Bu, illərlə gözlənilən, arzulanan gün idi, yüz minlərlə vətəndaş Qarabağ məğlubiyyətini həzm edə bilmir, revanş tələb edirdi. Ona görə də Qarabağdan gələn müharibə sədasını gözlənilməz bir şey kimi qəbul etmək olmaz.
Hamımız bilirik, müharibə qan-qadadır, faciədir, göz yaşıdır, əbədi ayrılıqlardır, yarıda kəsilən ömürlərdir, gənclərin nakam getməsidir, anaları sinəsi dağlı qalmasıdır, ataların qəddinin bükülməsidir, nişanlı qızların qız qarımasıdır… Böyük fəlakətdir müharibə.
Fəqət bu yolu biz seçməmişik. Biz bu müharibəyə zorla cəlb edilmişik. Heç bir xalq ondan sığortalanmayıb, biz də istisna olmadıq. Hər bir dövlət özünü qorumaq üçün müharibə etməyə məcburdur, məhkumdur. Biz də məcburuq.
Özünə qalsa, Azərbaycan heç vaxt müharibə etməzdi. Bu ölkənin xalqı tarixən heç kəsin mal-mülkünə, torpağına gözü dikməyib. Ancaq bu torpaqlardan çox aqressorlar keçib gedib – Çingiz xan züryətləri, ərəb istilaçıları, Teymurləng və şahzadələri, Paskeviç, Nadir şah və oğulları, Qacarlar, 11-ci qrımızı ordu və başqaları.
Qarabağ müharibəsi bizim zorla cəlb edildiyimiz müharibədir. Rus siyasi elitasına güvənərək Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün hərəkətə keçən erməni separatçıları sonradan rus hərbi maşınının dəstəyi ilə aran Qarabağın böyük bir hissəsini işğal altına aldı və 23 ildir onun əlində, ayağı altında saxlamaqda davam edir.
Biz, Azərbaycan xalqı olaraq 23 ildir bu gerçəkliklə barışa bilmirik. Ölkədə hər gün Qarabağ, müharibə söhbət gedirdi. O məğlubiyyət bizdə natamamlıq kompleksi yaradıb.
Son 22 ildə atəşkəs rejiminin pozulmadığı gün olmayıb, hətta dəqiq statistikası belə yoxdur, bəlkə də toplam 150-200 min dəfədən də çox pozulub. Bu illərdə yüzlərlə gənc əsgərimiz səngərdə şəhid olub. Fəal hərbi əməliyyatlar getməsə də, snayper müharibəsi bir gün də səngiməyib, mövqe döyüşləri ara verməyib.
Biz bu müharibə təslim olsaydıq, Qarabağı verib canımızı qurtarmaq yolu seçsəydik, müharibə çoxdan, 15 il öncədən bitmiş olardı.
“Bitmiş olardı” demək asandır, bitəcəkdimi? Əsla bitməyəcəkdi. Söz yox, qarabağda bitəcəkdi, amma Qarabağı özününkü edən ermənilər ardınca Gürcüstana bağlı Cavaxetiyanı ələ keçirib, daha sonra Naxçıvana hücum edəcəkdilər.
Bu dövlət öz bədnam öncüllərinin utopik “Dənizdən dənizə dövlət” ideyasını həyata keçirənə qədər sakitləşən deyil. Bu sərsəm plan yolunda erməni ideoloqlar istənilən qədər qurban verməyə hazırdırlar. Nə veclərinə? Qırılan kasıb-kusubun balasıdır.
Təmas xəttində baş verən son hərbi eskalasiyada hücumçu tərəfin Azərbaycan olduğu iddia edilir və bütün dünyada belə də qələmə veriləcək. İşə baxın, öz torpağını müdafiə edən, Horadiz yaxınlığındakı Lələtəpə yüksəkliyini azad edən Azərbaycan aqressor adlandırılır. Sanki oralar hamısı erməninin imiş. Sanki ermənilər 23 il öncə o torpaqları alarkən məsələ bitibmiş, ərazilər erməninin olubmuş, indi onu geri almaq istəmək müharibə təşəbbüskarı olmaqmış.
ATƏT-in Minsk Qrupunun indiyədək gəlmiş-keçmiş bütün həmsədrləri, eləcə də Qarabağ münaqişəsi ilə maraqlanan bütün siyasilər və diplomatlar həmişə belə bir söz təkrar edirlər: “Konflikt danışıqlar yolu ilə tənzimlənməlidir”.
Dünən statistika açıqlamışdılar ki, son 22 ildə Azərbaycan və Ermənistan prezidentləri 42 dəfə görüşüblər, konflikti müzakirə ediblər. Fəqət heç bir nəticə yoxdur.
Ona görə ki, ermənilər həmişə maksimalistlik edirlər, “torpağı qanla tutmuşuq, elə-belə verə bilmərik, xalq başa düşməz” mövqeyindən 1 santimetr geri çəkilmirlər. Onlara elə gəlir ki, tutduqları torpaqların hamısı onlara qalmalıdır və Azərbaycan bununla barışıb, düşmənçiliyi unutmalı, ermənilərlə dost olub, ticarət etməlidir.
Ancaq iki ildən sonra 30 il olacaq ki, Azərbaycan bu davadan geri durmur, torpaq davasından vaz keçmir. Ölkənin əksər siyasi qüvvələri bu xüsusda yekdildir. Heç kəs Qarabağ torpaqlarını erməniyə peşkəş etmək fikrində deyil.
Bəs bu cür davam edərsə, nə olacaq? Təəssüf ki, itkilər olacaq, faciələr yaşanacaq, ancaq bu elə bir xüsusi haldır ki, Azərbaycanın başqa yolu yoxdur, özünü, gələcəyini müdafiə etməlidir.
Bu, bir müharibə təşviqatı, qisas çağırışı deyil, acı gerçəkliyin qələmə alınmasıdır. Biz savaşmağa məhkumuq. Elə bir düşmənlə üz-üzəyik ki, bir an belə yatmır, öz məkrli niyyətindən, təxribatlardan əl çəkmir, bu coğrafiyada hegemon olmaq üçün iblisin belə xəyal edə bilməyəcəyi hiylələr düşünür.
Məşhur bir erməni lətifəsində deyildiyi kimi, başqa variant çika (yoxdur): ya onlarla döyüşəcəyik, ya da təslim olacağıq. Yəqin ki, birinciyə cürəti, qeyrəti çatmayanlar heç vaxt ikinciyə də razı olmazlar. Çünki düşmənimiz qan düşmənidir, gen düşmənidir.