“Real” 1/4 finalın ilk oyununda 0:2 hesabıyla uduzduğu “Volfsburg”u cavab görüşündə Ronaldonun het-triki sayəsində mübarizədən kənarlaşdırıb.
Goal.az xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan oyun və nəticə barədə bunları deyib:
“Futbolçular və onların apardığı mübarizə məni fərəhləndirir. Xüsusi gecə idi və istədiyimizi aldıq. Kriştianu Ronaldo sübut etdi ki, dünyanın ən yaxşı futbolçusudur. Şübhəsiz, onun komanda yoldaşlarına ehtiyacı var. Ronaldo xüsusi oyunçudur. Çünki bir oyunda 3 qol vurmaq hər kəsin işi deyil. Oyuna intensiv hücumlarla başladıq. Dinamik və soyuqqanlı oynamağa çalışdıq. Futbolçulara səbrli olmağı tapşırmışdım. Belə rəqibə 3 qol vurmaq asan iş deyil. Azarkeşlərə təşəkkür edirəm. Bu, məşqçi kimi ən yaxşı günüm idi. Birinci oyundakı uğursuzluqdan sonra əla iş gördük. İndi istirahət edib həftəsonu keçiriləcək matça hazırlaşmaq lazımdır. Futbolun nə olduğunu bilirəm və fəaliyyətimdən razıyam. Məşçi olmaq çətindir. Amma mənim fantastik komandam var”.
Zidan oyun zamanı maraqlı vəziyyətlə üzləşib. Matçın 81-ci dəqiqəsində Kərim Benzema əlverişli qol imkanından istifadə edə bilməyib. Fransalı mütəxəsis epizoda yerindən sıçrayışla reaksiya göstərib və bu zaman şalvarı cırılıb. Həyəcanlı olan gənc məşqçi bunu hiss etməyib.