zahid

Bu, kövrək də olsa, artıq yeni situasiyadır. Azərbaycan döyüşçüsünün, şəhidlərimizin yaratdığı və xeyrimizə olan bir situasiya, yeni status-kvo. Şanlı ordumuzun bu ilk yaz hücumu düşmənin və onun havadarlarının 22 illik arxayınlığına son qoydu, canlarına vicvicə salındı, qəsbkarın özü haqda yaradığı məğlubedilməziik mifini darmadağın edərək, ona heç vaxt unutmayacağı gözdağı, dərs verdi.

İstər işğal altındakı Dağlıq Qarabağ olsun, istərsə də Ermənistanda yaşayan ermənilər və onların avantürist rəhbərləri, o sırada separatçı rejim artıq başa düşdülər ki, Azərbaycan dövləti ilə anlaşmadan, işğalçı qüvvələri qonşu ölkənin ərazisindən çəkmədən heç vaxt rahatlıq tapmayacaqlar, Azərbaycanın hərbi yumruğu daima onların üzərində olacaq – Domokl qılıncı kimi.

Bir daha qeyd edək: bəli, könül istərdi və şəhidlərimizin ruhu daha çox şad olardı ki, daha geniş ərazi, heç olmasa bir rayon düşməndən azad ediləydi. Ancaq nə etməli, hələlik buna da şükür eləmək lazım gəlir. Çünki bu müharibədir. Müharibə isə siyasətin top-tüfənglə davamı sayılır. Yəqin bizim bilmədiyimiz, zamana ehtiyacı olan məsələlər də var. Gözləyək.

Hər necə olsa da, atəşkəsdən dərhal sonra Dağlıq Qarabağ məsələsində ciddi bir hərəkətliliyin olması pozitiv və ümidvericidir; “5 rayon” söhbəti təzədən gündəmə qayıdıb, ölkəmizə Rusiya və Avropadan indiyədək görünməmiş sayda emissar axını başlayıb: Minsk Qrupu həmsədrləri Bakıdadır, dünən AŞPA məruzəçisi də gəlib, sabah isə Rusiyanın xarici işlər naziri, o biri gün Rusiyanın baş naziri Azərbaycana gələcək.

Bütün bunlar şəksiz ki, ölkəmizin region və dünya üçün, Avropa və Rusiya üçün önəmini göstərir. Demək, Qarabağ məsələsində Azərbaycanı daha çox sayır, mövqeyimizi daha çox ciddiyə alırlar. Bu önəmin artmasına görə də Azərbaycan hərbçisinə, şəhidlərimizə borcluyuq.

Bundan sonrakı diplomatlarımız və siyasilərin işidir ki, yeni status-kvodan Qarabağ məsələsi naminə, milli maraqlar naminə maksimum yararlansınlar. Əgər yenə danışıqlar vaxtı uzatmağa xidmət edəcəksə, həmsədrlər və işğalçı tərəf nala-mıxa vuracaqsa, ərazi bütövlüyümüzü alver predmetinə çevirməyə çalışacaqsa, o zaman “Ağa durur, ağacan durur”, Azərbaycan ordusunun yaz hücumunun növbəti və daha möhtəşəm, həlledici fazası gələcək. Baş məşq artıq edilib. Üstəlik, qarşıdan uğurlu hərbi kampaniya aparmaq üçün isti yaz-yay mövsüm gəlir.

Bir şeyi dəqiqliklə söyləmək olar və 4 günlük müharibə də təsdiqlədi ki, Azərbaycan xalqının işğalla barışmağa daha səbri qalmayıb, səbir kasası dolub. Ordumuzun ilk uğurlu yaz hücumu ilə qələbəni dadan, “məğlubiyyət sindromu”ndan bükülmüş belini dikəldən bu xalqın çətin ki, yenə Qarabağ nağıllarını eşitməyə hövsələsi çatsın.

Keşkə, Qarabağ konflikti ətrafındakı situasiyada bu qəbildən yeni prinsipial dəyişiklik və gəlişmələri işğalçı tərəf, vasitəçilər doğru-dürüst qiymətləndirəydilər. Hamı üçün, elə erməni xalqı üçün də yaranmış təzə fürsəti problemin həmişəlik və ədalətli həlli yönündə xərcləməyi bacaraydılar…

Əcnəbi analitiklərin də təsdiqlədiyi kimi, ordumuzun ilk yaz hücumu onu da nümayiş edirdi ki, kasıb və miskin, əhalisi azalmağa doğru gedən və iqtisadiyyatı rüşeym halında qalan Ermənistanın Azərbaycanla uzunmüddətli və geniş miqyaslı müharibə aparmağa nə yetərli insani, nə iqtisadi nə də hərbi-texniki resursu var. Sərkisyanın dərhal səfərbərlik elan eləməsi və “kompromislərə hazırıq” açıqlamasının əsas anlamı budur.

İşğalçının ərazilərimizdən, öncə 5, daha sonra isə 2 rayondan üzüsulu çıxması, özünün gənc əsgərlərini güdaza verib də erməni analarını gözüyaşlı qoymadan tərk eləməsi üçün indi yaxşı şans yaranıb. İstifadə edəcəklərmi? Axı, siyasət qeyri-mümkünü yox, mümkün olanı reallaşdırmaq sənətidir…

Загрузка...