Qarabağdakı aprel döyüşlərindən hələ çox danışılacaq. İnşallah, ordumuz qələbələr seriyasına yenilərini əlavə edəcək. Lakin 22 illik fasilədən sonra pozulan atəş hər zaman müzakirə mövzusu olacaq. Ordumuz Kəlbəcərin işğal günü kimi anılan 2 apreli qara günlər siyahısından çıxartmağı bacardı, 2-ci Qarabağ savaşının başlanğıc günü olaraq yaddaşımıza hopdurdu.
Vətən uğrunda şəhid olan qardaşlarımızın ruhu şad olsun! İllərdir ipə-sapa yatmayan, özünü küçə uşağı kimi aparan, qudurğancasına Şuşanın işğalında, Xocalı soyqırımında iştirakını yüksək tribunlardan, şəstlə deyən erməni hakimiyyəti və cinayətkar dəstəkçiləri artıq qarşısındakının kim olduğunu gördülər. İllərdir deyirdik ki, Ermənistanı konstruktiv mövqeyə gətirmək üçün döyüş meydanında qələbələr qazanmalıyıq. Aprel toqquşmalarından sonra “kompromisə hazırıq” deyən Serjiklə əvvəlkinin müqayisəsini aparın…
İndi düşmən təkcə Lələ İlahi təpə, yaxud Talış istiqamətindən bizdən aşağıda deyil, həm də gözlənilən Qarabağ danışıqlarında da yüksəklikləri əldən verib. Uğur budur!
Son illər Qarabağla bağlı ölkəmizdəki mətbuat yazılarını xatırlayın. Düşmən hətta Dağlıq Qarabağın hüdudlarını aşaraq, 7 rayonu keçərək “burnumuzun ucu”na qədər gəlib çıxmışdı, Ağdamda arxeoloji qazıntı aparıb “Tiqranakert” axtarırdılar. Yazılanlar yadınızdadırmı:
“Ermənilər Qubadlının məşhur Xanlıq kəndinin süni məskunlaşdırılmasını davam etdirir”, “İşğalçılar Cəbrayıl rayonunun İranla sərhəd ərazilərində, Araz çayı sahilində yeni kənd salır”, “Şuşanın Cıdır düzündə moda nümayişi təşkil olundu”, “Ermənilər Ağdərənin Vəng kəndində Suvorov və Mədətyan adına hərbi məktəb inşa edir”, “Ermənistan Ağdərədə mis-molibden yatağını istismar etməyə başlayıb”, “İşğalçılar Kəlbəcər qızılını daşıyır”, “Erməni milyarder Qarabağda otel tikir”, “Ermənistandan Qarabağa ikinci yol çəkilir”, daha nələr…
Erməni axçiləri az qala Azərbaycan əsgərinin səngərlərinə qədər gəlir, yeyib-içir, Cəbrayıldan fotolar paylaşır, bizim də tüstümüz təpəmizdən çıxırdı. Bu ilin yanvarında “Çimişən axçilər və irişən həmsədrlər”i yazmışdım. Yayılan videorolikdən görünürdü ki, İsti suda çimən erməni qızları “dünyanı Kəlbəcərə gəlməyə” çağırır. Ordumuzun mərmi yağışından sonra çimə biləcəklərmi?
Düşmən o qədər qudurmuşdu ki, Zəngilanda “yüz minlik yeni şəhər” ideyasını ortaya atmışdı. Xaricdən iş adamlarını aldadıb Qarabağa yatırım qoymağa razı salırdılar, İsa bulağında otel tikdirirdilər… Hamıya dərs oldu aprel döyüşləri. Bundan sonra hansı başıxarab iş adamı işğal zonasında Azərbaycan raketlərinə hədəf olmaq üçün iş qurar?
Artıq Cəbrayılın, Füzulinin giriş qapısında əsgərlərimiz özləri fotolar paylaşır. Heç kim təminat vermir ki, günün birində bu fotolar 7 rayonun mərkəzində çəkilməyəcək.
Artıq düşmənin arxayınçılığına son qoyuldu…
Bir ara müzakirələr gedirdi ki, Qarabağa turist axınını necə dayandıra bilərik? Hərə bir söz deyirdi. Xarici İşlər Nazirliyi işğal ərazilərinə gedənlərin “qara siyahısını” tutmaqdan bezmişdi. Azərbaycan əsgəri turist axınına son qoydu…
İşğal zonasında yaşamağa məhkum edilmiş ermənilər artıq Şuşanın zirzəmilərində gizlənməyi də təhlükə sayır. Talış kəndinin daşının daş üstə qalmayan evləri onlara görk oldu. Bundan sonra Suriya ermənisini gətirib Qarabağda bağlasan da, qalmaz.
Ağdərədə hərbi məktəb açıb orada kəşfiyyatı öyrətmək üçün Amerika və Avropadan kadrlar cəlb edəcəyini deyən erməni general Ter-Tadevosyan aprel əməliyyatlarından sonra hərbi məktəbini necə unutdusa, “Azərbaycan kəşfiyyat döyüşündə qalib gəldi” dedi.
Aprel əməliyyatlarından sonra Qarabağdakı durumu elə erməni mətbuatı etiraf etdi. Üzü İrəvana və Xankəndinə yol alan qaçqınların fotoları hər şeyi deyirdi. Son aylaradək təmas xəttində də evlər tikib erməniləri orada yerləşdirənlər indi mülki sakinləri silah gücünə də geri qaytara bilmir. Qarabağ erməniləri də anladı ki, onlar ya Azərbaycan qanunlarına tabe olmalı, ya da bu yerlərdən cəhənnəm olub getməlidirlər.
Kəsəsi, dünənə qədər “ermənilər Qarabağda qanunsuz məskunlaşdırılır” xəbərlərinin yerini “ermənilər Qarabağı kütləvi tərk edir” xəbərləri tutub. Bu, böyük uğurdur. Qədrini bilək və davam etdirək! Arxayınlaşmaq olmaz, qarşıda xain düşmən var, hər an qisas almağa, daha da güclənməyə çalışacaq. Onun növbəti “keçilməz istehkam” qurmasına imkan verməməliyik…