Bir də görürəm, iş yoldaşlarım Youtube saytında bir videoya baxıb gülürlər. Videodan da eyzən “aaaaaaa” və qovğa edən adamların səsi gəlir.
Yaxınlaşıb baxıram ki, bay, hadisələr Vaşinqtonda cərəyan edir, “aaaaaaa” deyə qışqıranlar Türkiyə prezidenti Ərdoğanın mühafizəçiləridir və onlar bu minvalla etiraz aksiyası keçirərək, “Ərdoğan, terrorist” deyə qışqıranların səsini batırmaq istəyirlər. Məqsəd də budur ki, Ərdoğan ona “terrorist” deyənlərin səsini, sözünü eşidib “nervilənməsin”.
Allah tərəfi, mühafizəçilər öz işlərinin öhdəsindən yaxşı gəlirdi, həm hoteldən çıxmaq üzrə olan prezidentə yaxın getmək istəyənlərin qarşısını yaxşı kəsmişdilər, həm də qeyri-mütəşəkkil qaydada bağıran aksiyaçıların səsini öz “aaaaa”ları ilə batıra bilirdilər. Cangüdənlərin içində biri vardı, onun səsi daha gur çıxırdı. Adam gedib opera sənətçisi olacağı yerdə gəlib mühafizəçi olub.
Bizim uşaqlar isə videoya baxıb gülürdülər. Aksiya iştirakçılarının səsini unikal bir şəkildə batırmaq istəyənlərin hərəkəti onlara gülməli gəlirdi.
Əslində olmayaydı Amerika, olaydı Türkiyə, onda bu “aaaaaaa”lara ehtiyac olmazdı. Düzdür, həmin səs (“aaaaaa”) yenə gələrdi, amma onu dəyənəklə eşşək kimi döyülən, bibər qazıyla boğulan aksiya iştirakçıları çıxarardılar.
Nə etmək olar ki, həmin vaxt Ərdoğan qərib ölkədəydi və o ölkənin qanunlarına görə, nəyəsə etiraz bildirən adamlar hər ləhzədə sillə-təpiyin altına salmaq, danaboyun edib aparmaq, it sürütməsi eləyib hadisə yerindən uzaqlaşdırmaq, dartıb əyinlərindən şalvarlarını çıxarmaq, burunlarına bibər qazı sıxmaq, təzyiqli suyla çimdirmək, təpələrinə rezin güllə vurmaq mümkün deyil.
Hərçənd ABŞ polisi, elə də siz deyən, ağıllı-kamallı, təmkinli-hövsələli sayılmır, ildə nə qədər adamı (təxminən 1000-ə yaxın) əlini cibindən çıxardığı, yaxud da əlini cibinə apardığı yerdə güllələyirlər, sonra aydın olur ki, yazıq qurban əlini cibinə elə-belə aparırmış, silahı-filan yox imiş. Ancaq onlar bunu şübhəli şəxslərə qarşı edirlər, aksiya keçirənlərə dəymirlər. İntəhası, onlar da gərək polisə baxa-baxa əllərini ciblərinə aparmayalar.
Təəssüf ki, Ərdoğanın mühafizəçiləri ilə boğuşan aksiyaçıların kimliyi videokadrlardan bilinmirdi. Ritorikalarına, şüarlarına nəzər yetirsən, deyərdin ki, PKK tərəfdarlarıdır. Amma bığsız, saqqalsız suratlarına baxınca, yəhudilərə daha çox oxşayırdılar. Polisə dirəşmələrinə, pis-pis, qəzəbli-qəzəbli söyüş söymələrinə qalsa, deyərdin ki, tipik ermənilərdir.
Bir ölkənin prezidentinə, baş nazirinə qarşı xaricdə bu cür etiraz aksiyası keçirmək cəhdi yeni şey deyil. Çoxlu presedentləri var. O vədə, 3 il əvvəl ukraynalı femen qızlar da Almaniyada səfərdə olan Rusiya prezidenti Putinin qabağında üst-başlarını açmışdılar, türkün sözü, gümbür-gümbür aksiya keçiriblər, biabırçılıq olub. Putin və əshabələri qurşağa qədər çılpaq olan, bellərində Putinə ünvanlanmış söyüş yazılan, dillərində prezidentə qarşı latayır səsləndirən qızlara fikir verməsələr də, mühafizəçilər aksiya keçirənlərə müdaxilə ediblər. Ancaq “aaaaa” deyə qışqıraraq çığırışan qızların səsini batırmaq rus cangüdənlərin ağlına gəlməyib və Putin həmin o ağır sözləri eşitməli olub.
Kremlin sözçüsü Dimitri Peskov isə bu hadisəni təəssüflə qarşılayaraq belə demişdi: “Təəssüf ki, belə hadisələr dünyanın hər yerində olur. Artıq kiminsə onları cəzalandırması lazımdır”.
Amma necə edəsən? Başqa ölkədə bir başqa ölkənin vətəndaşını necə tutdurasan. Həm də nəyə görə? Şüar qışqırdığına görə.
Amerikada, Avropada belə şeylərə görə adam tutmurlar. Ümumiyyətlə, çox şeyə görə tutmurlar. Sonra da xətası çıxır. Tutulmayanlar gedib metronu-filanı partladırlar.