Günün birində Qarabağda müharibənin alovlanacağını hamı gözləyirdi. Rusiya ekspertləri son yarım ildə az qala hər gün böyük savaşın başlayacağı barədə proqnozlar verirdilər. Bu, təkcə proqnoz deyildi, həm də informasiya, üstəlik, tərəflərə təhdid idi. Xüsusilə də gömrük boyunduruğuna qoşulmaqdan imtina edən Azərbaycana ünvanlanmışdı bu təhdid, Putinin “danışan dilləri” tərəfindən…
Moskva Azərbaycandan ümidini üzməmişdi, bir-birinin ardınca Rusiyadan emissarlar gəldi, “7 rayon nağılı” dövriyyəyə buraxıldı – guya ki, Kreml erməniləri ətraf rayonlardan çıxmağa vadar edəcək – burdakı “beşinci kolon”u hərəkətə keçirmək istədilər, “talış kartı”nı işə salmağa çalışdılar, hətta orden-medallarla Azərbaycan hakimiyyətini dilə tutmağa, ələ almağa çalışdılar, ancaq alınmadı.
Moskva günün birində ayıldı ki, Azərbaycan paytaxtı Cənub Qaz Dəhlizi kimi nəhəng layihənin, “21-ci əsrin kontraktı”nın gerçəkləşdirilməsi prosesində ev sahibi statusunda çıxış edir, Avropanın nəhəng korporasiyaları Bakıya toplaşıb, iri Qərb dövlətlərindən təbriklər gəlir. Bu halda Rusiyanın üzü dönməliydi. Bakı-Tiflis-Ceyhan layihəsinə münasibəti xatırlayın, işğal, çevriliş cəhdi, separatizmə dəstək…
Əslində atəşkəsin belə şiddətli şəkildə pozulması heç Ermənistana da sərf etmirdi, ağır dönəmini yaşayan işğalçı ölkə Rusiyadan kreditlə 200 milyonluq silah-sursat almışdı, onu niyə havaya sovursun ki? Məsələ burasındadır ki, Kreml savaşı alovlandırmaqla əslində Ermənistanı cəzalandırdı, düşmən sarsıldı, böyük itkilər verdi. Ermənilər özlər də dünəndən Rusiyanın günahkar olduğunu deyir. Əgər Qarabağda yaralılar üçün dərman belə yoxdursa, deməli, heç Ermənistan da bu vəziyyətə hazır deyilmiş. Bir əsr əvvəlki kimi yenə ilk atan “kazaklar” oldu – Gümrüdəki hərbi bazanın əsgərləri. Putin Sərkisyanın Qərblə hansısa formada təmasda olmasını istəmir, bir gün Rusiyanı satar, əldən çıxar – deyə.
Qərbdə də proseslərin nəzarətdən çıxacağını yaxşı bilirdilər. Elə son toqquşmalardan iki gün əvvəl ABŞ kəşfiyyatının “kölgəsi” adlandırılan “Stratfor” mərkəzi Qarabağ cəbhəsində ağır artilleriyanın iştirakı ilə qarşılıqlı toqquşmaların olacağı barədə məlumat yaymışdı. Proqnoz cəmi 48 saata çin çıxdı…
Şübhəsiz ki, amerikanlarda da kəşfiyyat məlumatları var idi. Cəmi bir həftə əvvəl təmas xəttinə yaxın bölgələrdə yaşayan erməni mülki əhalinin Şuşaya köçürüldüyü barədə xəbərlər yayılmışdı. Separatçı rejim faktiki Rusiyadan təlimatlar alır. Demək, mülki əhalinin köçürülməsinin səbəbi böyük əməliyyat hazırlığı imiş…
Düşmənə dərs verdik. Könül istərdi ki, Azərbaycan ordusu bayrağımızı Xankəndinə sancana qədər irəliləsin. Ancaq atəşkəsin birtərəfli qaydada dayandırılması barədə əmr verilib. Hər halda Azərbaycan revanşdadır, ordumuz sübut etdi ki, düşməni darmadağın etməyə qadirdir, bir neçə saatda azad olunan mövqelər də bunu sübut etdi. Düşmənin “keçilməz” saydığı təmas xətti yarıldı.
Bəlkə şimal qonşumuz belə nəticəni gözləmirdi. Azərbaycanın qəhrəman ordusu cəmi bir neçə saata mühüm yüksəklikləri ələ keçirdi. Bu mənada ssenarini kimin yazmasından asılı olmayaraq, bir günlük Qarabağ müharibəsinin çox böyük nəticələri var. Dünya anladı ki, Qarabağ münaqişəsi donmuş deyil, hər zaman alovlana bilər. Beynəlxalq təşkilatlar və böyük dövlətlər Azərbaycanla zarafat etməyin yanlış olduğunu başa düşdülər.
2 aprel savaşından, şəhidlər bahasına əldə etdiyimiz uğurlardan sonra bir daha əmin olduq ki, Qarabağı yalnız döyüşüb qaytara bilərik. O torpaqları bizə nə dünya birliyi qaytaracaq, nə də bu gün itirdiyi yüksəkliklər uğrunda həyasızcasına səfərbər olunan ermənilər. Həmsədrlər isə “üzü qara gəlin” statusunu qazandıqları üçün Bakıya gəlməyə də üz qoymayıblar.
Ölkəmizdə döyüş ruhunun ölmədiyi, müharibə xofunun olmadığı, xalqımızın hər zaman Qarabağ uğrunda savaşa hazır olduğunu özümüz də gördük, dünya da. Minlərlə adam könüllü cəbhəyə getmək üçün müraciət etdi, sevindi, qürurlandı.
Bu bir gündə dostlarımızı da bir daha tanıdıq: Türkiyə, Pakistan “Azərbaycanın yanındayıq” dedi, düşmənlərimizi də gördük… Hələ Arazın o tayından Qarabağda döyüşmək istəyənlər də sərhədə toplaşdı.
Düşmən və onun havadarları bizə özümüzü tanımaq, gücümüzü bilmək üçün fürsət verdi həm də. İqtidarlı-müxalifətli hamı “Qarabağ” dedi. Bu yol İnşallah, bizi qələbələrə aparacaq.