Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Lisa Peskova Habertürk-ə müsahibə verib. Türkiyədə baş verən terror aktlarına beynəlxalq aləmin səssiz qalmağına etiraz edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Habertürk-ə müsahibəsində Rusiya rəsmisinin qızı Türkiyədə baş verən terror aktlarına beynəlxalq aləmin səssiz qaldığını deyib:
“Ankarada baş verən terror aktı Parisdəki hadisə qədər əks-səda doğurmadı. Sonra “bu iki terror arasındakı fərq nədir” deyə özümə sual verdim. Medianın fərqli yanaşması açıq-aydın hiss olunurdu. Sosial şəbəkədəki paylaşımıma görə yüzlərlə mesaj aldım. Mənə gələn təşəkkür və tərif mesajları üçün Türkiyə xalqına təşəkkür edirəm. Sözün düzü, paylaşımıma bu qədər yaxşı reaksiya gələcəyini düşünməmişdim”.
Liza hazırda gərgin olan türk-rus münasibətlərinə də münasibət bildirib:
“Yay tətillərini Türkiyədə keçirməyi sevirəm. Tarkanı çox sevirəm. Uşağikən onun kliplərində oynamağı arzu edirdim. Rusiya və Türkiyə arasında tarixdə də, bu gün də, hər zaman özünəməxsus xüsusi münasibətlər olub. İki ölkə bir ailə kimidir. Bir ailənin içində kiçik problemlər yaşayan ailə üzvləri kimi dava edirlər, amma bir-birlərinə aşiqdirlər”.