Dünəndən bəri bir gözümüz də dünya mediasında Qarabağ müharibəsinə dair yazılar axtarır. Burada məqsəd o deyil ki, öz mediamız ictimaiyyətə operativ və doğru-dürüst xəbər vermir, ona görə başqa ölkələrin mətbuatından daha səhih xəbərlər almaq istəyirik.
Elə deyil. Məqsəd xəbər almaq deyil, mövqe öyrənməkdir.
Biz dünya mediasını bu günlərdə ona görə diqqətlə izləyirik ki, görək qızışmış savaşa münasibətdə kim kimin yanındadır, hansı ölkənin mediası konfliktə necə yanaşır, kim obyektiv xəbərlər verir, kim bu qovğada hansı tərəfin haqlı olduğunu düşünür.
Bu iki günün media icmalı göstərdi ki, Rusiya mətbuatı tam olaraq (xırda istisnalar həmişə olur – bu heç) ermənilərin tərəfindədir. Onların məsələyə yanaşması, konfliktin tarixinə dair yazdıqları yalnız ermənilərə sərf edən prizmadandır. Başqa sözlə, rus mediası Qarabağ münaqişəsinə dair xəbərləri “Ermənilərin haqq işi” xəyali rubrikası altında yayır.
Biz rusiyalı jurnalistlərin nə dərəcədə obyektiv olduqlarını 1988-89-90-91-ci illərdən bilirik. O zaman da bir neçə vicdanlı jurnalistdən başqa yerdə qalanların hamısı hər kəsə bəlli faktları baş-ayaq, təhrif olunmuş şəkildə öz qəzetlərində, teleməkanda yayırdılar. Məsələn, öz kəndini erməni quldurlarından qoruyan azərbaycanlılar “boyevik” (yaraqlı), daima kəndlərə soxulub mülki insanları qırmağa çalışan ermənilər isə “narodnıe opolçentsı” (xalq könüllüləri) adlandırılırdı. Olurdu ki, ermənilər bir kəndə cumub adam öldürür, mal-qara aparır, yanğın törədirdilər, ertəsi gün bu xəbər mərkəzi televiziyada belə təqdim olunurdu: “Azərbaycanlı yaraqlılar erməni kəndinə hücum ediblər”.
Söz yox, burada təkcə jurnalistlərin şəxsi simpatiya və antipatiyası rol oynamırdı, onlar yuxarıdan verilən tapşırığa əsasən hərəkət edir, ümumi tendensiyanın, konyukturanın nədən ibarət olduğunu bilirdilər. Ancaq bu jurnalistlərin içində sırf tut arağına, Sevan gölündən tutulmuş işxan (forel) balığının kababına və erməni diasporu tərəfindən ciblərə qoyulan içi pulla dolu zərflərə görə erməniləri haqlı sayanlar daha çox idi. Bir də onlar büruzə verməsələr də dini mənsubiyyət birgəliyinə görə ermənilərə isti, azərbaycanlılara yabançı kimi baxırdılar. Acı həqiqətlər, dəhşətli gerçəkliklər ortada qalmışdı, rusiyalı jurnalistlər onları heç vaxt görmürdü.
25-27 il öncə Moskvanın Qarabağ münaqişəsində tutduğu ədalətsiz mövqenin sonu, bilirsiniz, necə oldu. SSRİ süqut etdi, Moskvanın tifağı dağıldı. O boyda qırmızı imperiya ermənilərin Qarabağ sevdasının güdazına getdi. Ermənilərin “Miatsum” ideyası və Kremlin qərəzli mövqeyi SSRİ-ni neylon coraba döndərdi, bu corabın ilməsinin Qarabağda qaçması ilə nəhəng imperiya sökülə-sökülə getdi. Təsəvvür edin, Moskvanı şantaj etmək üçün SSRİ-dən ayrılmaq tələbini ilk dəfə ermənilər qaldırmışdı (bundan başqa, ermənilər “Zaman” xəbərlər proqramının yayımını kəsmişdilər, “Pravda” qəzetini tabutda basdırmışdılar və bununla da SSRİ rəhbərliyinin dişsizliyini hər kəsə göstərmişdilər), sonradan bütün müttəfiq respublikalar Moskvadan qopdu, axıra təkcə ermənilər qaldı. Ermənistan hələ də qeyri-rəsmi olaraq Rusiyanın federal obyektlərindən biri kimidir.
İndi biz yenə də rusiyalı jurnalistlərin qərəz dolu yazılarını, şərhlərini oxuyuruq və təəccüblənmirik. Bu stil bizə onların son illərdə Ukraynada baş verən hadisələri işıqlandırmalarından da bəllidir. Rusiyalı jurnalistlər eyni axırıncı yolu Suriya və Liviya münaqişələrində də tutublar – daima haqsız, zalım müstəbidlərin, hərbi aqressorların yanında olmaqla. Bu hərəkətləri ilə onlar bizi aldatmırlar, biz həqiqəti bilirik, rusiyalı jurnalistlər öz xalqını, öz oxucularını aldadır, onları çaşdırır, yanlış rəylər yaradırlar. Bu yanlış ictimai rəylərin isə heç nəyə real təsiri yoxdur. Çünki Rusiyada ictimai rəyin dövlət siyasətinə təsiri sıfırdır. Onsuz da ictimaiyyətin əsas fikrinin nə olmasından asılı olmayaraq, prezident Putin həmişə öz bildiyini yeridir.
Rusiya mediasının monitorinqi bizə pıçıldayır ki, RF prezidentinin Azərbaycan dövlətini idarə edənlərə orden-medal paylamasına baxmayın, Kreml 1988-ci ildə götürdüyü kursa sadiqdir. O kurs təxminən bundan ibarətdir: Ermənistanı ağuşa alıb bəsləmək, qorumaq, yeri gələndə qızışdırmaq, qısqırtmaq, Azərbaycanın biləyindən sağ əllə möhkəm yapışıb uzaqlaşmağa, sərbəst hərəkət etməyə qoymamaq, vaxtaşırı üstünə təpinmək, ağuşdakıyla dalaşanda qolunu tutub döydürmək və s.
Dostumuzu, düşmənimizi, eləcə də dostumuzun düşmənini, düşmənimizin dostunu, hətta dostumuzun dostunu və düşmənimizin düşmənini yaxşı tanıyaraq, istiqabalımızı bu bilgilər əsasında təmin etməliyik.
Hələlik vəziyyət belədr: Düşmənimiz Ermənistanın dostu Rusiya böyük dostumuz Türkiyənin düşmənidir və özünü bizə dost göstərir. Sizcə, mümkündürmü? (İstəyənlər fikirlərini yazının (elektron versiyada) altındakı şərh bölümünə yaza bilərlər).