zahid

Ermənilərin ağlaşma günü – 24 aprel saxta soyqırım iddiasının ildönümü yaxınlaşır. Amma bu dəfə xain qonşularımız burunlarının seliyini daha tez axıtmağa başlayıblar. O da səbəbsiz deyil: Azərbaycan ordusunun blits-zəfəri ilə işğalşının 22 illik “qalib sindromu”nun sındırılması budəfəki apreli erməni üçün ikiqat qara gətirib, onu ikiqat-üçqat qəhərə, yasa boğub.

Hətta 24 aprel mövzusu qismən arxa plana keçib. Çünki adətən bu ərəfədə ermənilərin qondarma iddia ilə bağlı vay-şivəni güclü olardı. İndi isə onlar Türkiyədən çox Azərbaycandan danışır, Azərbaycan əleyhinə təbliğat aparır, 4 günlük müharibədəki məğlubiyyətin əvəzini diplomatik-təbliğti uğurla – hansısa beynəlxalq təşkilatda bizə qarşı yeni sənəd-qərarların qəbulu ilə çıxmağa çalışırlar.

Hələ ki, bu səylər səmərəsizdir. O sırada Avropa Parlamentinin təzəcə yekunlaşan sessiyasında Qarabağ məsələsi gündəmə gətirilsə də, ermənilər və onların qurumdakı lobbistləri mövzunu əleyhimizə çevirə bilməyiblər. Yaxşı ki, Avropa Birliyi və onun əsas qurumu kimi Avroparlament Azərbaycanın Avropadan ötrü energetik, geosiyasi dəyərini yaxşı bilir.

Bu önəmin yanında əlbəttə ki, Avropanın sanksiya tətbiq elədiyi Rusiyanın forpostu olan bir marionet ölkənin – Ermənistanın cari maraqları qara qəpiyə belə dəyməz. Avropa olsa-olsa, erməniləri yenə ənənəvi “aldatma əmzik”lə – saxta soyqırıma məsələsi ilə ovundura bilər. Necə ki, bu dəfə də Türkiyə əleyhinə analoji qətnamə qəbul eləməklə qurum erməniləri bir növ başından edib.

Söz yox ki, Türkiyəyə erməni kartı ilə hücum Azərbaycana da hücum deməkdir. Hərçənd, Avropa Parlamenti yeni bir şey də icad eləməyib. 1987-ci ildəki mövqeyini 2015-ci ildə təzələdiyi kimi, 2016-da bir də təzələyib. Amma arxayınlıq üçün də əsas yoxdur. Əksinə.
Biz indi ermənilərin Azərbaycan qarşı növbəti təxribatına hazır olmalıyıq. Söhbət ondan gedir ki, onlar gələn həftə (aprelin 18-də) başlayacaq Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasına 2-5 aprel olaylarını çıxarıb, qabaqdangəlmişik etməyə, guya Azərbaycanın cəzalandırlmasına nail olmağa hazırlaşırlar.

Ümid edək ki, nümayəndə heyətimiz qardaş Türkiyə, dost-müttəfiq Gürcüstan və Ukrayna, digər Avropa ölkələrinin təmsilçiləri ilə birgə diplomatiya alanında düşmənin təxribatlarını cəbhədəki kimi onun öz əleyhinə çevirə biləcək. Bunu asanlaşdırmaq üçün pas da verə bilərik: düşmən əleyhinə təbliğatda belə bir faktdan da istifadə eləmək olar ki, 4 günlük müharibə zamanı Ermənistanın müdafiə nazirinin müavini, general Arkadi Ter-Tadevsoyan bölgədən keçən neft-qaz kəmərlərinin hədəfə alına biləcəyini söyləmişdi. Bu isə bilavasitə, Qərbə, Avropa Birliyinə, onun regiondakı həyati maraqlarına meydan oxumaq, eyni dərəcədə Rusiyanın əlinə işləməkdir.

Müxtəsəri, ermənilərin AŞPA-nın bundan əvvəlki qış sessiyasındakı uğurunu təkrarlamasına heç cür imkan vermək olmaz. Bunu ən əvvəl Azərbaycan əsgəri və şəhidləri hesabına qazanılmış qiyməli blits-zəfərin effektini saxlamaq zərurəti diktə edir.

Unutmayaq ki, Qarabağ uğrunda mübarizə artıq həm də siyasət meydanlarında, təbliğat müharibələri ilə aparılır. Təbliğat savaşını udmadan, əsl müharibə meydanındakı qələbənin də önəmi qalmır, sıfırlanır.

Müharibə indi başlayır. Hər mənada…