur ki?
– Güclü xanımlardan yalnız zəif ruhlu kişilər ehtiyat edirlər. İdmançı qızdan qətiyyən qorxmaq lazım deyil. Halbuki, bir çox insan düşünür ki, idmançılar adəti üzrə qəddardırlar və istənilən anda xəsarət yetirə bilərlər. Bu, səhv və absurd düşüncədir. İdmançı xanıma zərbə yetirilməzsə, o heç vaxt ilk olaraq öz gücünü qarşı tərəfdə sınamaz.
– Elə bir hal ilə qarşılaşmısınızmı ki, məcburən zərbə yetirməli olmusunuz?
– Yalnız bir dəfə olub. Evə gələrkən məni izləyən oğlana sözlə uzaqlaşmağı anlatdıqda israrla məni izləməyə başladı. Yekun olaraq, yaxınlaşaraq çiynimə toxunduqda, onun əlini buraraq, “volevoy” texnikası ilə məndən əl çəkməyinə nail oldum.
O, məni bu cür qəbul etməzsə…
– Suad xanımın sevdiyi şəxs varmı?
– Yox, hal-hazırda yoxdur. Amma istərdim ki, məni sevən şəxs öncə idmanı sevsin ki, karyeramda mənə maneçilik törətməsin.
– Əgər sevdiyiniz insan idmandan uzaqlaşmağı sizdən rica etsə, müqabilində sevgisini qəbul edərdinizmi?
– Heç vaxt. Mənim üçün ilk olaraq idmandır, sonra şəxsi həyat. Və sevdiyim, seçdiyim insan məni anlaya biləcək biri olmalıdır. O, məni bu cür qəbul etməzsə və ya qadağalar tərtib edərsə, mən öz sevgimi sözügedən şəxslə bölüşə bilmərəm.
Erməni idmançı ilə görüşərək…
– Düşünürsünüz ki, gələcək həyat yoldaşınız sizi anlamaq üçün mütləq idmançı olmalıdır?
– Fikrimcə, o, idmançı da ola bilər. Amma yaradıcı insan, musiqiçi, müğənni, aktyor və ya idman sahəsinə sevgi və anlam bəsləyən də ola bilər. Bir sözlə, yetər ki, məni və məşğuliyyətimi qəbul edib, anlayışla qarşılasın, dəstəkləsin.
– Yarışlarda erməni idmançı ilə qarşılaşmısınızmı?
– Təəssüf ki, hələ qarşılaşmamışam. Amma arzu edirəm ki, erməni idmançı ilə görüşərək, onu məğlub edim və qalib olaraq, öz bayrağımızı zirvələrdə dalğalandırım.
– Yarışlarla bağlı hansı şəhərlərdə olmaq sizə nəsib olub və əldə etdiyiniz nailiyyətlər hansılardır?
– Əvvəlcə onu qeyd edim ki, mən getdiyim ölkələrdə iki idman növü üzrə yarışlara qatılıram: kikboksinq və uşu-sanda. Rusiyanın Sankt-Peterburq şəhərində “Döyüş sənəti olimpiadasına” qatılaraq, uşu-sanda döyüş növü üzrə çempion adına layiq görüldüm. İranda və Gürcüstanda olmuşam. VTK üzrə İspaniyanın Benidorn adasında baş tutan yarışlara qatılmışam və sadalanan yarışların hər birində birincilik əldə etmişəm. Sankt-Peterburqda qatıldığım yarışda uşu-sanda üzrə birinci və kikboksinqlə bağlı ikinci yerə layiq görüldüm.
İranda örpəklə vuruşurdum
– Uşu-sanda ilə kikboksinq idman növləri arasında oxşarlıq varmı?
– Deyərdim ki, haradasa oxşarlıq var. Lakin uşu-sanda tullanışlarla müşahidə edilir, kikboksinq sırf zərbələrdən ibarət döyüş texnikası tələb edir. Uşu-sanda sürətli olmağı tələb edir.
– İranda olduğunuzu vurğuladınız. İran qanunlarına görə idmançı xanımların örpəklə döyüşmələri doğrudurmu?
– Bəli, mən də örpəklə vuruşurdum. Amma onu da qeyd edim ki, İranın idmançı xanımları ölkədən kənarda örpəksiz vuruşur, çünki baş örtüyü ilə döyüşmək çətindir. Doğrudur, mən bu çətinliyi hiss etməsəm də, Tailandda məşq edən idmançı xanıma kikboksinq sahəsində uduzdum.
– Səbəbi nə idi?
– O daha güclü idi. Sözün açığı, mən bu idmançı ilə vuruşduğum üçün fəxr edirəm. Onunla dostluq münasibətimiz var.
Mübarizə aparıram və özümə inanıram
– Suad Səlimovaya xaricdən təklif gəlsə, orada karyerasını davam etdirməyə razı olarmı?
– Bəli, razı olaram. Amma mən yalnız doğma vətənimin bayrağı altında çıxış etməyi düşünürəm.
– Suad xanım, ən böyük arzunuz və həyatdan gözləntiniz nədir?
– İlk öncə sağlam və xoşbəxt olmaq istəyirəm. Çox istərdim ki, idman sahəsində bütün nailiyyətləri əldə edərək, şəxsi gücüm sayəsində əməkdar idman ustası adına layiq görülüm. Gələcəkdə qadınlardan ibarət şəxsi idman klubunun sahibəsi olum ki, burada bildiklərimi gənc nəslə ötürmək şansım olsun. Daha sonra isə arzu edərdim ki, fanatı olduğum idmançı xanımlar – Ronda Rousey (MMA üzrə idmançı) və Anastasiya Yankova (MMA üzrə idmançı) kimi maddi təşkilati dəstək hesabına öz ölkəmi layiqincə təmsil etmək imkanı əldə edim. Bilirəm ki, güclüyəm və maddi yatırımla daxili potensialımı yüksəltmək mümkündür. Mübarizə aparıram və özümə inanıram.