Deyəsən, informasiya müharibəsinə dair bizdə olduqca yanlış təsəvvürlər var. Ermənilərdə, ruslarda da həmçinin.
İnformasiya müharibəsi aparanlar, yaxud özlərini informasiya müharibəsi aparırmış kimi sayanlar dünyanın nə qədər dəyişdiyindən bixəbər şəkildə çırpınırlar.
Müasir dövrün od-alovlu müharibələri kimi, informasiya müharibəsinin də “silah-sursat”ları dəyişib artıq. Daha Göbbels təbliğatı işləmir. Səddam Hüseynin adı unudulmuş mətbuat xidmətinin rəhbərinin dillərə dastan olmuş bəlağəti də keçmişdə qalıb.
İndi ətrafa, ölkəyə, dünyaya yalan üfürməklə heç nə əldə etmək mümkün deyil. İndiki informasiya müharibələri doğru xəbərlərlə aparılmalıdır. Yalan dövləti etibardan salır, bəzən isə onu yayanları gülüş hədəfinə çevirir.
Aprelin 2-də baş vermiş qanlı döyüşlərdə verdiyimiz itkinin dəqiq sayının elan olunmaması doğru addım idi. Həqiqət insanları şoka sala, ictimai çaşqınlıq yarada bilərdi. Ancaq düşmənin itikilərini də bir elə şişirdib-eləmədən demək lazım idi.
Amma elə olmadı. Ermənistan tərəfi bizim ordunun itkilərini bir neçə dəfə şişirdib elan etdi, biz də düşmənin itikilərinin realda olduğundan qat-qat çox olduğunu açıqladıq. Nəticədə məlum oldu ki, hər iki tərəf həm öz itkilərinə, həm də qarşı tərəfin itkilərinə dair rəqəmləri təhrif edib.
Təbii ki, beynəlxalq media bu yalanlara inanmadı və yaydığı xəbərlərdə tərəflərin subyektivliyinə işarə vuraraq mötəbərliyi kölgə altında qoydu, həqiqətin üzə çıxacağı, daha dəqiq rəqəmlərin açıqlanacağı günü gözlədi.
Yaxud 3-4 günlük müharibənin ən qızğın çağında müxtəlif videolar, fotoşəkillər yayılırdı. Ermənistan tərəfi iddia edirdi ki, bu görüntülər Azərbaycan cəbhəsindəki durumu əks etdirir, bizimkilər də əksini söyləyirdilər.
Axırda ortaya çıxdı ki, həmin görüntülər Suriya və Ukrayna müharibəsində çəkilib.
Müasir dünyada başqalarını belə yalanlara inandırmaq çətindir, ancaq ən pisi odur ki, bu yalanları yayanlar məhz öz vətəndaşlarını aldadırlar. İşğal altında olan yaşayış məntəqələrimizin azad olunmasına dair qəsdən yayılan qanadlı şayiələr də o xanədən idi.
Həmin xəbərləri rəsmi olaraq hansısa dövlət qurumu yaymırdı, amma hiss olunurdu ki, bunu bilə-bilə təşkil edən bir mərkəz var.
Bəzən isə ictimaiyyətə yalan üzərində qurulmuş təbliğat xarakterli məlumatlar ötürülürdü. Məsələn, Cəbrayıl rayonunun 1994-cü ildə işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndini ermənilərdən yenidən təmizlənmiş kimi təqdim etmək yanlış idi. Axı Google və Youtube kimi beynəlxalq saytlar, portallar cəbraıllıların hələ bir il öncə həmin kənddə Novruz şənliyi keçirmələrini göstərən videokadrlarla, informasiyalarla doludur.
Düzdür, o kənd ermənilərin intensiv atəşi altında olub, amma bizdə olub, orada hərbi hissəmiz yerləşib və yaşayanlar da varmış.
Yaxud Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində qalan, ətrafındakı yüksəkliklərin düşmən tərəflərin əlində olması üzündən neytral zonaya çevrilən Talış kəndinin əlimizdə olmasına xalqı inandırmaq üçün lövhə düzəldiblər, üstünə “Ağdərə rayonu – Talış kəndi” yazıblar və onun hansısa yamacda dikinə tutublar ki, camaat kəndin bizim nəzarətimizdə olduğunu zənn etsin.
Nə ehtiyac var? Haranı azad etmişiksə, etmişik. Bunu xalqa beləcə də demək lazımdır. Sanki bəzi dairələr verdiyimiz itkilərin müqabilində əldə olunmuş hərbi uğurun zəif qalacağından, az görünəcəyindən çəkinir və bu üzdən ictimai rəyin manipulyasiyasına çalışır.
Buna da ehtiyac yoxdur. 28 ildir müharibə şəraitindəyik. Bu qədər güzəştlərə, danışıqlara baxmayaraq, barışıq baş tutmur, müharibəni sona yetirmək mümkün olmur. Deməli, itkilər bundan sonra da olacaq.
Nə edək, bizim qismətimizə də belə ölkə, bu cür qonşular düşüb. Millət olaraq sağ qalmaq üçün daima mübarizə aparmalıyıq – amma xalqı aldatmadan, həqiqətlərdən qorxmadan. Xalq ən acı həqiqətləri eşitməyə, iztirablara sinə gərməyə hazırdır.